Məmməd Aranlının “CƏBHƏ GÜNDƏLİYİ” kitabından parçalar

4 mart 1942-ci il. Bu gün bütün günü Qara dənizin kənarında oturub söhbət
etmişik. Dənizin çox gözəl mənzərəsi var. Qağayılar ov ardınca suya cumurdular. Bu
gün bir əsgər yoldaşım özgəsinə ərə getmiş köhnə sevgilisindən qəribə məktub almışdı.
Vaxtı ilə onu sevən qız indi başqasında ərdədir. Əsgər dostum qızların vəfasızlığından
şikayətlənir, lakin qızı yenə sevdiyini söyləyir. Qız da məktubunda peşman olduğunu və
onun yolunu gözlədiyini bildirir.
30 aprel 1943-cü il. “Qızl əsgər” qəzetinin 1 May nömrəsini hazırlayıram. Qəzetin
bu nömrəsinə “Düşməni baş leytenant Əmrah Əhmədovun bateriyası kimi döyməli”
yazımı qurtarıb mürəttibə verdim:
“Günəşli bir gün idi. Hava aydın və mülayim idi. Müşahidə məntəqəsində
dayanmış baş leytenant Əmrah Əhmədov və onun müşahidəçiləri qarşıdakı düşmən
mövqeyinə diqqətlə baxırdılar. Birdən hamının nəzərləri uzaq bir nöqtəyə sancıldı. Bir
vizvoda qədər düşmən soldatı təpənin ətəyində müdafiə mövqelərini möhkəmləndirmək
istədi. Düşmənə qarşı hiddətdən qaşları çatılmış Əmrah kəskin səslə:

  • Hər kəs öz yerinə! Döyüşə hazırlaşın! – deyə əmr verdi.
    Telefon xətləri komandirin bu mübariz əmrini topçulara çatdırdı. Toplar nərə
    çəkərək gurladı. Mərmilərin partlamasını durbinlə izləyən Əmrah gülümsündü.
    Birdən gözlənilmədən düşmən hardansa bateriyanı atəşə tutdu. Leytenant Ənvər
    Əlibəyli dərhal düşmən tərəfdən gələn atəşin yerini tapdı. Almanlar ağır minaatanlarla
    Əmrahın batereyasını vurdu. Ancaq düşmən bu atəşi ilə özünü daha çıxılmaz bir
    vəziyyətə saldı.
    Artilleriyanın ustası Əmrah topların atəşini məharətlə düşmənin minaatan
    bateriyasının üstünə çevirdi. Düşmən bateriyasının səsi bir daha çıxmadı.
    Baş leytenant Əmrah Əhmədovun bateriyası alman-faşist banditlərinə qarşı
    vuruşmada böyük şöhrət qazanmışdır. Bu batereya düşmənin 13 tankı və zirehli
    maşınını vurmuş, 50-dən artıq DZO-tu və atəş nöqtələrini darmadağın etmiş, 300-dən
    çox faşisti məhv etmişdir. Bateriyanın tərkibində olan döyüşçü və komandirlərin yarıdan
    çoxu komandanlıq tərəfindən SSRİ-nin orden və medalları ilə təltif edilmişdir.
    10 iyun 1943-cü il. “Qızıl əsgər” qəzetini tək çıxardıram. Cəlil Məmmədov hələ
    qayıtmayıb. Mürəttiblərlə işləyirəm. Qəzetin 11 iyun tarixli nömrəsini hazırlamışam.
    Axşamüstü qəzet çap olunur. Həmin nömrədə çıxmış “Snayper” adlı məqaləmin
    korrekturasını oxuyuram:
    “Düşmənin ön cəbhə xəttinə artıq 250-300 metr qalmışdı. Onlar iki azərbaycanlı
    snayperçi idi. “Dil” gətirməyə gedirdilər. Onları bura xalq, vətən göndərmişdi. Şərqdən
    boylanan günəş faşist quldurlarının yuvasını işıqlandıranda, hər iki snayperçi optik
    cihazla düşmən mövqelərini gözdən keçirdi. Birdən Həzrət Osmanov səsləndi:
  • İsmayıl, sağda, düşmən soldadı!

Bir səngərdən digərinə keçmək istəyən faşisti İsmayıl da gördü. Nişan alıb atdı.
Sərrast snayper gülləsi faşist quldurunu elə yıxdı ki, o bir də yerindən qalxa bilmədi.

  • Deyəsən, səhər-səhər siftəmiz yaxşı oldu! -deyə İsmayıl güldü.
    İlk gənclik günlərini keçirdiyi doğma Nuxanın pedaqoği məktəbindən alman
    işğalçılarına qarşı vuruşmağa gələn İsmayıl Abdullayev Vətən qarşısında and içmişdi.
    O, müqəddəs andını belə yerinə yetirirdi. İsmayılın sərrast atəşindən düşmən yaxa
    qurtara bilmir. Az müddət ərzində o, 25 faşist soldatı və zabitini öldürmüşdür.
    İsmayıl Abdullayevin olduğu hissədə mahir snayperlər dəstəsi yaranmışdır. Onlar
    350-dən artıq düşmən soldatı və zabitini öldürmüşlər. İgid snayperlərin döyüş hesabı
    gündən-günə artmaqdadır.
    23 iyun, 1943-cü il. Böyükağa Qasımzadəyə çoxdandır ki, məktub yazmağa vaxt
    tapmırdım. İş çoxdur. Gərgin işləmək məni əldən salır. Qəzeti təkbaşına çıxarmaq asan
    deyil. Dostlara məktub yazmaq imkanım olmur. Bu gün şair dostum Böyükağaya
    məktub yazıb, Bakıya yola saldım:
    “Hörmətli dostum Böyükağa! Qızğın və səmimi salamlar! Ənvərlə birlikdə sənə və
    Zeynala məktub yazmışdıq. Hələ heç birindən cavab almamışam. Görünür “vaxt
    yoxdur”. Sənə bu gün olmuş bir qəribə hadisədən danışacağam. Komandirlər
    yeməkxanasında yarpaq dolması ilə plov yeyirdik. Həsən doymadı. Aşpaz yenə verdi.
    Həsən qaşığı bir yana qoydu, stoldan durub köhnə qayda ilə döşəmədə bardaş qurub,
    nimçəni çəkdi qabağına. “Dədə-baba qaydası yadıma düşüb” – dedi. İsti dolmadan
    Həsənin ağzı yandı. O qədər güldük kil… Cəbhədə olan müddətdə heç bu qədər
    gülməmişik. Bu, bizim cəbhə həyatımızda ən komik bir hadisə oldu. Hələ də xatırlayıb
    gülürük. Bu qədər. Məndən Zeynala, Vəli Hacı oğluna salam söylə, məktub yazmağa
    ərinmə. Sağlıqla. Dostun Aranlı”.
    17 oktyabr 1943-cü il. “Qızıl əsgər” qəzetinin 18 oktyabr tarixli nömrəsinin
    buraxılmasına hazırlıq görürəm. Bütün materialları sahmana salıb mürəttibə verirəm.
    Həmin səhifə üçün “Qardaşlar, xilas edinl” təshih etdirəm:
    Döyüşçü, sənin qarşında faşistlərin pəncəsi altında əzilən gözəl Ukrayna durur.
    Sən günahsız insanların fəryadını eşidirsənmi?
    Budur, qəhrəman döyüşçülərimizin köməkliyi ilə faşist əsirliyindən xilas olmuş
    Mariya Matveyevna Bondarenko hıçqırtılar içində gördüklərini bizə nağıl edir. O, son
    dərəcə həyəcanla danışaraq deyir:
  • Mən o quldurların törətdiyi vəhşilikləri hansı sözlə ifadə edəcəyimi bilmirəm.
    Onu yırtıcılar törətmirlər. İki il ərzində yırtıcılar gözəl şəhərlərimizi talan edib, xarabalığa
    çevirmişlər. Cavan qızları, oğlanları zorla qul edərək, Almaniyaya göndərmişlər, şəhəri
    vardan-yoxdan çıxarmışlar. İndi onlar Qızıl Ordunun zərbəsinə davam gətirə bilməyərək
    qaçırılar. İndi onlar quduz it kimi qarşısına çıxan uşağı, qadını insafsızcasına nənələri
    güllələyir, qızların namusuna təcavüz edirlər. Bizim qonşuluqda beş ailə qorxudan bir
    zirzəmidə gizlənmişdir. Faşistlər onları tapıb, hamısını məhv elədi. Düşmənlər qardaşım
    Nikolayı güllələdilər. Bizə olmazın əzablarını verdilər. Faşist təyyarəçiləri havadan
    əhalini pulemyot atəşinə tutdular. Düşmənlər şəhərin teatrını, klub və zavodlarını, böyük
    binaları yandırırlar. Şəhərləri alov bürümüşdür. Əhali gizlənməyə yer axtarır. Onlar qızıl
    döyüşçülərimizi gözləyir. Onların ümidi sizədir…

