“Yalançının…” rublikası – Qərəz, böhtan, yoxsa şou?

Bu gün dünyada və ölkəmizdə sosial mediaya böyük meydan verilir. Hər kəs sözünü deməkdə, müəyyən məsələlərə münasibət bildirməkdə azaddır və çoxları özünü məhz sosial media vasitəsilə bir dəfə də olsa jurnalist kimi sınamağa cəhd edir. Olsun… Yeni bacarıqların, istedadların üzə çıxması, tanınması üçün əla şərait var. Amma nə yazıq ki, bəzən bu “jurnalist”lər həmin sərbəstlikdən sui-istifadə edir, qabartmaq istədikləri mövzudan başqa bütün məsələlərə toxunur, yalan, qərəzli məlumatlar yayır, dövlətin səlahiyyətli nümayəndələri haqqında əsası olmayan fikirlər səsləndirir, təhqiramiz ifadələr işlətməkdən belə çəkinmirlər. Bu materialları izlədikdə aydın olur ki, məqsəd vətəndaşın problemini işıqlandırmaqdan çox, sensasiya yaratmaq, diqqət çəkmək, qısa zamanda qalmaqalla da olsa məşhurlaşmaqdır.

Bu günlərdə “AZERBAİJAN.TV” adlı “YouTube” kanalı vasitəsilə Ağcabədi
rayon Cəfərbəyli kənd sakini Tağı Adıgözəlovun evindən canlı yayım edilib. Bildirilib
ki, T.Adıgözəlov 27 sentyabr 2020-ci il tarixdə, II Qarabağ müharibəsi başlayandan
sonra Ağdamdan qadınların, uşaqların çıxarılmasında iştirak edərkən raket düşməsi
nəticəsində ağır yaralanıb. O, dəfələrlə Ağcabədi rayon İcra Hakimiyyətinə, ƏƏSMN-
ə, YAŞAT Fonduna müraciət etsə də, 6 ay ərzində heç kim onunla maraqlanmayıb.
İcra başçısı onu qəbul etmir. Hətta guya ailəyə köməklik etmək istəyən icra
nümayəndəsinə də imkan vermirlər.

Ağcabədi rayonunda Vətən müharibəsində yaralanan 301 nəfər qazinin və həlak olan 43 nəfər şəhidin ailəsi daim rayon rəhbərliyinin diqqət mərkəzindədir. Müharibə dövründə rayondakı 101 nəfər qazi Ağcabədi rayon İcra Hakimiyyəti başçısı cənab Rafil Hüseynov tərəfindən evlərində ziyarət olunub, həmin günlərdə evdə olmayan bütün yaralıların, qazilərin ailələrinə isə yardımlar göndərilib. O cümlədən, Vətən müharibəsi iştirakçısı olmayan Tağı Adıgözəlovun evinə də digər yaralılar kimi pay göndərilmiş, ailəsi ziyarət olunmuşdur. Əvvəla qeyd edək ki, əldə etdiyimiz məlumata görə T.Adıgözəlov Ağdamda yaşayan yaxın qohumunu Ağcabədiyə gətirərkən yaralanıb. Yəni sözügedən şəxs xüsusi imtiyazlara malik deyil. Qəza zamanı xəsarət alan yüzlərlə şəxslərdən biridir. Onun adının Vətən müharibəsi iştirakçısı kimi hallandırılması doğru deyil. Buna baxmayaraq o da, qazilərimizlə bərabər diqqətdə saxlanmışdır. Belə ki, o, rayon mərkəzi xəstəxanasının pasiyenti kimi müalicə olunur və müəyyən proseduradan sonra həkim məsləhət komissiyasının rəyi əsasında əlillik dərəcəsinin təyin edilməsi üçün aidiyyatı orqanlara müraciət edə bilər.

Vətən müharibəsi iştirakçılarına göstərilən xüsusi diqqət və qayğı çərçivəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə rayon rəhbərliyinin, hüquq- mühafizə orqanları rəhbərlərinin iştirakı ilə şəhid ailələri ziyarət olunmuş, onlara bayram sovqatı aparılmış, şəhid övladlarının hər birinin adına bank hesabları açılaraq hər ay bu hesablara müəyyən məbləğdə pul vəsaitinin köçürülməsinə başlanmışdır.

Həmçinin, 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə yenə də rayon İcra Hakimiyyət başçısı, hüquq-mühafizə orqanlarının idarə və müəssisə rəhbərlərinin iştirakı ilə şəhid ailələri ziyarət olunmuş, şəhidlərimizin anaları, xanımları və qız övladlarına hədiyyələr, bayram sovqatları aparılmışdır.

Qazi və şəhid ailələrinin ziyarət edilməsi rayonda artıq bir ənənəyə çevrilmişdir. Sakinlər tərəfindən dəfələrlə bu mövzuda minnətdarlıq məktubları gəlir, hər kəs bacardığı qədər gözəl təşəbbüsün davamçısı olmağa çalışır. Odur ki, həmin jurnalist bayram təbriki ilə bağlı ironik fikirlər səsləndirməkdənsə, görülən işlərlə maraqlansa daha yaxşı olardı.

Rayon İcra Hakimiyyəti başçısının yaralının ailə üzvlərini qəbul etməməsi məsələsinə gəldikdə isə, bildirir ki, icra hakimiyyətində müraciətlər MOB mərkəzi tərəfindən qeydiyyata alınır. Mərkəzdən isə məsələ ilə bağlı bildirildi ki, bu günədək həmin ailədən heç bir müraciət daxil olmamışdır. İcra hakimiyyətinin binasında kameralar da vardır ki, bunun vasitəsilə həmin ailədən heç kimin binaya daxil olmadığını sübut etmək mümkündür.

Videogörüntüyə baxarkən, icra hakimiyyətinin səlahiyyətində olmayan məsələlərin israrla bu qurumdan tələb edilməsi isə sadəcə müəllifin dövlət orqanlarının səlahiyyətlərindən xəbərsiz olması və ya qərəzli olmasından xəbər verir. Dövlətimiz hər bir vətəndaşının yanındadır və müraciətlər düzgün istiqamətə – aidiyyatı ünvanlara yönləndirildikdə onların problemi də vaxtında həll olunur. Biz yaralımıza şəfa diləyir və insanların saflığından istifadə edərək, guya onların problemlərinə dözməyib çığıran jurnalistlərə isə səslənirik ki, “jurnalist haqsızlığa qarşı səsini ucaltmalıdır” deyərkən qışqırmağı nəzərdə tutmayıblar. Onu da qey edək ki, Ağcabədi rayon İcra Hakimiyyəti şərəf, ləyaqət, habelə işgüzar nüfuzun aşağılanması ilə bağlı məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır.

Şərhlər