Mart ayının 15-də Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva işğaldan azad olunmuş Füzuli və Xocavənd rayonlarına səfər ediblər. Ölkə başçısı Füzuli-Hadrut avtomobil yolunun təməlqoyma mərasimində iştirak edib. O, qeyd edib ki, bu avtomobil yolunun inşası böyük əhəmiyyət daşıyır və bu ilk layihə deyil, artıq bir neçə yol layihəsi icra edilməkdədir. Yaxın zamanlarda Bərdə-Ağdam, Horadiz-Zəngilan yolunun inşasına da başlanılacaq. Eyni zamanda Füzulidən Şuşaya yol çəkilir, Zəfər yolu!
44 günlük şanlı zəfər tariximizin ardından azad edilmiş, lakin işğalçılar tərəfindən viran olunan ərazilərimizdə artıq abadlıq, quruculuq işlərinə başlanıb. Ölkəmizin enerji və nəqliyyat sahəsində olan inkişafı onun regionda söz sahibi olduğunun potensial göstəricisidir. Prezident müharibədən cəmi 4 ay keçməsinə baxmayaraq, böyük quruculuq işlərinin aparıldığını vurğuladı. Və onu da qeyd etdi ki, işğaldan azad edilmiş torpaqlara gələrkən burada gördüyü dağıntılar bir daha əyani şəkildə sübutdur ki, mənfur düşmən tarixi irsimizi silmək istəyib, amma buna nail ola bilməyib. İndi həyatımızın yeni dövrü başlayır. İnkişaf dövrü, torpaqlarımızın bərpası dövrü.
Güclü iqtisadiyyat, tükənməz sosial layihələr, qüdrətli ordu, sarsılmaz xalq- iqtidar birliyi, ölkənin gündən-günə artan beynəlxalq nüfuzu, 2003-2020-ci illərdə böyük siyasi iradə və qətiyyətlə görülən bu işlər sabaha, sabahkı qələbəyə hesablanmışdı. Düzgün taktika, doğru seçilmiş zaman qələbəyə apardı.
Böyük qayıdışın təmin edilməsi üçün azad edilmiş şəhər və kəndlərimizdə yenidənqurma məqsədi ilə dövlət büdcəsindən 2.2 milyard manat vəsait ayrılıb. Gözəl təbiəti olan Qarabağ təkcə Azərbaycanın deyil, dünyanın göz oxşayan yerlərindən biridir və bundan sonra ölkəmizdə turizm sahəsi üzrə burada böyük imkanlar açılacaq.
Azad edilmiş ərazilərdə xüsusi nümayəndəliklərin yaradılması qurulacaq ərazilərdə daha səmərəli idarəyə xidmət edəcəkdir. Qısa zaman ərzində bu qədər böyük işlərə imza atmaq onu göstərir ki, ən yüksək keyfiyyət və standartlar əsasında qurulacaq olan ərazilərmiz öz keçmiş şöhrətini yenidən bərpa edəcək.
Prezident çıxışı zamanı qeyd edib ki, bizim döyüş taktikamız və zəfərimiz dünyanın ən aparıcı ali məktəblərində öyrədilir. Haqq səsimizi dünyaya çatdıran, verdiyi vədlərə sadiq qalan ölkə rəhbərinin işğaldan azad edilmiş ərazilərimizə hər səfəri, bayrağımızı ucaltması və çıxışları qürurverici andır.
Hadrut qəsəbəsində bayrağımızı ucaltdıqdan sonra çıxışı zamanı Ali Baş Komandan bir daha vurğulayıb ki, biz mülki əhaliyə qarşı deyil, hərbi birləşmələrə qarşı mübarizə aparmışıq.
O lider xalqın sevimlisinə çevrilir, gözündə ucalıb, qəlbində taxt qurur ki, söz və əməl birliyi ilə bütün sınaqlardan alnıaçıq, üzü ağ çıxır. Və ölkə rəhbərinin simasında tarixin bu səhnəsi öz təsdiqini bir daha tapdı. Prezident kimi Qarabağla bağlı ilk vədi 2003-cü ildə oldu. Xalq ona yenicə səs vermişdi. Ümummilli liderdən sonra xalq güvənərək taleyini ona etibar etmişdi. Və xalqın güvəndiyi rəhbər 17 il müddətində siyasi və hərbi qüvvəsini təkmilləşdirərək, böyük qətiyyət, yüksək sərkərdəlik qabiliyyəti ilə 44 günlük zəfər müharibəsinin sonunda bizi regionun önəmli söz sahiblərindən birinə çevirdi. Prezidentin ən ali kürsülərdə çıxışında ilk vurğuladığı “Qarabağ problemi” oldu.
Səfər zamanı ölkə başçısı Tuğ və Azıx kəndlərində də olub. Tarixi irsimizi, keçmişimizi özündə qoruyan “Azıx mağarası”nı ziyarət edib və onun Azərbaycan tarixinə məxsus təbii sərvətimiz olduğunu qeyd edib. Prezident bildirib ki, “Azıx mağarası” işğal altında olarkən bura düşmən tərəfindən xarici alimlər gətirilib, qanunsuz olaraq qazıntı işləri aparılıb. Onlar tarixi irsimizə ziyan vurublar və buna görə cavab verəcəklər. “Azıx mağarası” Azərbaycanda yerləşir, 1963-cü ildə azərbaycanlı alim tərəfindən aşkar edilib, bundan sonra da azərbaycanlı alimlər və dəvətimizlə bura gələcək xarici alimlər tərəfindən qanuni yollarla bu ərazilərdə tədqiqatlar aparacaqlar deyə ölkə rəhbəri bildirib. Sözü də imzası qədər keçərli olan ölkə başçısı “Azıx mağarası”nda olarkən əməlləri ilə olduğu kimi, bu fikirlərlə bir daha tarixə öz imzasını möhürlədi.
“Biz qayıtmışıq, qalib xalq kimi, müzəffər dövlət kimi qayıtmışıq. Biz bu zirvəni qət etmişik. Bütün zirvələri qət edəcəyik. Elə bir zirvə yoxdur ki, biz onu qət edə bilməyək: Qarabağ Azərbaycandır!!!”