Eşidirsənmi, döyüşçü qardaş! Onlar səni gözləyir! Ancaq sən onları vəhşilərin
əlindən xilas edə bilərsən. Azərbaycanın igid övladları! Siz tarixdə xilaskar kimi
məşhursunuz. Vətərpərvər babalarımızı xatırlayın. Vaxtı ilə Babək bütün Qafqaz
xalqlarını ərəb işğalçılarından xilas etmişdir. Koroğlu erməniləri, gürcüləri başqa xalq-
lardan qorumuşdur. Sən də Babəkin, Koroğlunun nəslindənsən. Qardaş Ukrayna xalqını
faşist zülmündən xilas edirsən! Sən, amansız Azərbaycanın əmri ilə doğma Terek çayı
sahilərindən düşməni qova-qova gəlmisən!
İndi sənin qardaşında bayquşların yuva saldığı Ukrayna torpağı durur. Əsarətdə
boğulan milyonlarca qadınlar, qocalar size imdada çağırır!
Qardaşlar, xilas edin!
19 oktyabr 1943-cü il. “Kommunist” (azərbaycanca) qəzeti oxucuların 416-cı
Taranroq atıcı diviziyasının döyüş yolu ilə tanış etmək məqsədi ilə məmur romanından
bir parçanı redaksiyaya göndərdim.
30 oktyabr 1943-cü il. “Kommunist” qəzeti redaksiyasında göndərilən zərfləri
aldım. Qəzetin 24 oktyabr 1943-cü il tarixli nömrəsində romanımdan parça dərc
olunmuşdu:

“ŞANLI QƏLƏBƏ, YÜKSƏK ŞƏRƏF!”

Uzaqlarda arabir top atışması eşidilirdi. Bir az əvvəl həmin bu yerlərdə, mavi
Azov dənizinin sahilində yerləşən bu gözəl şəhər uğrunda Azərbaycanın xilaskar igid
oğulları işğalçı alman qoşunlarına qarşı son dərəcə şiddətli vuruşmalar keçirmişdi. Bizim
xırda bir qoşun hissəmiz bu kənddə almanların bir piyada polkunu və bir topçu polkunu
dağıtmışdı.
Bir dəstə döyüşçü, faşistlərin yanğınından xilas edilmiş kiçik daxmada yenicə
qurulmuş radioqəbuledicinin ətrafında əyləşərək bütün günü davam edən döyüşlər
haqqında şirin söhbət edirdi.

  • Dinləyin, danışır Moskva!…
    Hamı nəfəsini dərərək, gözlərini aparata zillədi:
  • Ali Baş Komandanın əmri General-polkovnik Tolbuxinə…
    Azərbaycanlılardan ibarət olan 416-cı atıcı diviziyasına Taqanroq diviziyası adı
    verilsin…
    Döyüşdən yenicə çıxmış dostların sevinci qəlblərinə sığmırdı. Quldurların əlindən
    yenicə xilas edilmiş ev sahibəsi də bizim sevincimizə şərik oldu.
    Bu tarixi xəbər ildırım sürəti ilə gecənin qaranlığını yararaq bütün diviziyaya,
    bütün cəbhəyə yayıldı. Döyüşçülər sevinc səsləri ilə daxmadan çıxaraq, xəbəri öz
    yoldaşlarına çatdırmaq üçün hərəsi bir tərəfə yüyürdü. Ali Baş Komandanın əmri
    diviziyanın döyüşçü və zabitlərinə yeni ruh, yeni qüvvət verdi. Bu Qızıl Ordumuzun,
    Azərbaycan oğullarının tarixi qələbələrinin təntənəsi idi.

Bu ad diviziyamız üçün böyük şərəf, yüksək qiymət idi. Lakin bu yüksək ad
asanlıqla qazanılmamışdır. Diviziyanın şəxsi heyəti bu şərəfə nail olmaq üçün ciddi
sınaq-lardan çıxmış, şanlı mübarizə yolu keçmişdir.

QAFQAZ DAĞLARININ ƏTƏKLƏRİNDƏ

1942-ci ilin yayında alman-faşist quldurları Şimali Qafqaza soxularaq, doğma neft
Bakısını, Qroznını tutmaq istərkən 416-cı diviziya sarsılmaz bir qala kimi Qafqazın
qapısında durmuşdu. Faşistlər o qapıdan keçməyə çox can atdılar, lakin onların qanla
dolmuş kəllələri Qafqazın sərt qayalarında parçalanırdı.
İlk günlərdə diviziya Sulak və Terek çayları sahillərində möhkəm istehkam xətti
yaradaraq, müdafiədə durmuşdu. Bu dövrdə diviziya döyüş gücünü və hərbi əməliyyat
keçirmə bacarığını qat-qat artırdı və bu sonrakı vuruşmalarda çox müsbət nəticələr
verdi.
Həmin ilin payızında diviziya Mozdok altında qızğın hücuma keçdi. İlk döyüşlərdə
düşmən inadlı müqavimət göstərirdi. Bu yerlərdə diviziyamıza qarşı faşistlərin bir tank
diviziyası və mexanikləşdirilmiş hissələr vuruşurdu. Düşmən Şimali Qafqazda olan
qüvvələrin əsas hissəsini cəbhənin bu yerinə buraxmışdı. Lakin Azərbaycanın mərd
oğulları qarşısında düşmən çox müqavimət göstərə bilmədi. Diviziya başqa
hissələrimizin köməyi ilə faşistlərin Mozdok altındakı müdafiə həddini yardı. Günlərlə
arası kəsilmədən qanlı vuruşmalar davam etdi. Bu yerdə cəbhənin yarılması demək olar
ki, faşistlərin Şimali Qafqazdan geri çəkilməsinə səbəb oldu. Mozdok vuruşmaları
diviziyanın tarixində ilk qələbə fəslidir. Bu vuruşmalar Azərbaycan xalqının onlarca
qəhrəman oğlunu ölkəmizə tanıtdırdı. Bu qəhrəmanlar şanlı babalarımıza xas olan
yüksək mərdlik və qəhrəmanlıqla vuruşmuş və yeri gələndə öz həyatlarını qurban
vermişlər. Baş leytenant İsmayıl Hüseynov, Əmir Abdullayev, Ağasi Babuşbəyov və
onlarca qəhrəman Azərbaycan oğullarının adı Mozdok vuruşmalarının qəhrəmanı kimi
əsirlərcə yaşayacaqdır.

QIŞ HÜCUMLARI

Mozdok altında faşistlərin möhkəmləndirilmiş müdafiə həddini yardıqdan sonra
diviziya qərbə doğru öz hücumunu davam etdirdi. Sərt qışın dondurucu soyuqları, qar,
yağış, döyüşçülərin hücum qüdrətini sarsıda bilmədi. Sovet kəndləri bir-birinin ardınca
düşmənin pəncəsindən xilas edilirdi. Qış hücumu dövründə diviziyamız saysız-hesabsız
vuruşmalar keçirmişdir.
Mozdokun şimal-qərbində “H” təpəsi uğrunda döyüşlər xüsusilə diqqəti cəlb edir.
Bu rayonda döyüşçülərimiz günlərlə düşmən soldatları ilə əlbəyaxa vuruşa girişdi. Elə
saatlar olurdu ki, düşmənlə bizim aramızda 40-50 metr məsafə olurdu və bir addım da
olsun geri dönmürdük. Uzun vuruşmadan sonra düşmən qaçırdı. Diviziya alman
qoşunlarını təqib edərək Stavropol çöllərinə çıxdı. Açıq buz səhrasında vuruşma daha
ağır şəkil aldı. “Cənub adamdarı” olan azərbaycanlılar sərt şaxtalarda belə ustalıqla
vuruşa bildiklərini sübut etdilər. Diviziya ən kəskin qar tufanında qəti hücuma keçərək,
faşist soldatlarını ya qaçmağa məcbur edir ya da əsir tuturdu.
Qış hücumu zamanı sağ cinahdan hücumu sürətləndirməklə diviziya Stavropol
şəhərinin tutulmasına əlverişli şərait yaradırdı. Açıq Stavropol səhralarında edilən

hücum azərbaycanlılardan ibarət diviziyanın möhkəm, davamlı və böyük hərbi-döyüş
bacarığına malik olan bir qoşun birləşməsinin olduğunu sübut etdi.
Stavropol çöllərindən qovulan alman-faşist qoşunları Don çayı sahillərdə öz yerini
möhkəmləndirməyə çalışdı. Bu zaman diviziyamız Rostov altında əməliyyat keçirərək
Azov dənizi sahillərinə hücum etdi. Diviziya iti sürətli hücumla Azov şəhərini və limanını
tutdu. Bu müddətdə düşmən hələ Rostova müqavimət göstərməkdə davam edirdi.
Diviziya ilk növbədə Azov dənizi sahillərini təmizlədi.
Baş komandanlığın əmri ilə diviziyamız Rostovda olan düşmən qoşunlarının
arxasını kəsməyə hazırlaşırdı. Hamıya məlumdur ki, böyük tarixi əhəmiyyəti olan
Taqanroq kəşfiyyatı həmin bu vaxtlarda keçirildi. Kəşfiyyata mayor Cəlil Məmmədov
rəhbərlik edirdi. Kəşfiyyatçılar başda Cəlil Məmmədov olmaqla 35 kilometr buz üzərində
gedərək düşmənin uzaq arxasına Taqanroq şəhəri ətrafına girmiş, komandanlığın
tapşırığını müvəffəqiyyətlə yerinə yetirmişdir. Düşmənin Taqonroq ətrafında və Azov
dənizi sahillərindəki müdafiə istehkamları və ehtiyat qüvvələri haqqında, habelə bir çox
məlumatlar əldə edildi. Düşmənin uzaq arxasında olmasına baxmayaraq, igid
kəşfiyyatçılarımız düşmənlə vuruşa girdi. Bu kəşfiyyatda mayor Cəlil Məmmədov xüsusi
igidlik və mərdlik mərdlik göstərmişdir. Buna görə də o, “İkinci dərəcəli Vətən
müharibəsi” ordeni ilə təltif edildi.

TAQANROQ ALTINDA

Əsas mərkəzi istiqamətlə diviziya Taqanroq üzərinə hücumu davam etdirdi. Lakin
Sambek istehkamları yaxınlıqlarındakı körpü üzərində diviziyanın tarixində xüsusi ilə
qeyd ediləcək böyük vuruşma oldu.
Fevralın soyuq, şaxtalı və dumanlı bir şəhəri döyüş qaydası halında Sambekə
tərəf hərəkət edərkən faşistlərin 27 tankı, zirehli maşını və çoxlu piyadası gözlənilmədən
cinahlardan hücum edərək diviziyanı mühasirəyə almaq istədi. Lakin bu hücum
düşmənə çox baha oturdu. Azərbaycanın qorxmaz oğulları özlərini itirmədən birdən-birə
baş verən bu döyüşdə böyük hünər göstərdilər.
Sambek yolunda baş leytenant Əmrah Əhmədovun misilsiz igidliyini gördük.
Onun 76 millimetrlik top batereyası düz istiqamətlə atəş açaraq düşmən tanklarının hər
tərəfdən hücumunu dayandırdı. Piyadalarımız əlverişli mövqe tutmaq üçün bir qədər
geri çəkilən zaman Əmrah böyük bir dəyanətlə batereyanı açıq mövqedə saxladı.
Alman tankları batereyanı demək olar ki, əhatə edirdi. Tanklar 500-600 metrlikdən
sürətlə hərəkət edərək batereyanı şiddətli atəşə tutdu. Qorxmaz və istedadlı zabit
Əmrah Əhmədov özü topun dalına keçərək düz atəş açmaqla qabaqda gələn düşmən
tankını vurub yandırdı. Tuşlayıcı baş serjant Şıxəli Şirinov bir-birinin ardınca iki tank
vurdu. Tanklarla atışma son dərəcə kəskin idi. Faşist soldatları bağıra-bağıra tankların
ardınca düz batereyanın üstünə yüyürürdülər. Əmrah alman piyadalarını dağıtmağı əmr
etdi. Şiraknellər arası kəsilmədən düşən piyadaların başı üzərində partlamağa başladı.
Hamısı azərbaycanlılardan ibarət olan batereyanın topçuları indiyə qədər
görünməmiş böyük qəhrəmanlıqlar göstərdilər. Uzun müddət davam edən bu qanlı
döyüş topçularımızın şanlı qələbəsi ilə nəticələndi.
Döyüş meydanında düşmənin 4 tankı və bir zirehli maşınını yandırdı. Yüzə qədər
faşist meyidi qarın üstə sərilmişdi. Batereyanın bu parlaq zərbəsindən sonra

piyadalarımız düşməni Sambek istehkam xətlərinə qədər qovdu. Baş leytenant Əmrah
Əhmədovun batereyası diviziyamızın tarixində xüsusilə qeyd edilməlidir. Qış hücumları
ərzində Əmrahın batereyası 25 alman tankı və zirehli maşının məhv etmişdir ki, onun 5-
ni şəxsən Əmrah özü vurmuşdur.
Taqanroq altındakı döyüşlərdə mayor Əli Aydəmirovun parlaq hərbi qəhrəmanlığı
xüsusilə diqqəti cəlb edir. Aydəmirov öz bölməsi ilə birinci olaraq “H” yaşayış
məntəqəsinə girmiş və düşmən piyada batalyonunu əhatə edərək ona ağır zərbə
endirmişdir.
Bütün qüvvəsini sərf etdiyi Sambek istehkamlarında düşmən daha çox
müqavimət göstərdi. Baş komandanlığın əmri ilə diviziya Sambek xəttində müdafiəyə
keçdi. Lakin müdafiədə olanda da diviziya böyük fəallıq göstərdi. Gecə-gündüz
düşmənə dinclik verilmirdi. Hər gün onlarca faşist soldatı və zabiti öldürülürdü.
Diviziyada usta atıcılar hərəkatı genişləndi. Sambek yaxınlığında mübarizə aylarında
diviziyanın 56 usta atıcısı düşmənin 1017 nəfər soldat və zabitini öldürmüşdür.
Böyük şücaət göstərən usta atıcılardan Baloğlan Məmmədov 57, Cəlal
Məmmədov 48, Mirzə Allahverdiyev 43, İsmayıl Abdullayev 42 hitlerçi məhv etmişdir.

