Şəhid qanı tökülən torpaqdan Vətən qoxusu gəlir. Elə bir Vətən ki,
oğullar ondan ötrü canlarını fəda edir, gözlərini qırpmadan ölümün
üstünə gedirlər. Belə oğulları ölüm də öldürə bilmir. Onlar ölmür,
əbədiyyətə qovuşurlar. Vətəni, Vətən torpağını əbədiyaşar edirlər.
Həyatda adi gözlə baxanda qəribə adı verdiyimiz çox hadisələr baş
verir. Ancaq beyni yükləyib, bir az düşünəndə görürsən ki, bu hadisələrin
dərin və məntiqi mənası var. Və onlar heç də qəribə deyillər. Sadəcə,
bizim belə mövcudluğa münasibətimiz qəribədir. Yəni biz baş verənləri
heç də olduğu kimi ya anlamır, ya da onun daşıdığı, kəsb etdiyi həqiqi
mənanı sona qədər qavramaq qabiliyyətində olmuruq.
… Əslən Xocavənd rayonunun Əmirallar kəndindən olan Elmin
Əvəz oğlu Mirzəyev 1995-ci il fevralın 20-də Ağcabədinin Avşar
kəndində dünyaya göz açıb. Valideynləri Avşarda, qohumlarının yanında
qaçqınlıq həyatı sürən zaman Elmin doğma Əmirallardan xeyli uzaqda
məcburi köçkün kimi anadan olub. Bəli, məhz doğma Vətəndə qaçqın
olaraq həyata qədəm qoyub. Avşarda məktəbə gedən Elmin sonra
valideynləri ilə birlikdə Beyləqanda məskunlaşan Xocavənd qəsəbəsinə
köçüb. Məktəbi də burada bitirib. 2012-cü ilin aprelindən 2015-ci ilin
oktyabrına kimi Bakıda N saylı hərbi hissədə qulluq edir. 2015-ci ilin
ortalarından orduda MAXE kimi çalışır. 2015-ci ilin ortalarından orduda
MAXE kimi fəaliyyət göstərir. 2020-ci il sentyabrın 27-də başlanan Vətən
müharibəsinə bir hərbçi kimi ilk gündən qoşulan tuşlayıcı Elmin oktyabr
ayının 2-sində Füzulidə gedən döyüşlər zamanı döş qəfəsindən və qarın
boşluğundan ağır qəlpə yarası alır və qəhrəmancasına həlak olur.
Beyləqanda, Xocavənd qəsəbəsində torpağa tapşırılan Elminin həyat
yoldaşı Elnarə Mirzəyeva, 6 yaşlı Alina və 3 yaşlı Səma adlı qızları
yadigar qalır. Həyat yoldaşı Elnarə Xanlar qızı Elmin haqqında yana-
yana və göz yaşları içində danışır: “Elminlə əvvəlcə uzaq qohum idik. O,
bizim kənddə doğulub, məktəbin aşağı siniflərini də Avşarda oxuyub.
Sonralar Beyləqanın Xocavənd qəsəbəsinə köçsələr də, biz uşaqlıq
xatirələrini unutmur, ara-sıra görüşəndə də o illərə yenidən qayıdırdıq.
2015-ci ilin may ayının 1-də ailə həyatı qurmağımız aramızda olan isti
münasibəti daha da yaxın, doğma etdi. Onunla ailə həyatı qurandan
sonra sanki yenidən doğuldum. Mən artıq həyata başqa gözlə baxmağa
başladım. Elmin ürəyimdə o qədər böyük yer tutmuşdu ki, mən indi
onun barəsində keçmiş zamanda danışa bilmirəm. Dünya, həyat
Elminsiz təsəvvürümə belə sığmır. Onun yoxluğunu heç cür qəbul edə
bilmirəm. O, məndən ötrü günəş, ay işığıydı. Ömrümə yeni rəng verib,
həyat yolumu həmişə işıqlandırırdı. O qədər xeyirxah, sadə, təvazökar,
istiqanlı, insanpərvər, rəhmdil insan idi ki, onu sevməmək mümkün
deyildi. Çox ailəcanlı idi. Qızlarını dünyalar qədər sevirdi. Mən bir az
bikefləyib, kefsiz olanda, bir bəhanə ilə, xoş və səmimi sözləri,
hərəkətləri ilə qılığıma girir, könlümü alırdı. Elmin hər cür xoş, tərifli sözə
layiq insan idi. Tanrı sanki onu mənəvi gözəllikdən yaratmışdı. Mən
insanın ürəyinin yumruğu boyda olmasına qətiyyən inanmıram. Elminin
ürəyi dünyamız boyda idi. Ora dünya sığırdı. Elmin o qədər xoşniyyətli,
gülərüz idi ki, indi çöhrəsini gözlərim önünə gətirəndə lap dəli oluram.
