Ölkəmizda müstəqillik dönəminin əvvəlki illəri ağır sınaqlarla müşahidə olunub. Həmin vaxtlarda baş verən hadisələrin dövlətimiz tərəfindən qarşısı alınıb və hüquqi-siyasi qiymətləri verilib. 1995-ci ilin mart hadisələri də bu baxımdan diqqəti çəkir.
13-17 mart 1995-ci il Azərbaycanda dövlət çevrilişinə cəhdin tarixidir. 1995-ci ilin mart ayının 13-nə keçən gecə OMON-un Ağstafa və Qazax rayonunda yerləşən bölməsi tərəfindən dövlət idarələrinə silahlı hücum təşkil edilmiş və dövlət əleyhinə qiyam baş vermişdir. Martın 15-də Azərbaycan Ordusunun bölmələri tərəfindən həmin qiyam yatırılmışdır. Martın 16-17-də Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri Rövşən Cavadovun rəhbərliyi ilə Bakıda çevrilişə cəhd göstərilmişdir. Martın 17-də Azərbaycan Silahlı Qüvvələrinin dəstələri üsyançıların düşərgəsini mühasirəyə almış və qiyam yatırılmışdır;
“OMON”-dan dəfələrlə tələb edilmişdi ki, DİN-in daxilində qeydiyyatdan keçsin və bu qurumun tabeçiliyinə daxil olsun. Amma OMON-çu dəstələr bütün cəhdlərə baxmayaraq, hakimiyyətə müqavimət göstərmək qərarına gəldilər. Konkret dövlətin himayəsi ilə yaradılmış silahlı dəstə sonradan dövlətin əleyhinə olan qiyamçı dəstəyə çevrildi. Dövlət başçısının çağırışlarına məhəl qoymayaraq, dövlətə tabe olmaqdan boyun qaçırıldı.
Ulu öndər Heydər Əliyevin nüfuzu və xalqın dəstəyi dövlət çevrilişinin qarşısını almağının səbəbidir. 15 mart 1995-ci il tarixində ulu öndər Heydər Əliyev OMON-un dövlət çevrilişinə cəhd göstərməsi ilə əlaqədar televiziya və radio ilə xalqa müraciət etmişdir. Azərbaycan xalqının ulu öndər Heydər Əliyevə, qanuni hakimiyyətə birmənalı dəstəyi qiyamın baş tutmamasına səbəbi oldu.
Əlbəttə, Azərbaycanın bütövlüyünün qorunması ümummilli Heydər Əliyevin tarixi xidmətidir. Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev vətəndaş qarşıdurmasına səbəb ola biləcək hadisənin qarşısını aldı və ölkədə davam edən hakimiyyət böhranına, anarxiya və özbaşınalığa son qoydu. Həmin hadisələr, bir daha göstərdi ki, Azərbaycan xalqı və onun ordusu ölkə daxilində qarşıdurma yaratmaq istəyənləri dəstəkləmir və onları müdafiə etmir.
Əslində, 1995-ci ilin mart hadisələri Azərbaycan dövlətçiliyinə qarşı xəyanətkarlıqdır. Dövlət çevrilişinə cəhd edən qeyri-qanuni silahlı birləşmələrin rəhbəri Rövşən Cavadov və onun ətrafı hakimiyyəti silah gücünə, qeyri-konstitusion yolla ələ keçirməkdə tam israrlı idi. Onlar ağsaqqalları, ziyalıları, hətta yaşlı atalarını da dinləmədilər. Cəmiyyətdə dövlət çevrilişinə cəhd göstərənlərə qarşı şiddətli nifrət yaranmışdı. Xalq kütlələri xəyanətkar və cinayətkar əməllərə son qoyulmasını tələb edirdi. R.Cavadovun adamlarının, eyni zamanda, proseslərdən faydalanmaq arzusuna düşən dağıdıcı müxalifət partiyalarının nümayəndələrinin xalq arasında apardığı təbliğat işləri isə heç bir nəticə vermirdi.