Mart ayının 17-də YAP Ağcabədi rayon təşkilatının inzibati binasında Milli Məclisin deputatı, Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayevin gənclərlə görüşü keçirilmişdir.
Görüşü YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov giriş sözü ilə açmış, Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi 1-dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Rövşən Əhmədov çıxış edərək bildirmişdir ki, bir neçə gün əvvəl mart ayının 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilmişdir. Bu qurultay Azərbaycanın ictimai-siyasi həyatında mühüm tarixi hadisə olmuşdur. VI qurultaydan keçən 3 il ərzində ölkəmizdə bir çox önəmli hadisələr baş vermiş, dünya miqyasında gedən qlobal dəyişikliklər Yeni Azərbaycan Partiyasının siyasi proseslərə yeni prizmadan yanaşılması, yeni konsepsiyaların meydana çıxması baxımından növbəti qurultayın çağırılmasını zəruri etdi. Mən də qurultayda iştirak etmişəm. Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin qurultayda söylədiyi fikirləri nəzərinizə çatdırıram: “Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, eyni zamanda Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var. Biz gələn il, partiyamızın 30 illik yubileyini keçirəcəyik. Hesab edirəm ki, partiya yenilənmiş formatda, o cümlədən rəhbər orqanlarında təmsil olunan namizədləri nəzərə alsaq daha fəal olacaq, ölkə qarşısında duran problemləri daha fəal icra edəcəkdir. Həyat, zəman dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tədbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfələrini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın.”
Cənab Prezidentin çıxışında erməni işğalçıları üzərində qələbəni ərazi bütövlüyümüzün təmin olunhmasında parlaq zəfər adlandırmışdır. Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu. Xalqımız birlik, həmrəylik, ordumuz rəşadət, qəhrəmanlıq göstərdi. İqtidar,xalq,ordu birliyi öz bəhrəsini verdi.
Çıxışında cənab Prezident həmçinin ulu öndər Heydər Əliyevin müstəqilliyimiz, ölkənin iqtisadi və hərbi potensialının artırılması, xalqın rifah halının davamlı olaraq yüksəldilməsi istiqamətində çoxsahəli və qətiyyətli fəaliyyətinə bir daha toxunaraq, onun Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərini qeyd etdi. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan, bəlkə də, ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, asılı bir dövlət kimi yaşayırdı.
Partiya sədri onu da vurğuladı ki, 2003-cü ildə Azərbaycan xalqı Heydər Əliyev siyasətinə səs vermiş, mənə etimad göstərərək Prezident seçmişdir. Mən seçkiqabağı Platformamda demişdim: Əgər xalq etimad göstərsə, ulu öndərin siyasətinə sadiq qalacağam. Həyat onu göstərdi ki, biz son 17 ildə doğrudan da böyük tarixi uğurlara imza atdıq. İndi Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş, dünya siyasətində rolu olan, əhalisi yüksək rifah halında yaşayan bir ölkədir. Ölkədə həmrəylik və birlik bərqərar olub ölkənin iqtisadiyyatı inkişaf edir.
Rövşən Əhmədov daha sonra çıxışında qeyd etdi ki, qurultayda YAP-ın yeni Nizamnaməsi qəbul edildi, struktur dəyişikliyi aparıldı: Partiyanın 40 nəfərdən ibarət İdarə heyəti, 13 nəfərdən ibarət təftiş komissiyasının tərkibi, 35 nəfərdən ibarət yeni bir qurumun- Veteranlar Şurasının yaradılması barədə qərar qəbul edildi. Tədqirə layiq haldır ki, artiyada uzunmüddətli və səmərəli fəaliyyəti nəzərə alınaraq, millət vəkili Tahir Rzayev də həmin tərkibə seçilmişdir.
Qurultayda həmçinin 6 siyasi Partiyanın- Azərbaycan Xalq Demokratik Partiyasının, Azərbaycanın Kəndli Partiyasının, Milli Qurtuluş Partiyasının, Azərbaycanın Yurddaş Partiyasının, Azərbaycan Milli Hərəkat partiyasının, Azərbaycan Demokrat Sahibkarlar Partiyasının YAP-a qoşulmaq barədə müraciətlərinə baxıldı və onların YAP-a qoşulması barədə qərar qəbul edildi.
Tədbirdə Milli Məclisin deputatı, Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev gənclər qarşısında geniş çıxış edərək qeyd etdi ki, Yeni Azərbaycan Partiyası bu gün Azərbaycanın həyatında müstəsna rol oynayan, gələcəkdə də bu tarixi missiyanı şərəflə davam etdirməyə qadir, ulu öndər Heydər Əliyevin ideyalarından güc alan möhtəşəm siyasi bir təşkilatdır. YAP-ın VII qurultayında ərazi bütövlüyümüzün və tarixi ədalətin təmin olunması xüsusi ilə qeyd edilmişdir. Qazanılmış uğurlar və qarşıda duran vəzifələrlə bağlı ətraflı məlumat verən Tahir Rzayev çıxışında azərbaycan gəncliyinin böyük bir siyasi qüvvə olduğunu, əcdadlarımızın qəhrəmanlıq ənənələrini yaşadan, vətənpərvərliyi ilə seçilən qeyrətli gənclərin timsalında gələcəyimizin etibarlı əllərdə olduğunu vurğuladı.
Tədbirdə YAP Gənclər Birliyinin sədr müavini Cavid Bünyadov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Əli Əhmədov, gənc YAP fəalı Əliş Həsənli, YAP Ağcabədi rayon təşkilatında məsləhətçi Behbud Quluzadə çıxış edərək qeyd etdilər ki, Yeni Azərbaycan Partiyasinin VII qurultayi həm ölkəmiz, həm də partiyamiz üçün mühüm ictimai siyasi hadisədir. Sonuncu qurultaydan 3 il keçməsinə baxmayaraq çox böyük siyasi, iqtisadi nailiyyətlər əldə olunub. Ən əsasi isə 44 günlük vətən müharibəsində müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və xalqımızın əzmkarlığı sayəsində möhtəşəm qələbə qazanılıb. Artıq ərazi bütövlüyümüz bərpa olunub. Heç kimə sirr deyil ki, biz bu müharibəyə 28 ildir həm hərbi, həm siyasi, həm də iqtisadi cəhətdən hazırlanmışdıq. Dəfələrlə cənab İlham Əliyevin sülh çağırışlarına baxmayaraq, Ermənistan öz təcavüzkar siyasətindən əl cəkməmişdir. Nəticədə sonuncu təxribatların qarşısı uğurlu əks-hücumla alındı.”Dəmir yumruq”sayəsində düşmən geri çəkilməyə məcbur oldu. O “Dəmir Yumruq” ki, onun adı altında bütün xalq, gənclər həmrəy oldu.
Nazim BÜNYATOV,
YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri