Tanrı insana xoşbəxtlik payını müxtəlif formada ərməğan edir. Kiminə şair ilhamı ilə, kiminə elmin zəfər çələngi ilə, kiminə ağıl-kamalla, kiminə gözəl camalla, kiminə ecazkar sənətlə, kiminə isə gözəl səslə. Bəli, gözəl səs ilahi qisməti, tanrı vergisidir. Heç kəsin ağlına gəlməzdi ki, qarlı-şaxtalı qış gecələrinin birində Əliqulu kişinin ailəsində dünyaya göz açan balaca qızcığaza – “Sahibəyə də tanrı belə bir xoşbəxtlik, gözəl səs bəxş edəcək, özü də elə səs, elə nəfəs ki, heç kəsdə olmaya heç yerdə eşidilməyə”.
Bəli, belə bir qismət oldu Balaca Sahibəyə. İllər keçdikcə qəlbindəki tanrı payı-gözəl səsi də özü ilə bərabər böyüdü, şaqraqlaşdı. Edşidənlər heyran qaldılar bu səsin gözəlliyinə, ecazkarlığına. Balaca qızın qəlbindən axıb gələn səs, dağdan aşan, öz məcrasına sığmayan büllur, gur şəlaləyə bənzəyirdi. Ən başlıcası isə bu balaca qızın boğazından axıb gələn gur səs qız səsindən daha çox “Cəngi” haraylı, cəngavər bir kişi səsinə bənzəyirdi. İllər keçəcək, bir gün Ağcabədiyə məhsul bayramına gələn əməkdar artistimiz, “Lalə” qızlar ansambılının rəhbəri Ceyran Haşımovanı da heyrətə salaacaq bu səs.
– Bu nədir? Diktor elan edir: Oxuyur Sahibə Əhmədova! Ancaq səhnədən kişi səsi eşidilir. Həqiqəti biləndə Ceyran xanım heyran kəsilir bu səsə:
– Qızım, gözəl səsin var, bu səsin dalınca get. – deyir. Və sonra Sahibənin valideynləri ilə görüşüb onlara da bu məsləhəti verərək qızın Bakıya göndərilməsini xahiş edir.
Doğrudanda insanı heyrətə salan bu nadir səs təkcə tanrı vergisidirmi? Bəlkə də boya-başa çatdığı, Qarabağ xanlığının ilk iqamətgahı olan Boyat elinin, ulu Pənah xanın yadigarı, daşlı-çınqıllı xarabalıqlarında gəzdiyi əzəmətli Boyat qalasının döyüşkən ruhundan, havasından, suyundan köklənib bu səs! Bilmirəm. Təkcə onu deyə bilərəm ki, çox sənətkarlarımızın etiraf etdiyi kimi Sahibə Əhmədovanın səsi qeyri-adi səsdir. Elə buna görə də heç də təsadüfi deyil ki, gələcək sənət yolunda o, səhnəmizin cəsur Ərəbzəngisinə çevriləcək, muğamlarımızın mahir ifaçısı olacaq, repertuarını mübariz ruhlu muğamlar, xalq mahnıları bəzəyəcəkdi. Bu gün ömrünün 52-ci baharını yaşayan, elimizin -obamızın gözəl nəğməkar qızı republikamızın əməkdar artisti Sahibə Əhmədovanın ötən ömür-gün kitabını vərəqləmək heç də hissiz-həyacansız, ağrı-acısız ötüşmür. Keçdiyi ömür və sənət yolu öz eniş-yoxuşları, acı-şirinliyi ilə cilalayıb kamil bir sənətkar kimi yetişdirib.
… Uşaqlıq illəri Ağcabədi Rayonunun Hacılar kəndində, orta məktəb həyatını isə boyat kənd orta məktəbində keçirən Sahibənin gözəl səsi də ilk dəfə həmin məktəbin divarları arasından eşidilib. Şagird yoldaşları və müəllimləri onun gözəl səsi olduğunu bilib nəğmə dərsində, məktəb tədbirlərində onu oxutdurublar. Hətta bəzi müəllimlər ona yaxşı qiyməti dərsə hazırlığına görə deyil,yaxşı oxumağına görə yazıblar musiqi sahəsində isə ilk yol göstərəni, müəllimi Ağcabədinin məşhur “Rast” ansambılının üzvü, əmisi oğlu Sabir Abbasov olub. Sabir onu Ağcabədinin “Rast” və Ağdamın “Şur” ansambılına aparıb. Balaca Sahibə ilk dəfə musiqinin müşayiəti ilə bu ansambllarda oxuyub, ifa qaydalarını öyrənib.
Orta təhsilini başa vurduqdan sonra 1975-ci ildə qardaşı ilə birlikdə Bakıya gəlib, Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinə qəbul imtahanı verib. İmtahanda iştirak edən gözəl sənətkarımız Xan Şuşinski, Vasif Adıgözəlov və Bəhram Mansurov onun səsini yüksək qiymətləndirib. Müğənni o xoşbəxt anları indi də həyəcansız xatırlaya bilmir.
– Çox həyəcan keçirdim. – deyir. Vasif Adıgözəlov bir Qarabağlı qayğıkeşliyi ilə mənə ürək-dirək verdi, qorxma qızım oxu. -dedi.
Mən oxuduqca səsimdə olan titrəyişi, həyəcanı gizlədə bilmirdim. Ancaq sən demə böyük sənətkarımız məni diqqətlə dinləyirmiş. İlk dəfə gördüyüm mehriban Xan əmi kimi yaddaşımda əbədi iz salan böyük sənətkarımız Xan Şuşinski dedi:
– Hardansan qızım?
– Ağcabədidən.
– Demək Yaqub Məmmədovun yerlisisən. Çox gözəl, qiymətli səsin var. Qru onu. Sənin böyük gələcəyin olacaq, üzərində möhkəm çalış.
Haqqında deyilən bu xoş sözlər get-gedə həyacanımı, tərəddüdümü azaldır, qəlbində qalanan gur qorxu, təlaş alovunun üstünə sanki sərin su səpirdi. Gözləmədiyim halda hörmətli tarzənimiz Bəhram Mansurovun dediyi: – Mən Gülxar Həsənovadan sonra səhnəmizin Ərəbzəngisini tapdım. – kəlməsi əvəzsiz bir müjdə kimi qulaqlarımda cingildədi. Eşitdiklərimə inana bilmirdim. Bir kənd qızı haqqında böyük sənətkarlarımızın verdiyi bu əvəzsiz qiymət məni tam sehrləyib əsrarəngiz xoşbəxtlik aləminə qovuşdurmuşdu.
İlk tələbəlik illəri… O, dünyanın ən xoşbəxti idi, çünki xəyallarında arzuladığı bir sənət dünyasına qovuşmuşdu. Hər gün, gözəl sənətkarlarımızdan dərs alır, sənətin sirrlərini öyrənirdi. İlk tələbəlik günlərindən isə B.Mansurov onu opera teatrına apardı. Məşhur “Şah İsmayıl” operasında Ərəbzəngi rolu ona tapşırıldı. – Ərəbzəngi rolunda ilk dəfə səhnəyə çıxdığım günü ömrüm boyu unuda bilmərəm. -deyir, Sahibə xanım. – O gün mənim ən xoşbəxt günlərimdən, anlarımdan biri idi.
– Sahibə xanım, həyatınızda belə xoşbəxt günlər, anlar çox olubdu?
– Musiqi texnikumuna daxil olduğum, Ərəbzəngi rolunda ilk dəfə səhnəyə çıxdığım, “Əməkdar artist” fəxri adı aldığım və ailə həyatımın yadda qalan günləri mənim xoşbəxt günlərim, xoşbəxt anlarımdır. Ancaq elə bilməyin ki, ömür yolumda həmişə yaşıl işıq yanıb. Ağrılı-acılı günlərim həmişə xoşbəxt günlərimi üstələyib.
Məncə böyük Səməd Vurğunun sözləridir:
“Ehtiyac qul eylər qəhrəmanı da”… Düzdür ehtiyac məni əyə bilməyib, qul edə bilməyib,ancaq ehtiyacın məngənəsindən də tam qurtula bilməmişəm. Həyat yoldaşım dörd il cəbhədə döyüşüb, Qarabağ müharibəsi veteranı və əlilidir. Ancaq bu gün də heç yerdə işləmir. Maddi vəziyyətim heç də yaxşı olmayıb. Həmin illərdən hər üç gündən bir müxtəlif əsas rollarda – M.Maqomayevin “Şah İsmayıl” operasında Ərəbzəngi, Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasında Leylinin anası, Məcnunun anası, “Aşıq Qərib” operasında Qəribin anası,Ş Axundovanın “Gəlin qayası” operasında Camalı anası kimi silsilə ana obrazları ilə tamaşaçıların gur alqışlarını qazandığım, bir çoxlarının qibtə ünvanına çevrildiyim halda teatrın rəhbərliyi mənə adicə solist ştatını da rəva bilməyərək düz 12 il sıravi işçi kimi işlədib.
Heç kəs bilmirdi ki, hörmətl itamaşaçıların gur alqışlarını qazanan səhnəmizin Ərəbzəngisi – Sahibə Əhmədova Opera teatrının solisti deyil, adicə siravi işçidir. Yenə də qəbri nurla dolsun, böyük sənətkarımız Lütviyar İmanov Opera teatrın direktor təyin olunan kimi məni solist vəzifəsinə qəbul etdi.
Ömrünün xoşbəxt günləri ilə bərabər ağrılı-acılı günlərini də yaşayan Sahibə Əhmədovanın həyatından belə kədərli notları bir qədər də artırmaq olar. Ancaq ehtiyac duymuruq, ömür yolu heç də həmişə öz hamarlığı, şümallığı ilə deyil, daş-kəsəkləri ilə, eniş-yoxuşları ilə yadda qalır, şirin olur.
Sahibə Əhmədova təkcə görkəmli opera solisti deyil, həm də mahir muğam ifaçısıdır. O, həmişə böyük muğam ifaçılarımızla çiyin-çiyinə çalışaraq respublikamızın müxtəlif konsert salonlarında, radio və televiziyada, həmçinin Bolqarıstan, Rusiya, Türkiyə kimi ölkələrə olan qastrol səfərlərində Azərbaycan muğamlarını məharətlə ifa etmişdir. Həmişə onun repertuarında “Cahargah”, “Mahur-Hindi”, “Bayatı-şiraz”, “Rahab”, “Bayatı-kürd”, “Segah”, “Orta Mahur”, “Qatar” və “Şahnaz” kimi muğamlar, eləcə də təsniflər və xalq mahnıları mühüm yer tutmuşdur. Sahibə Əhmədova gözəl ailə sahibidir. Nəcib həyat yoldaşı, iki qızı və bir oğlu var. Qızları ali təhsilli mütəxəssis, oğlu isə hərbi xidmətdə – vətən keşiyindədir.
Aran Qarabağın-Ağcabədinin nəğməkar qızı Sahibə Əhmədova bu gün ömrünün 52-ci, səhnə həyatının isə 32-ci baharını yaşayır. Ötən illərin uğurları onu görkəmli opera solisti, mahir muğam ifaçısı kimi tanıdıb, xalqa sevdirib. Bu zəhmətin qiyməti olaraq dövlətimiz onun əməyini yüksək qiymətləndirib, müxtəlif fəxri fərmanlarla təltif edib. 2006-c il sentyabrın 16-da isə ölkə Prezidentinin müvafıq sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar artist”i fəxri adına layiq görülüb.
Gözəl sənətkarımız bu gün ömrünün, sənətinin kamillik dövrünü yaşayır. Qəlbində isə Vətən dərdi Qarabağ həsrəti daşıyır. Hər dəfə deyir ki, kaş vətən torpağımız azad olsun. Şuşada, Laçında oxuyum.
Gözəl arzudur
Arzuların çin olsun, Elin nəğməkar qızı,
Qarabağın ulduzu!
Ərəbzəngin nərəsin, Mənsuriyyə harayın,
Çək Şuşada, Laçında
O ağaran saçında vətənimin dərdi var.
Vətən qızı o əsir, şəhid olan ellərdə
Oxumağı arzular.
Ağcabədi Pedaqoji
Kollecin müəllimi: Şirxan Aranlı