Hər zaman qəlbimizdəsən

Şahmallar oykonimininin adı Şahməlilər olmalıdır. Toponim Şahməli şəxs adından və
cəmlik ifadə edən – lar şəkilçisindən ibarətdir. Şahməlilər bu yaşayış məntəqəsində ilk
dəfə məskunlaşmış nəslin adıdır. Yerli məlumata görə şahməlilər nəsli kəbirli tayfasına
mənsubdur.
… Şükürov Vüsal Zahir oğlu 14 noyabr 1995-ci ildə Şahmallar kəndində dünyaya göz
açıb. 2001-ci ildə kəndlərindəki məktəbin birinci sinfinə daxil olub. Burada birinci sinfi
bitirən Vüsalı Bakıda inşaatda çalışan atası Zahir öz yanına aparır ki, gözü üstündə
olsun. Uşaq çağlarından sərbəst həyata alışan Vüsal Bakının Suraxanı rayonunun
Hövsan qəsəbəsində yerləşən 76 saylı tam orta məktəbdə təhsilini davam etdirir. Öz
bilik və bacarığı ilə müəllim kollektivinin, eləcə də şagirdlərin dərin hörmətini qazanan
Vüsal məktəbi uğurla bitirir və Bakıda ali məktəbə qəbul olur. 2016-cı ildə ali məktəbi
müvəffəqiyyətlə başa vuran qəhrəmanımız elə həmin il ordu sıralarına yollanır. 2017-ci ildə ordudan tərxis olunur. Bundan sonra müxtəlif əmək sahəsində çalışır, ailələrinin
maddi yardımçısı olur. Valideynlərinə hərtərəfli köməklik göstərir. Vətən müharibəsi
başlanandan xeyli əvvəl Vüsal valideynlərinin gözləmədiyi bir vaxtda sürücülük kursuna yazılır. Evdəkilər onu məzəmmət edəndə söyləyir ki, sürücülük peşəsi müharibə başlasa gərəyim olacaq…
Vətən müharibəsi başlananda cəbhənin ön sıralarında vuruşmağa başlayan Vüsal
Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının düşməndən azad olunmasında şücaət və
rəşadət göstərir. Cəbrayıl azad olunanda əslən cəbrayıllı olan anasına zəng edib onu
muştuluqlayır. “Gözün aydın, kiçik Vətənin düşmən pəncəsindən azad oldu” deyir.
Vüsal Zahir oğlu Şükürov 10 oktyabr 2020-ci ildə Şuşa döyüşlərində başından minaatan qəlpəsindən yaralanır və şəhadətə qovuşur. Ağcabədi şəhərində, Şəhidlər Xiyabanında dəfn olunur.


Atası Zahir dayı söyləyir ki, Vüsal ailənin tək oğlu olduğu kimi, həyatda da tək oğlan idi. Böyüyün, kiçiyin yerini bilərdi. Valideynlərinə böyük sayğı ilə yanaşardı. Çalışardı ki, ata-anasına, yaxınlarına hər cür kömək edib, dayaq olsun.Çox vətənpərvər idi.
… Sadəlövh, təvazökar olan igid şəhid Vüsal Şükürov evə zəng edəndə geriyə mütləq
qələbə müjdəsi ilə gələcəyinə söz vermişdi. Amma nə edəsən, həyatda bizim
istəyimizcə alınmayan çox şeylər olur…
İndi ruhu ucalıqlarda olan Vətən müharibəsində göstərdiyi igidliyə görə “Vətən uğrunda”
medalı ilə təltif olunan şəhid Vüsal qoy bilsin ki, onun əziz xatirəsi hər zaman
yaddaşımızda və qəlbimizdə yaşayacaq. Şair sanki bu misraları Vüsal kimi qeyrətli, igid oğullarımız haqqında yazıb:

Al qanımız halal olsun,
bu yurdun hər qarışına.
Şəhidlərimiz qaldırıb,
Günəşi dağ başına.

Yaramızı sarıyanda
bu gün anamız Vətən.
Onda sənin yarandan
öpəcəyəm qardaşım mən.

Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər