Xəzangül Qədimlinin yeni kitabı haqqında təəssüratlarım
Bugünlərdə Xəzangül Qədimli “Xınası qandan Laçınım” adlı yeni kitabını
mənə hədiyyə etdi. Diqqətlə oxudum, kitab yığcam olsa da, çoxlu maraqlı və
diqqət çəkən şeirlər toplanıb. Bu kitab Xəzangül müəllimin “Sən görüşə gələndə”
adlı kitabından sonra ikinci kitabıdır.
Xəzangül müəllimin bu kitabında toplanmış şeirləri birinci kitaba nisbətən daha
sanballı, daha geniş, mənalı, mükəmməldir. Kitaba dövrümüzün vacib problemləri,
Xocalı dərdi, işğal altında olan torpaqlarımızın azad olunması yolunda canını fəda etmiş
şəhidlərimiz, torpaqlarımızı işğaldan azad edən şanlı ordumuz, igid əsgərimiz haqqında,
eləcə də qadın zərifliyi və dözümlülüyü barəsində, ata-ana haqqında, kitab və söz
haqqında maraqlı şeirlər daxil edilmişdir.
Bu kitabında müəllif xeyli yeni söz və fikirlər söyləmişdir. Yeni söz deyəndə bəzən
elə düşünən olur ki, müəllif yeni söz kəşf etməlidir. Ancaq bu belə deyil. Yeni söz
yerində işlənmiş yeni fikir bildirən sözlərdir.
Bəzi misallar gətirim, şəhid balası haqqında müəllif yazır:
Dağılmış telinə gəl sığal şəkim,
Əyilim, kiçilim, qarşında çöküm,
Sənin əvəzinə göz yaşı töküm,
Gəl belə ağlama, şəhid balası.
Şəhid balası haqqında belə sözləri heç kim deməyib.
Üzünü görmədiyi, bulaqlarından su içmədiyi, lakin həsrətini çəkdiyi dağlar
haqqında deyir:
Soyum, köküm, varım orda,
Can üstəyəm qarım orda,
Dağlar kimi yarım orda,
Aparın məni dağlara.
Şanlı ordumuzun şücaəti, qanı hesabına Laçının işğaldan azad edildiyinı eşidən
müəllif həsrətini çəkdiyi, Qibləsi hesab etdiyi Laçına getmək istəyir:
Keçdilər candan Laçınım,
Qurtardı zindan Laçınım,
Xınası qandan Laçınım,
Gəlirəm səni görməyə.
Şanlı Ordumuz, igid əsgərimiz haqqında qürur hissi ilə danışan müəllif yazır:
Bir tarix yazdılar qanın, iziylə,
Dünya şahid oldu, dünya gözüylə,
Çəkdi ucalığa haqqı özüylə,
Mənim şanlı Ordum, şanlı Əsgərim!
Şair xanım həyatda çəkdiyi iztirabları, itgiləri, çətinlikləri, işğal altında olan Vətən
həsrətini öz şeirlərində yaşayır. Bu şeirlərində də müəllif özünə sadiq qalır, yeni söz və
ifadələr tapır:
Gül ola çəməndə solan olmaya,
Gözləri qəhərdən dolan olmaya,
Heç kimin dünyası talan olmaya,
Öpüb gözü üstə qoya dünyanı.
Ancaq dünyanı heç də hamı öpüb gözü üstə qoymur. Dünyanın öz gərdişi var.
Adətən şairlər qadınların incəliyini, zərifliyini tərənnüm edirlər. Xəzangül xanım öz
şeirlərində qadının mərdliyini, dözümlüyünü, dərdini hamıdan gizlətdiyini belə təsəvvür
edir:
Bu sevgi nə idi, günüahı oldu,
O dərdin, dərd onun pənahı oldu,
Yeganə sirdaşı Allahı oldu,
Dərdini hamıdan gizlədi qadın.
Müəllif kitabı Allahın ən şirin sözü hesab edir. Bu da təsadüfi deyil. İnsanlara
düzgün yol göstərən müqəddəs kitab elə Allahın sözü olan Qurani Kərimdir:
Oxudum, çırpındı könül qəfəsdə,
Kitabsız deyilmi könül qəfəsdə,
Ayəsi oxunar başımın üstə,
Allahın ən şirin sözüdür Kitab!
Bu kitabda müəllifin qəmlə köklənmiş xeyli şeirləri var. Ancaq sonda müəllif
respubilkamızda gedən müsbət prosesləri, torpaqlarımızın otuz illik düşmən
tapdağından azad edilməsini, insanların maddi rifahının yüksəlməsini, şairin kiçik Vətəni olan Laçının azad edilməsini görərək nikbin əhval ruhiyyə ilə yazır:
Ay Xəzangül, bu kədərdən əl götür,
Qucağına dəstə-dəstə gül götür,
Tellərindən ayır bir cüt tel götür,
Aləm gəlsin söhbətinə sözünə.
Kitabda həmçinin Xəzangül xanımın şair təbiətli mərhum atası Valeh
Kürdoğlunun da bir neçə şeiri və bayatıları yer alıb.
Xəzangül Qədimlinin bu kitabını şairin yeni ədəbi uğuru hesab etmək olar.
Teymur RƏHİMOV