6 siyasi partiya Yeni Azərbaycan Partiyasına qoşuldu

           Bu günlərdə Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulması haqqında qərar qəbul edildi. Belə ki, Azərbaycan Xalq Demokratik Partiyası,Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyası bu qərarı qəbul edənlər sırasındadır. Bu qərarın qəbul edilməsi sözün əsl mənasında YAP-ın xalq partiyası olduğunu sübut edir.

            Artıq xeyli vaxtdır ki, Azərbaycanda milli maraqların üstünlük təşkil etdiyi dövr yaşanır. Ölkədə aparılan sağlam siyasət nəticəsində, ümumdövlət məsələlərində vahid mövqe yaranmış, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti, eləcə də Vətən müharibəsində qazanılmış Şanlı Qələbə milli birlik yaratmışdır. Ölkə Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas amilini təşkil edərək siyasi münasibətdə öz əksini tapır. 6 siyasi partiyanın YAP-a qoşulması Azərbaycanda dövlət və milli maraqlar naminə siyasi qüvvələrin birləşməsinin parlaq nümunəsidir. Bu da ölkədə siyasi partiyaların ləğv olunmadan sayının azalması, siyasi proseslərə təsir etmək gücündə olan partiyalar üçün daha mükəmməl şəraitin yaradılmasına xidmət edəcəkdir.

            6 siyasi partiyanın iqtidar partiyasına qoşulması ideoloji prioritetlərin vəhdətindən xəbər verir. 44 günlük Vətən müharibəsində qazanılan Qələbə, habelə Azərbaycan -Türkiyə münasibətlərinin yüksək səviyyədə qurulması bir çox partiyaların siyasi proqramlarında göstərilmiş əsas məqsədə çatmalarına səbəb olmuşdur. Məhdud resurslara malik olan partiyaların kifayət qədər qüvvətli siyasi partiyaya qoşulması ölkədə yeni siyasi mənzərənin yaranmasına səbəb olmaqla bərabər, həmin partiyanın üzvləri üçün yeni imkanlar açacaqdır. Bununla da partiya üzvlərinin siyasi maraqlarının təminatı prosesi daha effektiv təşkil olunacaqdır.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com