Daha bir şəhid ailəsinin ünvanındayıq. Daha bir qısa, amma şərəfli ömür
yolu… Daha bir ata üzü görməyəcək körpə…
Əliyev Azər Dilafət oğlu 01 noyabr 1997-ci ildə Ağcabədi rayonunun Yuxarı
Qiyaməddinli kəndində anadan olub. Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu
idi. Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Xocavənd rayonları istiqamətində
gedən döyüşlərdə iştirak edib. Xocavənd istiqamətində aparılan hərbi əməliyyat
zamanı başından ağır yaralanan Azər bir müddət xəstəxanada müalicə alsa da,
həyatını xilas etmək mümkün olmayıb və 28 yanvar 2021-ci ildə şəhidlik zirvəsinə
ucalıb.
Bir qızı var. Həyat yoldaşı növbəti dəfə ana olmağa hazırlaşır. Əslində bu
günkü gəlişimizin məqsədi də şəhid xanımının əhvalı, səhhəti ilə maraqlanmaq,
ailənin rayon rəhbərliyinin diqqət mərkəzində saxlandığını bildirmək, problemlərinin,
qayğılarının nə olduğunu öyrənmək idi.
Neçə illər idi ki, erməni təxribatı ilə üz-üzə qalan Yuxarı Qiyaməddinli kəndinə
ilk dəfədir gəlirəm. Digər kəndlərimizə bənzəmir bura. Nədənsə kədərli təsir
bağışlayır mənə. Şəhidin atasının dəvəti ilə evə daxil oluruq. Səliqəli və sükut dolu
bir evə. Bir xanım qarşılayır bizi. Elə evin özü kimi sakit, dinməz, səliqəli, üzünə
təbəssüm qonmuş bir xanım. Kimliyini bilmirəm. Hər halda şəhidin anası deyil deyə
düşünürəm. Amma yoldaşlarım onu öpərək “ruhu şad olsun” deyəndən sonra mən
də qucaqlayıb öpürəm, eyni sözləri pıçıldayıram. Qadın təmkinini pozmur, dinməzcə
bizi bir otağa yönəldir. Onun bu sakitliyi və təmkini yenə də içimdə şübhə oyadır.
Bəlkə anası deyil, xalası, bibisi, yaxud qonşusudur deyə suallar içində qalıram… Bir
azdan dəvətimizlə şəhidin xanımı da bizimlə bir yerdə idi. Ata, ana, əmi bizimlə
gedən həkim və digər şəxslər… Azərin şəkil albomları vərəqləndi, xatirələri söyləndi.
44 günlük müharibədən, xalqın əl-ələ verməsindən, qazilərimizin, döyüşçülərimizin
bizlərə söyləmiş olduğu hadisələrdən danışdıq kövrəldik, qələbəmizdən söz açıb
qürurlandıq, kənddəki çətinlikləri soruşduq, ailənin ehtiyacları ilə maraqlandıq.
Söhbətlər müxtəlif oldu. Mövzulara münasibətlər, jestlər, mimikalar da dəyişirdi,
söhbət dəyişdikcə. Amma diqqətim o qadında – Azərin anasında idi. Bütün
mövzulara eyni reaksiya verirdi. Dinməz, sakit, təmkinli və üzündə azacıq təbəssüm.
Oğlundan danışanda da eyni üz ifadəsi var idi. Hərdən qucağındakı 2 yaşlı Nəzrini –
şəhidimizin övladını sinəsinə daha bərk sıxır və susurdu. Nə kövrəlir, nə ağlayır, nə
həyəcanlanırdı. Getdikcə ətrafdakı söhbəti, insanları unudub gözaltı qadını
izləyirdim. Axı onun balasından, əbədi ayrıldığı ciyərparasından danışırlar. Qonaqlar
belə kövrəlir, ağlayır, bəs o necə laqeyd dayana bilir? Hələ bir ay deyil onu dəfn
etdikləri. Müharibə bitəndən xeyli sonra dəyişmişdi dünyasını. Ananın yarası hələ
qaysaqlamamışdı. Nə qədər möhkəm insan olsa da, bu söhbətlərin qarşılığında heç
olmasa üzündəki təbəssüm dəyişməli idi axı…
Nəhayət ayağa qalxırıq. Bəylər bizdən əvvəl tərk edirlər otağı. İcra
Hakimiyyətinin nümayəndəsi yenidən anaya üz tutur. Bəlkə kişilər burada olanda
çəkindiniz, nə isə demək istəmədiniz. Nə istəyiniz, tələbatınız var çəkinməyin, xahiş
edirəm…

Qadın bayaqdan qoruyub saxladığı təbəssümü itirdiyi üçün utanır sanki. Yox,
daha onu saxlamaq, kiritmək mümkün deyildi. Daha dözümlü qadın, səbrli insan
olmaq, məğrur görünmək çətin idi. İçində boğub saxlamağa çalışdığı hıçqırtı səsləri
getdikcə artırdı. O, təkcə Azər üçün ağlamırdı. Hə… hə… Onun səbrinin bu qədər
böyük olmasının səbəbi də mənə aydın olur. Bütün şəhidlərin ağrısını sinəsinə
sığdırmışdı. Və indi Azərin anası kimi yox, bütün şəhidlərin anası kimi hönkürürdü.
Xəcalətimdən gözlərimi yumub dayandım. Gicgahlarımda guppultu hiss edirdim.
Gözümü açmağa, ananın üzünə baxmağa utanırdım…
Yağış dayanmadan maşının pəncərəsini döyəcləyir, hamı susub bomboz
görünən çölü, qışın soyuğunda qamətini əymədən şax duran yarpaqsız ağacları,
pəncərələrə çırpılan damcıları izləyirdi. Uzaqlardan bir qadın səsi gəlirdi qulaqlarıma.
Uşaq vaxtı hansısa qəzet parçasından tapıb əzbərlədiyim, tam mənasını isə məhz
bu gün görüb anladığım bir ağını söyləyirdi o səs:
Analar anar ağlar,
Dərdini danar ağlar
Dönər göy göyərçinə,
Yollara qonar ağlar…
Məhsəti MUSA