“MİUS CƏBHƏSİ”

Böyük hərbi-taktiki əhəmiyyəti olan Taqonroq hərb meydanı almanlar tərəfindən
iki il ərzində yaradılmışdı. Geniş və son hərbi texnika əsasında möhkəmləndirilmiş bu
istehkam xətti bambaşqa bir cəbhə idi. Almanlar buranı “Minus cəbhəsi” adlandırırlar.
Alman komandanlığının fikrincə “Mius cəbhəsi” polad divar kimi Donbasın qapısını
bağlamalı idi. Taqonroq müxtəlif və çoxlu müdafiə xətti ilə əhatə edilmişdi.
Möhkəmləndirilmiş Sambek təpələri burun kimi irəliyə soxularaq, böyük bir qala şəklində
“Mius cəbhəsi” üzərində yüksəlirdi. “Fürerin baş otağı” ndan verilən xəbərlərdə hər gün
“Mius cəbhəsi”ndəki vəziyyət haqqında bəhs edilir, onun möhkəmliyi tərif edilirdi.
Bu ilin iyulunda başlanan döyüşlər bir gün də olsun sakitləşmədi. Sovet qoşunları
almanlar üzərinə amansız hücuma keçdi. “Mius cəbhəsi” kökündən silkələndi. Sağ
cinahda süvarilərimiz və motorlaşdırılmış hissələrimiz cəbhəni yararaq faşistlərin
Taqanroq dəstəsinin arxasına keçib, hitlerçiləri vahiməyə saldı. Faşistlərin
lovğalandıqları bütün uzun hiddətli atəş nöqtələri Sovet qoşunları qarşısında aciz
göründü. “Mius cəbhəsi” Taqanroq istehkamlarına qəti zərbə endirmək zamanı gəlib
çatdı.
416-cı diviziya böyük ölçüdə bütün cəbhə boyu əməliyyat keçirərək, almanların
Taqanroq dəstəsini mühasirəyə aldı. Diviziyanın komandiri general-mayor Sızranov,
zabitlər, serjant və sıravi heyəti yaxşı bilirdilər ki, onların qarşısında çox mühüm və
məsul vəzifə durur və buna görə də işə çox ehtiyatlı yanaşırdılar.
Taqanroqa gələndən vurulan zərbə və Sambek çıxıntısının şimalında cinahlardan
olan hücumlar gözəl əməliyyatın, taktiki fikrin nəticəsidir.
Sambek təpələri ilə Misun qərb sahili bir-birindən aralandı. Beləliklə, düşmənin
Sambek istehkamları Taqanroqu müdafiə edə bilmədi.

“Mius cəbhəsi”nin yarılmasında diviziyanın topçu polku böyük rol oynadı.
Döyüşün yalnız bir günü ərzində topçular düşmənin bir neçə minaatan və top
batereyasını dağıtmış, faşistlərin 22 təkərli pulemyot atəş nöqtəsini, 8 müqavimət
nöqtəsini məhv etmiş, 10 tank yığnağını pərən-pərən salmışdır.
Düşmənin arxasında əməliyyat zamanı piyadalarımız xüsusi qəhrəmanlıq
göstərdi. “H” kəndinin alınmasında kapitan S.Abdullayevin bölməsi çox böyük cəldlik və
dəyanətliklə hitlerçiləri sıxışdırdı. Abdullayevin bölməsi qəti hücumla iki kəndi bir
döyüşdə azad etdi. Dəfələrlə baş verən əlbəyaxa vuruşmalarda Abdullayev qalib
çıxaraq, faşistlərə üstün gəlmişdir. Leytenant Ələsgər Məmmədov 13 adamlıq kiçik bir
dəstə ilə 35 düşmən avtomatçısına qarşı əks-hücuma keçmiş, qəti əlbəyaxa vuruşmada
onları darmadağın edərək, əsir və çoxlu qənimət ələ keçirmişdir.
Düşmən geri çəkildikcə çoxlu minalanmış sahələr buraxıb gedirdi. Lakin
istehkamçılar bölməsinin bacarıqlı döyüşçüləri çox ustalıqla düşmənin bu minalarını
tapıb çıxarır, yolları təmizləyirdi. Medallı baş serjant Musa Musayev düşmən minalarını
tapıb çıxarmaqda xüsusi ilə cəldlik və bacarıq göstərmişdir.
Taqanroq və onun ətrafındakı faşist qoşunları elə cəld əməliyyatla mühasirəyə
alındı ki, düşmən şəhərdə heç bir şey partlada bilmədi. Taqanroqda almanların çoxlu
sursat anbarları qaldı. Beləliklə, düşmən çox gözlənilməz halda yaxalandı.
Avqustun 30-da saat 8-30 dəqiqədə Taqanroq düşməndən təmizləndi. Lakin
diviziya şəhərə girmədi. Taqanroq ətrafındakı faşist qoşunlarının mühasirə halqası
sıxışdırılaraq, son dərəcə şiddətli döyüşlər aparıldı. Almanların mühasirə edilmiş 17-ci,
111-ci, 294-cü piyada diviziyaları və 15-ci səhra aviasiya diviziyası darmadağın edildi,
diri qalan soldat və zabitlər əsir tutuldu. 5100 faşist soldatı və zabiti əsir alınmışdır,
Azərbaycanlılardan ibarət 416-cı atıcı diviziyanın tutduğu əsirlər də az deyildir.
Taqanroq altındakı döyüşlərdə 35.000-dən çox hitlerçi soldat və zabit öldürülmüşdür.
416-cı diviziyamızın məhv edib, üzərindən keçdiyi yüzlərlə düşmən soldat və zabitlərinin
meyidləri bura daxildir.

QƏRBƏ DOĞRU

Taqanroqun alınması Donbassa qapı açdı. Taqanroqun tutulması Dones
hövzəsinin hitlerçi qoşunlarından təmizlənməsinə əsas imkan verdi. Bunu hitlerçilər da
anlayırdı. Buna görə onlar bütün qüvvələrini Taqanroq uğrunda vuruşmalara sərf
etmişdi.
416-cı atıcı diviziya Ali Baş Komandanın təşəkkürünü qazandı. Bu, diviziyanın
zabitlərini, serjant və sıravi heyətini yeni qələbələrə ruhlandırırdı. Taqanroq altında
mühasirəyə alınmış faşist qoşunlarını darmadağın etdikdən sonra diviziya öz
hücumunun istiqamətini qərbə doğru çevirdi.
Diviziya yeni qələbələr qazanmağa başladı. Onlarca yaşayış məntəqəsini,
minlərlə sovet vətəndaşını faşizm zülmündən azad edərək, gündən-günə irəlilədi.
Diviziya müxtəlif məntəqələrdə düşmənin möhkəm istehkamlarını dağıtmışdır.
Ali Baş Komandanın əmrindən sonra diviziyada döyüşçü və komandirlərin fərdi
qəhrəmanlığı daha da artmışdır. Serjant Əli Məmmədov bu yaxınlarda faşistlərin tank

hücumunu mərdliklə dəf edərək bir tankı vurub yandırdı. Qızıl əsgər İzzət Sadıqov son
hücumda 10 hitlerçi öldürmüş və 3-nü əsir tutmuşdur. Diviziyanın komandirləri keçirilən
döyüşlərdən daha da təcrübələnmiş və qorxmaz olmuşlar.
“Qardaş Ukrayna respublikasını alman-faşist işğalçılarının zülmündən azad
etmək ən şərəfli bir vəzifə kimi diviziyamızın qarşısında durur. O, bu vəzifəni layiqcə
yerinə yetirir və yetirəcəkdir. Azərbaycanlı taqanroqçuların yolu Qərbə doğrudur. Ana
Azərbaycan onların sorağını qoca Dneprdən alır”.
“Kommunist” qəzetində dərc olunmuş bu yazımı oxuyub qurtardım. Düşündüm ki,
diviziyamızın döyüş yolunu, az da olsa xalqıma çatdırmışamsa deməli, xoşbəxtəm.
Bunun üçün qəzetin redaktoru Rza Quliyev yoldaşa bir daha minnətdaram.
15 noyabr 1943-cü il. Azərbaycan Sovet Yazıçıları İttifaqına, dostum Səməd
Vurğuna məktub yazıram:
“Hörmətli Səməd Vurğun! Vətən müharibəsi cəbhələrindən qızğın və mübariz
salamlar!
Bu gün mən Taqanroqdan öz diviziyamıza qayıtdım. Sizin və Azərbaycandan bir
çox nümayəndələrin diviziyamıza gəlməyiniz haqqında mənə danışdılar. Hədsiz
dərəcədə sevindim. Digər tərəfdən çox tez getməyinizə təəssüfləndim. Mən çoxdan
sizinlə görüşmək, sizdən bir sıra məsləhətlər almaq arzusunda idim. Müvəffəq ola
bilmədim Sağlıq olsun, yəqin ki, yenə görüşərik.
Oktyabr bayramını keçirmək üçün diviziyamızın azad etdiyi Taqanroq şəhərinə
getmiş nümayəndələr arasında mən də vardım. Taqanroq zəhmətkeşləri bizi çox
təntənə ilə qarşıladılar. Diviziya nümayəndələrinin taqanroqlularla görüşü rus xalqı ilə
Azərbaycan xalqının möhkəm dostluğunu əks etdirən bir nümayiş oldu. Rus xalqının
qədim və gözəl şəhərini, böyük Çexovun vətəni Taqanroq şəhərini Oktyabr bayramı
günündə azad və şən görmək bizi sevindirdi. Taqanroqlular bizi hər yerdə, hər görüşdə
“Yaşasın Azərbaycan!”, “Azərbaycan xalqının qəhrəman oğullarına eşq olsun!” şüarları
ilə qarşıladılar. Taqanroq şəhərinin pioner və məktəbliləri bayram günü 416-cı diviziya
haqqında mahnı oxuyurdular. Mahnını taqanroqlu bir rus kompozitoru yazmışdır.
Əziz şair! Biz yenə öz hissəmizdə, öz işimizdəyik.
Qızğın-döyüş günləri başlanır. Diviziyanın təşkil olunduğu ilk gündən mən burada
işləyirəm. Döyüşlərdə oldum. Yaralandım. Yenə ora qayıtdım. Redaksiyada işləyirəm,
yazmalı şeylər çoxdur. Ancaq vaxt və imkan olmur. Cəbhədəkilərin dediyi kimi sağlıq
olar, sakit günlər gəlib çıxar!
Hörmətli Səməd! Bizimlə əlaqəni kəsməyin. Tez-tez məktub yazın. Vətəndən,
xüsusən sizdən aldığımız hər məktub bizi dünyalar qədər sevindirir.
Məndən Rəsula, Rahimə, Osmana, Məmməd Cəfərə, Əhməd Cəmilə salam
söyləməyinizi xahiş edirəm.
“Hörmətlə: Məmməd Aranlı.”

DÖYÜŞƏN ORDU

Bu gün məktubu yola saldım.
21 noyabr 1943-cü il. Redaksiyada təkəm. Cəlil Məmmədov hələ qayıtmayıb.
Həsən Qasımov və Ə.Şirinov tapşırıq üçün gediblər. Onlardan da hələ bir səs-soraq
yoxdur. Tək darıxıram. Narahatam. Mürəttiblər materialları düzürlər. Mən “Qızıl Əsgər”
qəzetinin sabahkı – 22 noyabr tarixli nömrəsini hazırlayıram. “Unudulmaz görüş,
sarsılmaz dostluq (Taqanrok zəhmətkeşləri öz xilaskarlarını alqışlayırlar)” qeydlərini
təkrarən oxuyub mürəttibə verdim:
“30 avqust günü nə Taqanroq əhalisinin və nə dədöyüşçülərimizin xatirindən heç
bir zaman çıxmaz. Bu gün tarixi bir gün kimi uzun illər boyu xatırlanacaqdır. Həmin gün
mərd və qəhrəman döyüşçülərimiz Taqanroq şəhərini alman-faşist işğallarından azad
etmişdir.
Bu il noyabrın 7-də Taqanroq ilk illik alman-faşist əsarətindən sonra ilk dəfə
olaraq Böyük Oktyabr Sosialist inqilabının 26-cı ildönümünü bayram etdi. Şəhərin
bayram şənliklərində iştirak etmək üçün döyüşçülərimiz və zabitlərimiz tərəfindən kiçik
bir nümayəndə qrupu Taqanroqa getmişdi. Taqanroq şəhəri zəhmətkeşləri öz
xilaskarlarını böyük sevinc və təntənə ilə qarşıladılar. Bu görüş, cəbhə ilə arxanın, əmək
cəbhəsi adamları ilə döyüş cəbhəsi adamlarının sarsılmaz birliyini, pozulmaz
dostluğunu əks etdirən bir nümayişə çevrildi. Taqanroq zəhmətkeşləri öz xilaskarlarını
sevir, onların hər günki qələbəsi ilə fəxr edir. Bunu nümayəndələrin şəhər zəhmətkeşləri
ilə müxtəlif görüşləri, söhbətləri açıq nümayiş etdirir.
Biz şəhərin müxtəlif zavodlarında və fabriklərində olduq, bir zaman qanlı
vuruşmalar gedən yerlərə baxdıq. Bu bizdə çox gözəl təəssürat buraxdı. Taqanroq çox
gözəl və zəngin şəhərdir. Lakin iki il talançı quldurların əlində əsir olmuş şəhərin nə kimi
bir əzab keçirdiyi, məncə hamıya aydındır. Şəhərin bir çox yerlərində gözəl binalar,
pionerlər evi uşaq evi, məktəblər, zavodlar dağıdılmış və talan edilmişdir. Lakin,
Taqanroq zəhmətkeşlərinin qurucu əli, faşistlərin törətdiyi dağıntıları tezliklə aradan
qaldırmış və aradan qaldırmaqdadır. İndi 24 məktəbdə dərs gedir. Zavodlar bərpa edilib
işə salınmışdır. Taqanroq zavodları indi cəbhəyə lazım olan bir çox şeylər hazırlayır.
Azğın quldurlar Taqanroq əhalisinə olmazın əzablar vermişlər. Onlar minlərlə
taqanroqlunu zorla Almaniyaya göndərmişdir. Saysız-hesabsız dinc əhalini qırmışlar.
Taqanroqun yaxınlığında böyük bir dərə var. Bu dərədə 10.000 sovet adamı
güllələnmişdir. Əhali oranı “Ölü dərəsi” adlandırırdı.
Biz Taqanroqla xudahafizləşirik. Lakin bu görüşlər heç bir zaman yaddan çıxmaz.
Bu görüşlər sarsılmaz dostluğu əks etdirən lövhə kimi həmişə nəzərlərdə canlanacaqdır.


Taqanroq şəhəri

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər