Asəf Quliyev: “Ağcabədinin küçələrində yaşıllıq ərazilərinin artırılması məqsədilə tədbirlər davam etdirilir”

“Aran” qəzeti Ağcabədi şəhər Yaşıllaşdırma Sahəsinin rəisi Asəf Quliyevlə müsahibəni təqdim edir.

– Zəhmət olmasa, özünüzü təqdim edərdiniz.

– Mən Quliyev Asəf Vahid oğlu 1969-cu ilin 23 mayında Ağcabədi rayon Muğanlı kəndində anadan olmuşam. 1976-1986-cı illərdə doğulduğum kəndin S.Quliyev adına orta məktəbində təhsil almışam. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışam. Hərbi xidməti başa vurub gələndən sonra isə, təxminən 5 il müddətində o vaxtlar fəaliyyət göstərən “Pravda” kolxozunda çalışmışam. 1993-1999-cu illərdə Türkiyənin İstanbul şəhərində yerləşən İstanbul univeristetində “Dövlət və Bələdiyyə idarə edilməsi” ixtisası üzrə təhsil almışam. Ali təhsilimi başa vurduqdan sonra müxtəlif özəl sahələrdə çalışmışam. 2005-ci ildə Ağcabədi rayon Mərkəzi Xəstəxanasının Kadrlar Şöbəsinin rəisi vəzifəsində, 2006-2009-cu illərdə RİH başçısının köməkçisi vəzifəsində işləmişəm. 2009-cu ildən Ağcabədi şəhər yaşıllaşdırma sahəsinin rəisi vəzifəsini icra edirəm.

– Aydındır, Asəf müəllim, sizi bir az da yaxından tanıdığımıza şad olduq. Bəs uzun illərini rayonumuzun yaşıllaşdırma sahəsinə ayırmış biri olaraq bu sahədə görülən işlər barədə nə deyə bilərsiniz?

– Bildiyimiz kimi, Ağcabədi rayonunun rəhbərliyi tərəfindən yaşıllaşdırma sahəsinə diqqət və qayğı göstərilir, bu sahədə olan problemlərin həlli yönündə işlər görülür. Ağcabədidə yaşıllıq zolaqlarının salınması prosesinə uzun illərdir ki, başlanıb. Son vaxtlar isə, bu işlərə daha çox diqqət yetirilir. İstər yaşıllıq massivlərinin artırılması, istərsə də ona qulluq yüksək səviyyədədir. Aidiyyatı dövlət qurumları tərəfindən yerlərdə vəzifə sahibi olan şəxslərə lazımi tapşırıqlar da verilir. Yaşıllaşdırma işləri dövlətin bilavasitə rayonda həyata keçirdiyi işlərdən biridir. Qanunvericiliyə uyğun olaraq Ağcabədidə yaşıllaşdırma işlərilə rayon İcra Hakimiyyəti, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, eləcə də digər qurumlar məşğul olur. Bu gün rayonun müxtəlif küçə və prospektlərində böyük yaşıllıq zolaqları salınır. Bu işlərə misal olaraq, çox uzağa getmədən, cari ilin yanvar-fevral aylarında görülən işlərlə sizi şifahi olaraq tanış etmək istərdim.

Bir neçə gün öncə “Xocalı soyqırımı” qurbanlarının xatirəsinə Mingəçevir-Bəhrəmtəpə yolunun sağ tərəfində müxtəlif ağac növləri, bundan əlavə Şəhidlər Xiyabanın qarşısında palma ağacları əkilmişdir. Həmçinin şəhərin H.Əliyev prospektində 20 ədəd, Xətai küçəsində 135 ədəd sərv ağacı, Ü.Hacıbəyov küçəsində 25 ədəd, N.Nərimanov küçəsində 70 ədəd həmişəyaşıl ağacları əkilib. Rayonun S.Vurğun küçəsindən başlayaraq “Taxta körpü” qəsəbəsi istiqamətində də yeni istifadəyə verilmiş magistral yolun sol tərəfində həmişəyaşıl və müxtəlif çeşiddə meyvə ağacları əkilib. Hazırda Ağcabədinin küçələrində yaşıllıq ərazilərinin artırılması məqsədilə tədbirlər davam etdirilir

