1938-ci ildən fəaliyyət göstərən Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxana
Sistemi (MKS) I Qarabağ Müharibəsində şəhid olmuş, Miryaqub Kərimovun adını
daşıyır. Mərkəzi kitabxanın bir, qəsəbə üzrə iki, kəndlərdə isə 36 filialı fəaliyyət göstərir.
Kitabxanada ümumi işçilərin sayı 98 nəfərdir. Onlardan 29-u mərkəzdə, 4-ü qəsəbədə,
65 nəfəri isə kəndlərdə çalışır. Kitabxana fəaliyyətini 6 şöbə üzrə-oxuculara xidmət,
uşaq, metodika və biblioqrafiya, komplekləşdirmə və kitabişləmə, informasiya-resurs,
kitab-biblioqrafiya proseslərinin avtomatlaşdırması üzrə yerinə yetirir. Kitabxanada
282.625 ümumi kitab fondu mövcuddur. Bunlardan 281.633-ü kitab formasında, 972-si
isə elektron kitab şəklindədir. Kitabxananın fəal oxucu sayı mövcuddur. Oxucuların
böyük əksəriyyətini orta məktəb şagirdləri və ailəsi ilə gələnlər təşkil edir. Onların
arasında yaşlı insanlar da var. Bunlardan biri də 85 yaşlı rayon sakini Fəxrəddin
Fərzəliyevdir. O, yaşının çox olmasına baxmayaraq, böyük həvəslə kitabxanaya gələn
fəal oxuculardan biridir. Bunu söhbət zamanı rayon MKS-nin direktoru Məhəbbət
Əliyeva bildirmişdir.
Mərkəzi Kitabxana Sistemində əvvəlki illərdə oxucu sayı yüksək olsa da,
pandemiya ilə əlaqədar olaraq xeyli azalmışdır. Hazırda gündəlik oxucu sayı 50-60
nəfər arasındadır. Oxucular son illər tarixi, vətənpərvərlik mövzuları ilə bağlı olan
əsərlərə müraciət edirlər.
Digər müəssisələrdə olduğu kimi, kitabxanada da işçilər karantin rejiminə ciddi
şəkildə riayət edirlər. Pandemiya dövründə isə kitabxana öz iş fəaliyyətini onlayn və
səyyar xidmət vasitəsi ilə yerinə yetirmişdir. M.Əliyevanın bildirdiyinə görə 2020-ci il
ərzində 12.881 nəfərə səyyar formada kitab xidməti edilmişdir. Bundan əlavə görkəmli
şəxslərin, müxtəlif kitabların virtual sərgisi təşkil edilib.
Rayonumuzda II Vətən Müharibəsinin iştirakçısı olan Qazilərlə “Kəndimizin mərd
oğulları” başlığı altında onlayn görüşlər keçirilmişdir. Qazilərlə belə görüşlər mütəmadi
şəkildə təşkil olunur. Pandemiya dövründə kitabxanada Prezident İlham Əliyevin
Sərəncamı ilə yubileyi qeyd edilən görkəmli şəxslər haqqında, Azərbaycanın ilk
maarifpərvər qadını olan Həmidə xanım Məmmədquluzadə, 31 mart soyqırımı, qırmızı
kitab və başqa müxtəlif mövzular haqqında 40 dan çox video-çarx hazırlanıb və yeni
videoçarxların hazırlanması davam etdirilir. 2020-ci ildə karantin rejimi əlaqədar olaraq
onlayn şəkildə xalq şairləri Bəxtiyar Vahabzadə və Fikrət Qocanın yubiley tədbirləri
təşkil olunmuşdur. Bununla yanaşı, “7 aprel ümumdünya səhiyyə günüdür”,
“Koronavirus nədir?” adlı bukletlər hazırlanıb və koranavirusun meydana çıxdığı ilk
günlərdə bukletlər rayon əhalisinin nisbətən sıx toplaşdığı yerlərdə maarifləndirmək
məqsədilə paylanılıb. Kitabxana əməkdaşlarına gəlincə, bir sıra müsabiqələrdə və
tədbirlərlərdə fəal iştirak edirlər. Bu əməkdaşlardan biri də informasiya-resurs şöbəsinin
müdiri olan Gülşən Quliyevadır. O, kitabla bağlı bir çox sərgilərin, müsabiqələrin,
seminarların fəal iştirakçısı olub. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin
təşkilatçılığı ilə keçirilən IV Buktreyler festivalında 3-cü yerə layiq görülmüşdür. Mərkəzi
Kitabxana Sisteminin müvafiq fondunda oxucuların istədikləri kitablar olmadıqda dərhal
rayon mərkəzi kitabxanasından ətraf rayon kitabxanalarına və ya Mirzə Fətəli Axundov
adına kitabxanaya müraciət olunur. Həmin kitablar gətizdirilir.
İstər kitabxananın direktoru Məhəbbət Əliyeva ilə söhbət zamanı, istər sosial
şəbəkələr vasitəsilə rayon MKS-nin fəaliyyətini izləyərkən gəldiyim qənaət budur ki,
kitabxana kollektivi bacardığı qədər işinin öhdəsindən gəlməyə çalışır və ən çətin
günlərdə də fəaliyyətini dayandırmayıb. Amma… Amma bir sakin, bir oxucu kimi qeyd
edim ki, rayon kitabxanasının binası, hazırki şəraiti o qədər də ürəkaçan deyil. Bu, tək
mənim yox, bütün oxucuların, xüsusilə azyaşlı övladlarını kitabxanaya yönəltmək
istəyən valideynlərin ən böyük arzusudur ki, rayon mərkəzində geniş, işıqlı bir kitabxana
olsun. Kollektivin keçirdiyi gözəl tədbirlər, gördüyü işlər bu köhnə binanın içində itib-
batmasın. Övladlarımız, gənclərimiz daha rahat şəkildə kitabxanalardan, oxucu
zallarından istifadə etsinlər…


Hüseyn QULUZADƏ