Azərbaycan son 17 ildə böyük tarixi inkişaf yolu keçib

Yeni Azərbaycan Partiyasının VII qurultayında Azərbaycan
Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev
YAP-ın yaranma zərurətindən söz açıb.
Dövlət başçısı qeyd edib ki, ölkə daxilində 90-cı illərin əvvəlində gedən
xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə
respublikamızın müstəqil yaşamasını sual altına qoymuşdu. AXC-Müsavat
hakimiyyətinin ifrat səriştəsizliyi, ölkənin təcrid olunmuş vəziyyətə düşməsi, daxildə
vətəndaş müharibəsi təhlükəsi YAP-ın yaranmasını tarixi zərurətə çevirmişdi.
YAP-ın yaranması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümumilli liderin
siyasi təcrübəsi, biliyi, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı
dövrdə vətənpərvərliyi və öz xalqına olan sadiqliyi Azərbaycanın mütərəqqi
insanlarını onun ətrafında birləşdirdi. O vaxt cəsarət və milli düşüncə nümayiş
etdirən vətənpərvər insanlar – məşhur “91-lər” ulu öndərə müraciət ediblər.
YAP-ın təsis qurultayının Naxçıvanda keçirilməsi səbəbi odur ki, Bakıda buna
imkan verilməmişdi. Heydər Əliyev fenomenindən o qədər qorxurdular, öz cılız
mahiyyətlərini özləri o qədər dərk edirdilər, bilirdilər ki, əgər bu qurultay Bakıda
keçirilsə, hakimiyyətlərinə son qoyulacaq. 1992-ci ilin noyabr ayı gənc ölkəmizin
həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş – 1993-cü
ilin oktyabr ayında ulu öndər xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident
vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı. Dərsliklərdə
bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini
bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bizim əsl müstəqillik tariximiz ulu öndər
Heydər Əliyevin adı ilə bağlıdır. Çünki ona qədər müstəqillik ancaq sözdə var idi.
Prezident 1993-2003-cü illərin Azərbaycan üçün həlledici illər olduğunu qeyd
edərkən bildirib ki, həmin dövrdə 20 Yanvar faciəsinə siyasi qiymət verilmişdir. Xalq
Cəbhəsi-Müsavat cütlüyü 20 Yanvar faciəsinə siyasi qiymət verməmiş, ört-basdır
etmək istəmişdir, çünki onların da əli Azərbaycan xalqının qanına batmışdı.
Konstitusiya yalnız ulu öndərin dövründə qəbul edildi. Xalq Cəbhəsi-Müsavat cütlüyü
tərəfindən qoyulan senzura məhz ulu öndər tərəfindən ləğv edildi. Siyasi islahatlara
start verildi, çoxpartiyalı sistem yarandı. Azərbaycan beynəlxalq təcriddən çıxdı,
hörmətə layiq olan ölkə kimi tanınmağa başladı. Ölkəyə böyük investisiyalar cəlb
edildi. Ordu quruculuğuna start verildi. Bizim nizami ordumuz yox idi. Kadrların
yetişdirilməsi ilə bağlı önəmli addımlar atıldı. O kadrlar ki, bu gün də ölkəmizin
müxtəlif sahələrində öz töhfələrini verirlər. 2003-cü ildə xalq Heydər Əliyev siyasətinə
səs vermiş, etimad göstərmişdir. Azərbaycan son 17 il ərzində tarixi uğurlara imza
atıb.
Bu dövrü məqalələrdə, kitablarda, dərsliklərdə düzgün əks etdirmək
tarixçilərin, politoloqların, alimlərin öhdəsinə düşür.
Dövlət başçısının dediyi kimi, 2003-2020-ci illər “Vətən müharibəsi” modelinin
tətbiqi üçün hazırlıq dövrü olmuşdur. O, vurğulayıb ki, biz hazırlaşmalı idik və mən
bunu gizlətmirdim. Mən deyirdim ki, sülh yolu ilə məsələ həll olunmasa, müharibə
yolu ilə bunu həll edəcəyik.
Buna görə Azərbaycan və Azərbaycan rəhbərliyinə böyük ölkələr tərəfindən
davamlı təzyiqlər edildiyini qeyd edən ölkə başçısı illər ərzində ərazi bütövlüyümüzün
bərpa edilməsi, düşmənlərin torpaqlarımızdan qovulması amalı ilə yaşadığımızı
bildirmişdir.
Azərbaycanda iqtidarın siyasəti xalq tərəfindən məhz ona görə dəstəklənir ki,
onun siyasəti xalqın maraqlarını güdür.


Qeyd olunub ki, aparıcı beynəlxalq maliyyə qurumları neft kəmərlərinin
Ermənistan ərazisindən keçməsi üçün Azərbaycana təzyiq etmişlər, Azərbaycanın
rəhbərliyini məcbur etmək üçün kreditləri yubatmışlar. Buna baxmayaraq,
Azərbaycan rəhbərliyi milli maraqlara cavab verməyən heç bir addım atmamışdır.
İqtisadi müstəqilliyin təmin edilməsi qarşıya hədəf olaraq qoyulmuş və bu hədəfə nail
olunmuşdur. Bu gün istənilən meyar üzrə, istənilən parametr üzrə heç kimdən asılı
deyilik, iqtisadi sahədə ən qabaqcıl yerlərdəyik. Çox mötəbər təşkilat tərəfindən
dünyanın 60-dan artıq suveren fondlarının təhlili aparılıb və Azərbaycan Dövlət Neft
Fondu bütün parametrlər, bütün meyarlar üzrə beşinci yerdədir. Davos İqtisadi
Forumunun hesabatına əsasən, Azərbaycan iqtisadi inkişaf baxımından, infrastruktur
layihələri baxımından inkişaf etmiş ölkələri qabaqlayıb.
Əraziləri işğal olunmuş, çox çətin geosiyasi vəziyyətdə olan Azərbaycan bu
nailiyyətləri öz zəhməti hesabına qazanıb. Bu il təkcə bərpa olunan enerji növlərinə
təqribən 400-500 milyon dollarlıq xarici investisiyalar qoyulub.
Azərbaycanda daxili sabitliyin əsas amil olduğunu vurğulayan İ.Əliyev göstərib
ki, ölkədə yürüdülən siyasət, sosial ədalətə riayət edilməsi hesabına xalq-iqtidar
birliyi təmin olunub. Azərbaycan Ermənistanı regional layihələrdən, neft-qaz
layihələrindən təcrid etdi, onların iqtisadiyyatını çökdürdü.
Bu gün Azərbaycan yeni dövrə qədəm qoyur. Konseptual nöqteyi-nəzərdən
bütün baxışlar yerindədir. Amma həyat və xüsusilə Qarabağın bərpası ilə bağlı
məsələlər planlara müxtəlif korrektələr edəcək.
Yeni dövrdə siyasi dialoq daha da dərinləşdirilməlidir. Müharibədən əvvəl
başlamış siyasi dialoq istiqamətində qısa müddət ərzində yaxşı nəticələr əldə
olunub. Bütün partiyalar, özünü siyasi qurum adlandıran antimilli şura istisna
olmaqla, bütün siyasi qüvvələr dialoqa meyl göstərib, təşəbbüsü alqışlayıb və artıq
bu dialoq baş tutub.
Ölkəmizdə xarici siyasətlə bağlı kurs dəyişməz olaraq qalır. Müharibə dövrü
və müharibədən sonrakı dövr bir də onu göstərdi ki, bu çox düzgün kurs idi.
Ermənistan ərazi bütövlüyümüzü qəbul edəcəyi, regional əməkdaşlıq təşəbbüslərinə
adekvat reaksiya verəcəyi təqdirdə, Azərbaycan Ermənistanla keçmiş düşmənçiliyi
aradan qaldırmağa, bu səhifəni bağlamağa da hazırdır.
Bununla belə, biz heç vaxt Xocalı soyqırımını unutmayacağıq. Heç vaxt
şəhidlərimizin qəhrəmanlığını unutmayacağıq. Amma biz şəhidlərimizin, o cümlədən
Xocalı qurbanlarının qanını aldıq.
Bu gün müharibədən sonra yeni dövr başlayır. İndi Qarabağın bərpası ilə
bağlı bizim əsas rəqibimiz zamandır. Ölkənin gələcəyini elə planlaşdırmalıyıq ki,
uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun, ölkəmizin
qüdrəti artsın, təsir imkanlarımız artsın və daim Azərbaycan xalqı təhlükəsizlik
şəraitində öz dədə-baba torpağında yaşasın. Prezident əlavə edib ki, bütün
sahələrdə, o cümlədən siyasi islahatlar sahəsində ən müasir təcrübə Azərbaycanda
tətbiq edilməlidir. YAP bundan sonra da bütün ölkəmizdə gedən proseslərin
mərkəzində dayanmalıdır.
Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir ailə kimi yaşayırlar
və bundan sonra da bir ailə kimi yaşayacaqlar.
İkinci Qarabağ müharibəsində Azərbaycanda yaşayan bütün xalqların
nümayəndələri fədakarlıq, qəhrəmanlıq göstərmişlər. Şəhid olmuş, Vətən uğrunda
vuruşmuş, Azərbaycan bayrağı altında ölümə getmişlər. Son 30 il ərzində
Ermənistan dövlətinin və erməni diasporunun əsas fəaliyyətlərindən biri
Azərbaycanda yaşayan xalqlar arasında qarşıdurma yaratmaq olub.


Prezident İlham Əliyev əlavə olaraq bildirib ki, Azərbaycan dünya miqyasında
nadir ölkələrdəndir ki, tam müstəqil şəkildə öz daxili, xarici siyasətini aparır, öz
dostlarını özü seçir, heç kimin qabağında baş əymir, heç kimə hesabat vermir. 30
ildən sonra biz müstəqillik gününü qürur hissi ilə qarşılayırıq. 30 ildən sonra
Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş ölkə kimi, Ermənistanı məğlub etmiş ölkə
kimi bu yubileyi qarşılayır.
Zəngəzur dəhlizi tarixi nailiyyətimizdir. Üçtərəfli Bəyanatda xüsusilə bu
məsələnin əks olunması bizim böyük siyasi qələbəmizdir. Hazırda Zəngəzur
dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox
nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir. İndi Ermənistan
əməkdaşlıqdan boyun qaçırır. İndi Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl
törətmək istəyir. Lakin onları məcbur edəcəyik. Necə ki, qovmuşuq torpaqlarımızdan,
bütün istədiyimizə nail olacağıq.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com