Şəhərimizdə əlavə olaraq yaşıllıqların bərpası istiqamətində də müxtəlif işlər görülür. Bu işləri budama, gül-çiçək əkini, bəzək bitkilərinin qulluğu prosesi təşkil edir. Artıq mart ayı olduğu üçün, rayonumuzda yaz budaması işləri görülür.

– Lap gözəl, yorulmayasınız. Asəf müəllim, danışığınızdan təbiəti, yaşıllıqları, bir sözlə, işinizi sevdiyinizi hiss edirəm. Bəs yaşıllıq, ümumiyyətlə təbiət sizin üçün nədir?

– Bilirsinizmi, təbiətin bir parçası olaraq onun suyundan, havasından, ağaclarından, meyvələrindən, dərman bitkilərindən, otlarından və sonsuz sayda nemətlərindən istifadə ediriksə, onlarsız ötüşə bilmiriksə, təbii sərvətlərsiz yaşamaq mümkün deyilsə, deməli təbiəti də, onun yaşıllıqlarını da ürəkdən sevməliyik. Bundan başqa, hamı kitabların, təbii materialdan hazırlanan geyimlərin tədavül vasitəsi olan, bütün ömür boyu daimi ehtiyacın ödəniş atributu sayılan pulun da təbiətin bir parçasından hazırlandığının fərqinə varmalıdır. Bir sözlə, təbiət insan övladının varlığına, yaşamasına əsas olan ən vacib atributdur. Ağacların bəzən qəsdən qurudularaq sıradan çıxarılması, kəsilərək yerində tikintilərin aparılması, meşəliklərin, oksigenin azalması, təbiətin tar-mar olması isə heç də yaxşı nəticədən xəbər vermir. Belə “fəaliyyət”in sonu işıqlı deyil, zülmət qaranlıqdır. Bu mənada, ana dediyimiz təbiətin övladlarının hamısı “çəkici eyni zindana vurmalı”, necə deyərlər, onu göz bəbəyi kimi qorumalıdır. O təbiəti ki, onsuz nə nəfəs ala, nə susuz, havasız qala, nə qidalana, nə də ki, bütövlükdə yaşaya, var ola bilərik…

– Asəf müəllim, hazırda mart ayıdır. Normal olaraq təbiət canlanır, ağaclar, bitkilər oyanır. Oxucularımız üçün yaz aylarında həm yaşıllaşdırma, həm bitkilərə qulluq, həm də bol məhsul götürmək üçün hansı tövsiyələri verə bilərsiniz?

– Bəli, artıq yaz gəlir və bahar fəsli budama üçün ən yaxşı vaxtdır. Bu dövrdə budama çox əhəmiyyətli bir işdir. Bitkilərin budanması həm də mühüm aqrotexniki tədbirlərdən biridir. Lakin, bunun üçün müəyyən edilən qaydalara riayət etmək mütləqdir. Əks halda bitki məhsuldarlığını itirə və ya tamamilə yarasız hala gələ bilər. Mən oxucularımıza məsləhət görərdim, məhsuldarlığın nizamlanmasına diqqət etsinlər, yaz aylarında çox yaşlı bitkilərin dərin budanılması ilə cavanlaşdırılması məsələsinə xüsusi yer versinlər və xəstə bitkiləri qurumuş budaqlardan təmizləyib, bitki köklərinin diblərini həm yumşaltsınlar həm də suvarma üçün şərait yaratsınlar.

– Çox sağ olun Asəf müəllim. Biz də öz növbəmizdə rayonumuz üçün gördüyünüz işlər və bizə ayırdığınız vaxt üçün sizə təşəkkür edirik!

Söhbətləşdi: Orxan KƏRİMOV

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər