Qaradolaq kənd sakini, fermer Əmiraslan Məmmədov rayonumuzun sayılıb-seçilən
təsərrüfat rəhbərlərindəndir. Əvvəllər Azərbaycanın adlı-sanlı kombaynçılarından biri
hesab olunan tanınmış istehsalçı taxıl biçini sahəsində böyük uğurlara imza ataraq,
geniş şöhrət qazanıb.
Ə.Məmmədov müstəqillik illərində də təsərrüfat fəaliyyətini inamla davam etdirib,
pambıq əkini və taxıl biçini işlərində fədakarlıqla çalışıb. Təcrübəli mexanizator
ömrünün ahıl çağında olmasına baxmayaraq, bu gün də əkin-biçin işləri ilə fəal
məşğul olur. O, hər il başçılıq etdiyi fermer təsərrüfatında bol taxıl və pambıq
yetişdirməyə nail olur. Dövlətimizin kənd təsərrüfatı sahəsinə göstərdiyi diqqət və
qayğıdan ruhlanan fermer ötən il 20 hektar taxıl sahəsinin hər hektarından 45
sentner, 25 hektar pambıq sahəsinin hər hektarından isə 55 sentner məhsul əldə
edib.
Təsərrüfat başçısı yüksək aqrotexniki qaydada qulluq etdiyi 20 hektar taxıl əkini
sahəsində becərmə işlərini gücləndirib. Özünün dediyi kimi, sahələrdən bol məhsul
gözlənilir.
Fermer təsərrüfatına məxsus 25 hektar pambıq əkini sahəsində şumlama işləri artıq
başa çatdırılıb, suvarma üçün arat qoyulub. Sahələr pambıq səpininə tam hazır
vəziyyətdədir.
Əmiraslan Məmmədov ötən ildə olduğu kimi, bu il də yüksək taxıl və pambıq
məhsulu istehsal etmək əzmindədir. O, 20 hektar əkin sahəsinin hər hektarından 46
sentner taxıl, 25 hektar əkin sahəsindən isə 57 sentner pambıq tədarük etməyi
qərara alıb.
Yəhya PAŞAZADƏ