Son nəfəsinədək vuruşdu

Son nəfəsinədək vuruşdu

            Qarabağın hər qarış torpağına, daşına, kəsəyinə, meşələrinə, düzənlərinə, gur axan çaylarına şəhid qanı tökülüb, qovuşub. Neçə-neçə evin işığı Qarabağ uğrunda gedən müharibələrdə sönüb. Buna görə də bu torpağı ürəkdən sevmək və onu qorumaq bizim mənəvi borcumuzdur. Qarabağ üçün canını qurban verən, şəhid olan oğullarımızın ruhu qarşısında günahkar olmayaq deyə…

            Şahsevən Təzəkənd inzibati ərazi vahidi Ağcabədi rayonunda , rayon mərkəzindən  20 kilometr məsafədə, Qarabağ düzündə yerləşir.

            Şahsevən Təzəkənd oykonimi Şahsevən və Təzəkəndkomponentlərindən ibarət olub, “yeni salınmış Şahsevən kəndi” mənasındadır.

            Şahsevən Təzəkənd əhalisinin sayına görə, kiçik kənd olsa da, öz igid, mərd oğulları həmişə onun adını uca tutmuşlar. Belə oğullardan biri də Vətən müharibəsində şəhid olan Əsədov Əli Bayram oğludur. Əli Əsədov 27 may 2000-ci il tarixdə anadan olub. 2007-ci ildə kənddəki orta məktəbin birinci sinfinə daxil olan Əli, bu məktəbi 2017-ci ildə uğurla başa vurub. Elə məktəbi qurtardığı 2017-ci ilin iyul ayında hərbi xidmətə yollanır. 2018-ci ilin axırlarında ordu sıralarında hərbi xidməti başa vurub, doğma kəndlərinə qayıdır. O, 2 ilə yaxın şəxsi təsərrüfatla məşğul olur. 2020-ci ilin  sentyabrının əvvəllərindən könüllü olaraq orduda müddətdən artıq hərbi qulluqçu kimi xidmət etməyə başlayır. Vətən müharibəsinin ilk günündən ön cəbhənin döyüşçüləri sırasında vuruşur. Əli oktyabr ayının 11-də qəhrəmancasına həlak olub…

            Şahsevən Təzəkənd bələdiyyəsinin sədri Rizvan müəllim söhbət zamanı Əli haqqında belə danışdı:

            – Əli mənim əmim nəvəsidir. Qohum olduğumuz üçün demirəm. Çox vətənpərvər, torpaqsevər gənc idi. Məqsədi torpaqlarımız yolunda vuruşmaq idi. İstəyinə nail oldu. Əlinin qanı tökülən torpaqlarımız düşmən tapdağından azad oldu. Allah Əliyə və bütün şəhid balalarımıza rəhmət eləsin. Onlar həyatlarını bizim yolumuzda fəda etilər.

            Əlinin döyüş yoldaşları tez-tez onun ailəsini ziyarət edir, dərdlərinə şərik olurlar. Döyüş yoldaşları onun haqqında ağızdolusu danışırlar:

            – Əli həqiqətən ölümdən qorxmaz bir igid idi. O, neçə yaralımızı odun, alovun içərisindən çıxarıb, xilas etdi. Özü ağır yaralansa da, bizim yalvarışlarımıza məhəl qoymadı. Geri çəkilib, yarasını sarıtdırmadı. Yaralı ola-ola irəli, döyüşün qızğın getdiyi yerə atıldı. Son nəfəsinədək vuruşdu. Əli əlində silah vuruşa-vuruşa dünyasını dəyişdi. O, əsl qəhrəmanlıq nümunəsi idi. Biz onu heç zaman unutmayacaq, ölməz xatirəsini əziz tutacağıq. Allah Əliyə, şəhid qardaşımıza rəhmət eləsin.

            Cəmi 21 yaşı olan Vətən fədaisi Əsədov Əli Bayram oğlu ömrünün bulaq kimi çağlayan dövründə şəhidlik zirvəsini fəth etdi. 11 oktyabr 2020-ci il tarixdə xalqımızın mərd oğlu, halal çörəklə böyüyən Əli dünyaya göz açdığı doğma kəndlərinin qəbristanlığıda torpağa tapşırıldı. Əbədiyyətə qovuşdu.

            … Bir anda şəhidin qara torpaqla örtülmüş qəbri qırmızı qərənfillərlə bəzədildi, onu son mənzilə yola salanların göz yaşları bu güllərin üzərində səpələndi…

Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər