İŞĞALDAN AZAD EDİLƏN QARIMIZ

Bir neçə il əvvəl bayramlarımızdan bəhs edən bir yazı yazmışdım. Orada
təxminən belə bir cümlə var idi ki, bizim təkcə iyirmi faiz torpağımız yox, həm də
iyirmi faiz bayramımız işğal olunub.
Bunu yalnız hansısa bir bayrama aid etmək səhv olar, hamısına aid idi. Və təkcə
bayramlarımız yox, ümumiyyətlə, mənəvi olan çox şeyimiz, adət-ənənələrimiz də
iyirmi faiz işğal edilmişdi. Həqiqətən də, bu belə idi.
Onda da, məncə, Novruz bayramı ərəfələri idi, necə deyərlər, söz vaxtına çəkər…
Amma havalar çox isti keçirdi. Hava demişkən, hər dəfə televiziya kanallarında
Xocalının, Şuşanın, Kəlbəcərin, Laçının və işğal olunmuş digər ərazilərimizin hava
məlumatını dinləyəndə, üzümdən bir acı təbəssüm keçirdi ki, əsirlikdə olan torpağın
havası necə ola bilər? Sahibsiz, misgin, həsrətli və darıxan…
Qarabağın işğal edildiyi illəri xatırlamıram, çünki mən həmin illərdə doğulmuşam və
onda çox kiçik olmuşam. Amma son dövrlər tez-tez belə fikrə düşürdüm ki, əslində,
Qarabağın özü də şəhiddir. O özünü bizim və başqa şəhərlərimizin, kəndlərimizin
uğrunda şəhid verdi, əgər belə olmasaydı, yəqin biz də indi həyatda olmazdıq, bizim
də adımız qətlə yetirilən körpələrin adları siyahısında olardı. Bəlkə də, Qarabağ onda
bilirdi, səksənlərin, doxsanların həmin uşaqları böyüyüb, bir gün onu xilas etmək,
diriltmək üçün geri dönəcəklər!
Sonralar kitablardan, televiziyadan həm də öyrəndik ki, insanlar öz yurd-yuvalarını,
qış vaxtı, qarda, şaxtada yalın ayaqla tərk ediblər. Əminəm ki, bunu bilən, duyan hər
kəsin ayaqları üşüyür, sızıldayır hər dəfə qar yağanda. Ondan sonra mən də heç
vaxt qarı sevə bilmədim. Qar məni sevindirə bilmədi. Ancaq maraqlıdır ki, o
hadisələrdən sonra Azərbaycana heç düz-əməlli qar da yağmırdı, sanki xatırlatmaq
istəmirdi o günləri…
Qar ağ kağızdır, o kağıza bizim Xocalı kimi faciəmiz yazılıb, amma yazılmamağı ilə
yazılıb. Heç nə yazılmayan o ağ “kağız” gözlərimiz önünə sərilən kimi biz ondan
faciəli tariximizi oxuyuruq.
Bilmirəm, bəlkə də, həmişə və hamıda belədir; adam bir mövzu haqqında çox
düşünəndə, ortaya fərqli-fərqli, hətta bir-birini təkzib edən fikirlər çıxır. Mənim üçün
də bu cür mövzular az deyil. Onlardan biri də qardır.
Lap çoxdan yazıb, amma sonra cırıb atdığım bir şeirim var idi. Şeirdə fikir belə idi ki,
qar Tanrının tüpürcəyidir. Doğrusu, bu şeirə, xüsusilə də şeirdəki həmin xoşagəlməz
sözə görə qınaq da az olmadı. Etiraf edim ki, o vaxt o şeirdə o fikri niyə dediyimi
əsaslandıra bilmirdim. Özümə də çox maraqlı idi, özüm də bilmək istəyirdim, niyə elə
dediyimi. Bəlkə elə həqiqətən belədir: Tanrı Xocalıda, Ağdamda, Zəngilanda, Xocavənddə -Qarabağda ermənilərin etdiyi vəhşiliklərə, iyrəncliklərə tüpürürdü onda, bəlkə?!… Ancaq zəfərimizdən, torpaqlarımızın azadlığından sonra elə bil qar gözəlləşdi və gözəldir! Qəribədir, bu il qar da bolluca yağdı. Dörd ildir, düz-əməlli qar yağmayan
Ağcabədi (aran) rayonunda da bir neçə dəfə qar sevinci yaşandı.

İndi bu yazını yaza-yaza televiziyada hava proqnozuna qulaq verirəm, növbəti iki gün
ərzində yenə qar yağacağı gözlənilir… Və mən düşünürəm:
ELƏ BİL, ERMƏNİLƏR QARIMIZI DA İŞĞAL EDİBMİŞ NEÇƏ İLLƏRDİR.

Cahandar AYBƏR

Şərhlər