Müraciətlərə Operativ Baxılma mərkəzinin yaranmasından 1 il ötür

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli icra hakimiyyəti orqanlarına vətəndaşların müraciətlərinə operativ baxılması, onların qəbulu və dinlənilməsi prosesinin təkmilləşdirilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr Ağcabədi rayon İcra Hakimiyyəti tərəfindən fəaliyyət prioriteti kimi qəbul olunaraq, 16 mart 2020-ci il tarixdə Ağcabədi RİH yanında Müraciətlərə Operativ Baxılma Mərkəzi yaradılmışdır. Mərkəzin yaradılmasında məqsəd rayon icra hakimiyyətinin səlahiyyətlərinə daxil olan xidmət və fəaliyyətlərin optimallaşdırılması, vətəndaş müraciətlərinin operativ formada həllinə nail olunması, vətəndaşın eyni vaxtda vahid məkanda rayon icra hakimiyyətinin bütün struktur bölmələri ilə ünsiyyətdə olmasının təmin edilməsi, keyfiyyətli xidmətin göstərilməsi və son nəticədə vətəndaş məmnunluğunun yüksəldilməsidir. Vətəndaşların müraciətinin cavabı kağız formasında, yerində vətəndaşa təqdim olunur, eləcə də cavablar vətəndaşın istəyinə uyğun e-mail, “WhatsApp”, mobil tətbiqi və sms vasitəsi ilə göndərilir, həmçinin qaynar xətt, “WhatsApp” və e-mail vasitəsi ilə daxil olunan müraciətlər də, eyni formada cavablandırılır.

Ötən bir il ərzində MOB Mərkəzinin əməkdaşları tərəfindən 3871 müracitə baxılmış, 2400 müraciət müsbət həll olunmuş, 658 müraciət qismən həll olunmuş, 774 müraciətə müvafiq izahat verilmiş, 39 müraciət əsasız hesab edilmişdir. Ötən bir il ərzində MOB Mərkəzinə vətəndaşlar tərəfindən olunan hər bir müraciət ətraflı araşdırılıb, yerli spesifik xüsusiyyətlərə uyğun olaraq hər müraciət maksimum 2-3 gün ərzində müsbət həll olunaraq vətəndaşlara məlumat verilmişdir.

Bütün bunlarla yanaşı bildiririk ki, ölkə ərazisində COVİD-19 pandemiyası ilə bağlı tətbiq olunan karantin rejiminin tələblərinə uyğun olaraq bəzi istehsal və xidmət sahələrinin fəaliyyətinin dayandırılması, öz yaşayış yerlərini tərk etmələri səbəbindən iş yerləri müvəqqəti bağlanılmış vətəndaşlar müvafiq müraciətlər əsasında mobil qruplar vasitəsi ilə ərzaq yardımları və tibbi vasitələrlə təmin olunmuşlar. Eyni zamanda 44 günlük Vətən Müharibəsi zamanı keçmiş təmas xəttinə yaxın Ağcabədi rayonun 22 yaşayış məntəqəsinin sakinləri və qonşu rayonların müvəqqəti olaraq daimi yaşayış yerlərini tərk etmiş sakinlərinin müraciətləri MOB mərkəzi tərəfindən qəbul olunmuş, rayon ərazisindəki, ümumtəhsil məktəblərinə və fərdi yaşayış evlərinə yerləşdirilərək, yaşayış üçün zəruri ehtiyac olan yataq dəstləri, gigiyenik vasitələr, tibbi ləvazimatlar və ərzaq təminatı ilə bağlı müraciətləri operativ şəkildə həll olunmuşdur.

Martın 16-da MOB mərkəzinin yaranmasından 1 il ötür. Mərkəzin fəaliyyəti üçün yaradılan şəraitə görə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısına öz minnətdarlığımızı bildirir, vətəndaşların rahat, sənədlərin aşkarlıq şəraitində qəbul edilməsi, vaxt itkisi olmadan xidmət göstərilməsi ilə bağlı əlimizdən gələni edəcəyimizi, müasir informasiya texnologiyalarının üstünlüklərindən istifadə edərək vətəndaş məmnunluğunun yüksəldilməsi üçün səylə çalışacağımızı bildiririk.

Elçin ZEYNALOV,

Müraciətlərə Operativ Baxılma Mərkəzinin rəhbəri

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər