Totuşun yanağından tapdığım qadınlıq

Məktəbdə bizdən bir sinif aşağıda bir oğlan oxuyurdu – boyu balaca,
yanaqları yupyumru, toppuş və şipşirin uşaq idi. Yaşından çox kiçik görünürdü.
Cəmi bir yaş böyük olsam da, mən də hamı kimi onu görəndə özümü saxlaya
bilməyib totuq yanaqlarını sığallayır, əzizləyirdim. İllər keçsə də, bu cıqqılı və şirin
oğlanı hamı uşaq kimi oxşayırdı. Və o da buna alışmışdı. Mollanın hər gün satılmağa
apardığı, amma heç vaxt sata bilmədiyi qoca atı adətkar olub adam görəndə dişlərini
göstərdiyi kimi bu uşaq da üstünə gələn olanda dərhal yanağını çimdiyə hazır vəziyyətə
gətirib boğazını irəli uzadırdı.
Artıq 9-cu sinifdə oxuyurdum. Xeyli vaxtdır, görmədiyim Totuş ləqəbli həmin oğlanla
dəhlizdə rastlaşdıq. İki yanağından yüngül çimdik götürüb:

-Ay Allah, Toppuş, necəsən? – dedim.
Birdən qart kişi səsi eşitdim:

-Booooou!..
Diksindim. Bu səs o cocuqdanmı gəlirdi? Totuş isə əllərini çimdiklənmiş yanaqlarına
tutub hələ də mat-mat üzümə baxırdı. Mən də ona diqqət elədim. Ətim ürpəşdi.
Həmişəki saf cocuğun yerində bığ yeri qaralmış cıqqılı bir “kişi” mənə boylanırdı. Bu
dəyişikliyi hiss edəndə ürəyim bulandı. Qadın olduğumu ilk dəfə məhz həmin gün hiss
elədim. Və bundan sonra atacağım addımlarda qadın olmağımı nəzərə almağa
məhkumluğumu, əgər nəzərə almasam, “bouuuu!” nidalarını daha çox yerdə, daha çox
adamdan eşidəcəyimi də onda anladım. Deyim ki, heç də xoş hisslər deyildi. Hətta get-
gedə qadın kimi var oluşumdan daha çox utanır, bir əskiklik hiss edirdim özümdə. Və bu
əskikliyi mənə hiss etdirən əks cinsin nümayəndələrinin varlığından qıcıqlanır, onların
mövcudluğunu görmək istəmirdim.
Özümə çox qapandım. Hamıdan uzaq olmağa çalışdım. Qapandıqca məni öz köləsinə
çevirən qara-qura fikirlərlə illəri yola verdim. Ta ki… işıq adamlar, işıqlı adamlar çıxdı
rastıma. Qarşıda mənim üçün yeni dünyaya qapı açıldı. O dünyada cins yox idi, “bölgü”
yox idi. Orda yalnız sevgi var idi, eşq var idi. İçində zərrə qədər nifrət olan kəs həmin
qapıdan keçə bilməzdi. Əlimdən tutdular, “üst-başımdan” qara, boz fikirləri çırpıb
təmizlədilər, yeni qapıdan keçirtdilər məni. Yenidən doğuldum. Yenidən yarandım. Bu
yaradılışımı sevdim. Mənim üçün “qadın-kişi” məfhumu “insan” məfhumu ilə əvəzləndi.
Artıq anlayırdım ki, insanlığın qorunduğu yerdə qadın da, kişi də dəyərlidir. Dəyərimizi
bilək!
Hə, bu arada Qadınlar gününü qeyd elədik, axı. Bizim günümüzü. Günümüz mübarək,
əziz qadınlar!

Məhsəti Musa
525-ci qəzet

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər