Böyük Qayıdışı səbrsizliklə gözləyirik

Doğrudan da, arzularından arzu doğar. Vaxt var idi işğal altında olan
torpaqlarımızın tam, bütöv halda ölkəmizə yenidən qayıtmasını istəyirdik. Bu
arzumuz nəhayət ki, yerinə yetdi. İndi isə istəyirik ki, tezliklə, o torpaqlara qayıdaq,
gedək görək otuz il bizsiz qalmış doğma torpaqlarımız, yurd yerlərimiz nə
vəziyyətdədir. Həmin yerlərə ayaq basmaq, oraları öz gözlərimizlə görmək üçün
səbirsizlənirik. Təbii ki, bu hər bir Azərbaycan vətəndaşının arzusudur.
Keçən illər ərzində bir an olsun belə, o torpaqları unutmadıq, daim ümid
edirdik, inanırdıq ki, bir gün gələcək torpaqlarımıza qovuşacağıq, arzularımız
gerçəkləşəcək. Hətta, doğma ərazilərimizdəki hava haqqında məlumatı belə
eşidəndə qəlbimizdəki yurd eşqi daha da alovlanırdı, sanki orada hava soyuq olanda
üşüyürdük, isti olanda isə ürəyimizə ilıq bir hərarət gəlirdi.
2020-ci il gəlişi ilə bütün dünyanı sarsıtdı. Belə ki, dünyada yaşayan insanların
hamısı gözə görünməyən, eyni zamanda çox təhlükəli COVİD-19 virusu ilə üzləşərək
onunla mübarizəyə başladı. Hər yerdə qorxu, ölüm, işsizlik böhranı yarandı, əhali
böyük çətinliklərlə qarşılaşdı. Belə bir zamanda dözlətimiz əhalisinin qayğısına
qalaraq bütün bu problemləri aradan qaldırılmasına çalışarkən həmin ildə də Vətən
müharibəsinə başlamalı oldu. Səbəbi hamımıza bəllidir. Mənfur erməni
düşmənlərimiz vətənimizin 20% torpaqlarını işğal altında saxlayaraq, hələ bu azmış
kimi yeni torpaqlar əldə etmək məqsədi ilə yenidən hücuma keçdi. Ordumuz
torpaqlarımızın müdafiəsinə qalxaraq əks-hücuma keçdi. 44 gün davam edən, sonda
Böyük Qələbə ilə başa çatan vətən uğrunda müharibə tarixdə II Qarabağ savaşı adı
ilə qalacaqdır. Şanlı Qələbəmiz insanlarımızın bir çox arzularına yol açdı. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında böyük bir kollektiv çalışır. Bu kollektivə il yarımdır ki, direktor təyin olunmuş dosent Mobil Kamil oğlu Məcidov rəhbərlik edir. Mobil müəllim çox işgüzar, təşkilatçılıq qabiliyyətinə malik, eyni zamanda təmkinli, aristokrat bir ziyalıdır. Hal-hazırda fəaliyyət göstərən bu filial vaxtı ilə Xankəndi Pedaqoji İnstitutunun bazasında olub. 1990-cı illərdə ölkəmizdə baş verən məlum hadisələrdən sonra ermənilər bir çox vətəndaşlarımızın, eyni zamanda da institutun kollektivinin Xankəndindən çıxarılmasına nail oldular.

Belə olan halda institut bir müddət Şuşada filial kimi fəaliyyət göstərdi, lakin orada vəziyyət pisləşəndən sonra Dağlıq qarabağın aran bölgəsi olan Ağcabədiyə pənah gətirərək burada yerləşdi.

Həmin kollektiv öz doğma Xankəndi Pedaqoji İnstitutuna yenidən qayıtmaq
arzusundadır. Onlar hər gün oradan danışıb öz xatirələrini bölüşürlər. Şanlı
Qələbəmizdən sonra da onlar təhsil aldığı, işlədikləri institutu yenidən görmək, orada
fəaliyyətlərinə başlamaq üçün o Böyük Qayıdışı səbirsizliklə gözləyirlər.
Universitetimizin direktoru da, institutun Ağcabədidə yerləşməsindən sonra orada
çalışan digər müəllimlər də onların illər boyu ürəklərində yaşatdığı bu arzuya qoşulur,
sevinclərinə şərik olur.
Hər bir insan həyatı boyu həmişə arzular edir, ümidlərlə yaşayır. Ümidlər heç
vaxt sönməsin, qırılmasın! Əgər bunun əksi olarsa nə böyük faciə! Həyatda həmişə
gərək nikbin olaq, düzələ bilməyən işlərə də “düzələr” deyək ki, işimizin sonu uğurlu
olsun. Eyni ilə Qarabağ arzumuz kimi. Kim inanardı ki, 30 ildən sonra o doğma torpaqlarımıza yenidən qayıdacağıq. Dözümlü olduq, səbr etdik, ümidimizi əldən
vermədik. Bitib-tükənməyən arzular isə yenə də davam edir…Hələ görüləcək çox işimiz var…

ADPU-nun Ağcabədi filialının baş müəllimi,
Gəncə Dövlət Universitetinin “Azərbaycan və
dünya ədəbiyyatı kafedrası”nın dissertantı:
Lətifə ƏHMƏDOVA

Şərhlər