İlahi, onun nə qədər arzu və niyyəti vardı. Nə onun, nə də mənim
görmədiyim Qarabağla bağlı minbir arzumuz vardı. Torpaqlarımız azad
olduqdan sonra orada həyəti olan ev tikdirmək istəyirdik. Bağımızda hər
cür gül-çiçək əkib becərmək həvəsindəydik. Deyirdi ancaq o torpaqları
erməni mundarlığından bu cür təmizləmək mümkündür. Mən onu
zarafatla qıcıqlandıranda ki, oraları görməmisən, amma dilindən düşmür.
Orda nə tapmısan ki, bu qədər əzizləyirsən o dağları… İnciməzdi,
deyərdi ki, Qarabağ mənim iliyimdə, qan yaddaşımdadır. Damarlarımda
axan qan da Qarabağ eşqi ilə dövr edir. Qarabağsız Azərbaycanın
mövcud olmadığını həmişə vurğulayırdı. Qarabağdan ötrü şəhid olsam,
daha dərdim olmazdı deyərdi. Elmin qovuşdu arzusuna. Qarabağ üçün
şəhid oldu, canını fəda etdi. İndi o, göyün yeddinci qatındadır. Biz isə
onun yolunu həsrətlə gözləyirik. Onun yoxluğuna inanmaq mümkün
deyil. Mən onu, mənə həyat bəxş valideynlərim, onun və bizim
həsrətində olduğumuz Qarabağımız qədər sevirdim. Mənə o qədər
yaxşılıq edib ki! Həyatımın mənası idi… Bir dəfə təlim keçirdilər.
Vertolyatla qəsəbənin yanından ötəndə zəng etdi ki, qızımız Alina əlində
Azərbaycan bayrağı onları salamlasın. Alina belə də etdi. Elmin ailəsinə,
övladlarına qırılmaz tellərlə bağlı idi. Həmişə qulluq etdiyi hərbi hissədə
bir tədbir olanda Alinanı hərbi geyimdə ora aparardı. Alina da Vətənə,
hərbə sonsuz məhəbbət hissi aşılaya bilmişdi. Alina indi qəsəbənin
yaxınlığından vertalyot uçanda üçrəngli bayrağımızı götürüb onu
salamlayır və böyük kədərlə indi vertolyatun Elminsiz uçduğunu söyləyir.
Alina hazırlıq kursuna gedir… Bütün qız uşaqları ilk sözlərini ana
yazanda, o, atasının şəkillərinin yanında qırmızı qərənfil rəngli ata yazır.
Adamın ürəyinin başına od düşür. 3 yaşlı qızımız Səma atasının
böyüdülmüş şəkli ilə yatır. O, şəkli təkcə öpmür, saatlarla qucağından
yerə qoymur. Elə həsrətlə, kədərlə, istəklə atasının şəklini öpür ki. O,
şəkli yeməyə belə hazırdır. Baxanda adamın ürəyindən qara qanlar axır.
Alinanı oxutmaq istəyirdi. Deyirdi qızım hüquqşünas olacaq. Alina yaşına
uyğun olmayan bir ağıllı, təmkinli, savadlı, hazırcavabdır ki… Nə bilim,
həyat nə qədər mənalı olsa da, hərdən onun o qədər sərt, qəddar üzü
olur ki, adam yaşamağa yer tapa bilmir. Elmin getdi, əbədilik bu həyatla
vidalaşıb bizi tərk etdi. İndi mənim və qızlarımın bircə borcumuz var.
Elminin adına layiq yaşamaq, onu unutmamaq və onun həyata keçirə
bilmədiyi arzularının qolundan tutub pərvazlandırmaq. Həmişə başqaları
üçün yaşayan Elmin, özü üçün yaşamağa vaxt tapa bilmədi. İndi biz,
onun yaxınları Elminin yarımçıq qalan ömrünü yaşamalıyıq… Hərdən
qızlarımdan biri ataları üçün qüssələnib ağlamaq istəyəndə mənim
onlara təskinliyim bircə bu olur ki, deyirəm qızım şəhid balası ağlamaz
axı. Bu sözlər onlara bəs edir. Heç biri ağlamır və şəhid atalarının
müqəddəs bir yerdə, Tanrının hüzurunda olduğuna inanırlar”. Elə mən
də belə düşünürəm:

Şəhidi
Tanrı aparır,
Şəhid balasına
Şəhid balası ağlamaz…
Adil MİSİRLİ