Əsgər Xəlilov Fəryad 1 noyabr 1999-cu il tarixdə Hüsülü kəndində anadan
olmuşdur. Vətən müharibəsində Qubadlı istiqamətində gedən döyüşlərdə
qəhrəmancasına şəhid olmuş, 27 oktyabr 2020-ci il tarixdə Ağcabədi şəhərində Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycan Respublikasının 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Vətən uğrunda”, ”Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Fəryadın ömür yolu ilə tanış olanda mənə elə gəldi ki, şair sanki şəhid Fəryadın dilindən fəryadla bu misraları səsləndirmişdir.
Yolun kəndə düşəndə
bizim evə də baş çək…
…
Mən şəhid olduğuma görə
daha uzağam xata-baladan…
Bizə baş çək hökmən,
Baş çək bizim qocalara…
Öz atan-anan kimi bağrına bas,
qoyma ağlasınlar.
Mənim gəlməyim getdi…
Axşamlar qapının dalını bağlasınlar…
Fəryad Hüsülü kəndinin sevimli övladlarından idi. Tərbiyəli, böyük-kiçiyin yerini bilən,
yaşına görə geniş bir dünyagörüşə malik olan Fəryad kəndlərindəki Cavad Həsənov
adına kənd tam orta məktəbini bitirib. Eyni zamanda 10 yaşında olanda Hüsülüdəki
Yeddiillik musiqi məktəbinin piano şöbəsində də təhsil almağa başlayıb. Musiqiyə olan
həvəsi onunla bir böyüyüb, püxtələşib. Güclü musiqi duyumu vardı…
Döyüş yoldaşları deyirlər ki, Fəryad adının tam əksi idi. Həmişə nikbin ruhlu, şən, deyib-
gülən gənc kimi ətrafındakıları ələ alar, fikir etməyə, darıxmağa qoymazdı.
O, 2018-ci ilin yanvarında ordu sıralarına yollanıb 2019-cu ilin ortalarına kimi
Naxçıvanda hərbi xidmətdə olub. Təlimlərdə döyüş bacarığı, sərrastlığı ilə komandir və
əsgər yoldaşlarının hörmətini qazanıb. Bir nümunəvi əsgər kimi başqalarına örnək olub.
Fəryad uşaqlıq illərinin böyük bir hissəsini ana nənəsi Ədibə xalagildə keçirib. Nənəsi
ona nəvə yox, oğul deyərmiş. Yaşının az olmasına baxmayaraq, nənəsinə hər işdə
yaxından kömək edər, onun qayğısını çəkərmiş. Nənəsi söhbət zamanı onu belə
xarakterizə etdi:
-Çox gözüaçıq, fərəsətli, sözəbaxan və qayğıkeş idi Fəryad. Həmişə adı kimi özü də
adamın fəryadına yetərdi.
Dərddən beli bükülmüş anası Məxluqə xanım oğlunu ürək yanğısı ilə xatırlayır:
-Onun yoxluğuna heç cür inana bilmirəm. Hər anı səksəkə ilə yaşayıram. Qulağım
həmişə səsdədir. Elə gözləyirəm ki, indicə gəlib pəncərəni döyəcək və deyəcək “Ana,
mən gəldim. Necəsən?”.
Fəryad orta məktəbi bitirəndən sonra bir müddət Bakıda işlədi. İşləyə-işləyə idmanın
qaydasız döyüş növü ilə məşğul olurdu. Uşaqlıqda zəif, cılız olan Fəryad böyümüş, enli
kürəkli, bərk biləkli bir oğlan olmuşdu. Onu çox danlayırdım. Məşqçləri deyirdilər ki,
Fəryad həmişə yaşda və təcrübədə özündən böyüklərlə vuruşmağa həvəs göstərir.
Danlayanda ki, bu idmanı at, xəsarət alarsan. İnciyirdi, deyirdi mən təkcə idman döyüşü
ilə məşğul olmuram, ana. Mən müharibədə, döyüş meydanında ermənilərlə savaşa
hazırlaşıram. Onun ürəyinə daman kimi də oldu. Müharibə başlananda Bakıdan zəng
edib, elə şən, şad əhval-ruhiyyə ilə danışdı ki, mən təəccüb qaldım. Ana, halallıq ver,
mən müharibəyə gedirəm. Erməniləri torpaqlarımızdan qovmamış geri
qayıtmayacağam. Dediyi kimi də oldu. Düşmən torpaqlarımızdan rədd olub getdi.
Fəryad da geri qayıtdı. Ancaq bir şəhid kimi…
Müharibədə gənc oğlunu itirmiş anaya təsəlli vrmək, bir işıq ucu tapmaq çox çətindir.
Bircə onu deyə bildim ki, Məxluqə ana, Ədibə nənə, Fəryad əsl qeyrətli kişi kimi addım
atdı. Vətənin fəryadına yetdi. O, doğma Vətən, gözəl torpaqlarımız uğrunda canını
qurban verib, şəhid oldu. Şəhidlər isə, əlbəttə ölmürlər!
Adil MİSİRLİ