“Ağırlığım, uğurluğum odlara…”

Novruz bayramı dedikdə təbii ki, ilk ağıla gələn tonqallar, səməni, paxlava,
şəkərbura, qoğal və s. kimi atributlardır. Mən isə sizə bu gün çərşənbələr haqqında
məlumat vermək istərdim.
Novruz bayramına qədər dörd çərşənbə olur.
İlk çərşənbə su çərşənbəsidir. El arasında bu çərşənbəyə “Yalançı çərşənbə”, “Əzəl
çərşənbə” də deyilir. Xalqın inanclarına görə bu çərşənbədə sular və su mənbələri
təzələnir, su ilə bağlı müxtəlif şənliklər keçrilir. Digər bir inanca görə isə bu
çərşənbədə “təzə sudan” keçənlər “azarını-bezarını” ona deyənlər il boyu
xəstəliklərdən uzaq olurlar. Xalqımızın su ilə bağlı deyimlərindən bir neçəsini sizinlə
bölüşürük: “Pis yuxunu suya danışarlar”, “Yuxuda su görmək aydınlıqdır”, “Qaş
qaralanda qaynar suyu torpağa atmazlar” və s.
İkinci çərşənbə od çərşənbəsidir. Od çərşənbəsi qədim insanların oda, günəşə olan
inamından irəli gəlir. Adətə görə, bu çərşənbədə alovun üzərindən tullanmaqla
daxildə olan çirkabı, azar-bezarı oda atırlar. Odla bağlı deyimlərimizdən bir qismi
bunlardır: “Odun qaynar olsun”, “Ocağın odlu, süfrən dolu olsun”, “Oddan pay
verməzlər”.


“Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi
çərşənbələrin üçüncüsüdür. Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı
müxtəlif nəğmə, rəvayətlər yaranmışdır. Sinəsi sözlə coşub çağlayan xalqımın bu
çərşənbə ilə əlaqəli də deyimləri var: “Yel aparan yelinki, yerdə qalan mənimki”,
“Yelnən gələn selnən gedər”, “Yel olmasa, sel də olmaz”, “Yel bağlayanı sel açar” və
s. İlin axır çərşənbə torpağın oyanışı, özlüyündə bərəkəti, məhsul artımını xarakterizə
edən və bolluğu təmsil edən Torpaq çərşənbəsidir. Torpağın müqəddəsliyi və
həyatvericilik gücü ondadır ki, digər yaradılışların hər biri torpaqdan dirilik tapıb,
inkişaf edir. Bu çərşənbə digər çərşənbələri təmtəraqlı qeyd edilməsi ilə üstələyir. Bir
çox bölgələrimizdə, o cümlədən rayonumuzda ilaxır çərşənbə xüsusilə geniş qeyd
olunur. Şərq adətlərinə görə həmin gün toyuq, balıq, göyərti, səməni, alma olmalı və
s. Süfrədə hər bir ailə üzvünün sayına uyğun olaraq şam yandırılmalıdır. Bu
çərşənbəni özəl edən adətlər qaş qaralan zaman qulaq falına çıxılması, evlərin
qapılarına “qurşaq sallamaq” və müxtəlif inancaların yerinə yetirilməsidir.
Əziz ağcabədililər İlaxır çərşənbəniz və Novruz bayramınız mübarək! Canınız sağ,
süfrəniz bol ruzili olsun!

Rəmziyyə HƏSƏNOVA

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com