Aqil Abbas: “44 günlük müharibə” Üzü Ağcabədiyə (II məqalədən bir parça)

… Ağcabədiyə çataçatda rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynova telefon
açıram. Təbii ki, hal-əhval tuturam və rayonun nə qədər şəhid verdiyini, nə qədər
yaralısı olduğu ilə maraqlanıram.
Bildirir ki, Hacıbədəllidə şəhid yasındayam, bu gün dəfn edəcəyik, sonra görüşərik.
Maşını birbaşa Hacıbədəlliyə sürdürürəm. Kəndə girəndə qabağıma maşın karvanı
çıxır. Heç demə, şəhidi Ağcabədidəki Xiyabana gətirirlər. Geri qayıdırıq. Xiyaban
Azərbaycan bayraqlarından od tutub yanır.
Çox qeyri-adi və ağır bir səhnə idi. Gün gələr, bunu yazıçı kimi yazaram.
Şəhid öz məzarına sığmırdı.
“Nəsimi” filmində bir yer var: “Mən at ağızlı oğlanlarımı verdim”. Bu ifadədən çox xoşum gəlir.

“At ağızlı oğlan” nə deməkdir? Qarabağ atları döyüşdə ön pəncələriylə düşmənlə
vuruşurdu, ağızlarıyla düşməni parçalayırdı. “At ağızlı oğlanlar” ifadəsi də burdan gəlir.
Və bir də belə oğlanlara Qarabağda “lay divar oğlanlar” deyirlər.
Hacıbədəllidən şəhid olan bu igid də “at ağızlı oğlan” idi, “lay divar oğlan” idi və
məzarına sığışmırdı.
Onun 9-10 yaşlı oğlunun gözlərinə baxmaq mümkün deyildi. “Lay divar” atasının
məzara sığmadığını və yenidən məzarının genişləndirilməsinə baxan bu uşağın nə
çəkdiyini bəlkə heç Allah da bilmir.
İcra başçısı bayrağı ona verəndə uşaq bayrağı öpüb sinəsinə necə sıxdısa elə bil ki, indicə məzara qoyulan atasını öpüb bağrına sıxırdı. Özümü saxlaya bilməyib
kənara çəkildim. Amma heç vaxt o uşağın baxışlarını unuda bilmərəm. Bəlkə də o
baxışlar bir romanın mövzusuydu və bəlkə də o romanı yazmaq mənim gücüm
xaricindədi.
Sonra başqa şəhid dəfnlərinə gedirik.
Yeri gəlmişkən, Ağcabədi Şəhidlər Xiyabanında Birinci Qarabağ savaşında şəhid olmuş
“Azərbaycan Bayrağı” ordenli Əkbər Alıyevin də simvolik məzarı var. Ölümündən sonra
doğulan övladını görməyən Əkbər mənim bacımın yoldaşıdı, polis kapitanı idi. Əslində
məzarı Avşar kəndindədi, amma müharibədə şəhid olmuş və hardasa başqa-başqa
yerlərdə dəfn edilmiş şəhidlərin də bu Xiyabanda simvolik məzarları var.
Geri qayıdırıq, Sarıcalı kəndinə. Bu kənddə yaşayan Xocalı sakininin müharibədə şəhid
olmuş məzarını ziyarət etməyə.
Ordan isə ara yolla Ağcabədinin Qaraxanlı kəndinə gedirik. Bu kənd 3 şəhid verib və bu
gün onlardan birinin dəfnidi.Qaraxanlı mənim doğulduğum Bayatın Kolanı kəndi ilə
təxminən 2 kilometr məsafədədi. Dəfndə iştirak edirik. Şəhidlərin ailəsinə nə təskinlik
verək!

Mənim bütün şəhid ailələrinə, xüsusilə də analarına verdiyim bir təskinlik var:
Tezliklə Qarabağ azad olunacaq, Şuşaya bayraq sancacağıq. Gedib övladlarınızın
şəhid olduğu torpaqları görəcəksiniz. Sizin göz yaşlarınız tökülən hər torpaqda şəhidlər çinar olub bitəcəklər, palıd olub bitəcəklər, şümşad olub bitəcəklər, gül-çiçək olub bitəcəklər. Mən nə zaman Qarabağa gedirəmsə, mütləq Bayatdakı (daha dəqiq, Kolanıdakı) Seyid Heydər Ağanın məqbərəsini ziyarət edərəm, sonra keçib atamın və babalarımın məzarlarını ziyarət edərəm.
Qaraxanlıdan çıxanda icra başçısına deyirəm ki, siz gedin, mən getdim Kolanıya,
əzizlərimin qəbrini ziyarət etməyə.

-Axşama yemək hazırlasınlar?
Köməkçimin gözlərinə işıq gəlir.

-Yox, çörəyi ya Bayatda, ya da Əfətlidə yeyəcəm. Amma Qonaq Evinin qapısını açıq
qoysunlar gecə qayıdacam, orda qalacam…

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər