Müharibənin qəribə qanunları var. Əslində sülhsevər olması gərək olan insan
bəzən nədənsə xeyirxahlıqdan, insanlıqdan uzaq düşür. Əmin-amanlıq, mehriban
qonşuluq şəraitində yaşamaq əvəzinə, dünyanın ən müasir silahları ilə silahlanaraq,
bir xalqın nümayəndələri başqa xalqa hücum edir, onun əzəli torpağına göz dikir. Və
ən qəribəsi budur ki, müharibədə kim daha çox insan (rəqib tərəfindən) öldürsə, bir o
qədər də hörmətli olur…
Mənfur düşmənlər tərəfindən təhrik olunduğumuz Birinci Qarabağ
müharibəsində bir çox səbəblərə görə müharibəni uduzduq. Ancaq həmin illərdə və
xeyli sonra həyata gələn, əsl vətənpərvər kimi böyüyən oğullarımız Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi altında dəmir yumruq kimi birləşərək,
torpaqlarımızı düşmən işğalından azad etdilər. Doğma Vətən, gözəl Qarabağımız
azad nəfəs almağa başladı. Xalqımız öz qürur və məğrurluğunu bir daha bütün
dünyaya sübut etdi. Xalqla iqtidarın qırılmaz birliyi Şanlı Qələbə ilə nəticələndi.
Minlərlə igid, qeyrətli Azərbaycan oğlu Vətən, Torpaq uğrunda canını fəda edib şəhid
oldu. Neçə-neçə qəhrəman oğlumuz qazi adı qazandı. Allah şəhidlərimizə rəhmət
eləsin. Qəbirləri nurla olsun. Qazilərimiz azad vətənin havası ilə nəfəs alaraq şəfa
tapsınlar…
Böyük Vətən Müharibəsinin fəal iştirakçılarından biri də həmyerlimiz Şahsuvardır.
Şahsuvar Azər oğlu Əhmədov 2001-ci il mayın 20-də Hüsülü kəndində anadan olub.
2008-ci ildə C.Həsənov adına tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2019-cu ildə
sözügedən təhsil ocağını uğurla başa vurub. Elə həmin ilin iyulunda hərbi xidmətdə
qulluq etmək üçün ordu sıralarına qatılıb. Şahsuvar Cəbrayıl və Zəngilanın azad
olunmasında qəhrəmanlıq göstərib. Onun döyüşlərdə göstərdiyi qəhrəmanlıq yüksək
qiymətləndirilib, “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına
görə” medalları ilə təltif olunub. Minaatan Şahsuvar Zəngilanda daha böyük igidlik
göstərib. Burada strateji əhəmiyyət daşıyan mühüm ərazidə əzazil düşmənlə
amansız döyüşdə bir çox döyüşçümüz mühasirəyə düşür. Çoxlu əsgər yoldaşının
yaralandığını görən Şahsuvar iki silahdaşı ilə birlikdə könüllü odun, alovun içərisinə
atılırlar. Aramsız güllə yağışı altında 33 nəfər yaralı əsgərimizi ölümün pəncəsindən
qurtarır, xilas edirlər. Bu döyüşdə göstərdiyi rəşadətə görə Şahsuvar “İgidliyə görə”
medalı ilə təltif olunur.
Şahsuvarla evlərində görüşdük. Bayramqabağı bir həftəlik məzuniyyətə gəlmişdi.
Bayram süfrəsi arxasında olsa da, ondan sözü necə deyərlər, kəlbətinlə çıxarmaq
olur. Çox ağır təbiətli, az danışan, tərbiyəli, böyüyə-kiçiyə hörmət bəsləyən igid bir
gəncdir. Özü haqqında, etdikləri barəsində danışmağı sevmir. Cavabları yerində,
mənalı və lakonik olur. Müharibə haqqında danışmasını, onu vuruşmağa sövq edən
səbəblərdən söhbət açmasını xahiş etdim. Cavabı çox qısa oldu: “Müəllim, Xocalı
Soyqırımını yaşayan xalqın oğlanları həmişə döyüşə hazır olmalıdırlar. Biz indiki
gənclər o qurbanların qanını mütləq almalı idik”.
Hüsüli kənd tam orta məktəbin müəllimi Cahid Rüstəmov söhbətimizə qoşulub, onun
haqqında ürək sözlərini belə ifadə etdi: “Şahsuvar çox tərbiyəli, qanacaqlı, hər şeyin
yerini və vaxtını bilən bir oğlandır. O, danışmaqdansa, nə isə lazımi, dəyərli bir işin
qulpundan yapışmağı sevir. İlk baxışdan adama elə gələ bilər ki, Şahsuvar çox şey
barəsində düşünmür. Bəzi şeylərə qarşı həyatda biganə, laqeyddir. Bu olduqca
aldadıcı təəssüratdır. Əslində həyatda Şahsuvar hər şeyi qəlbində, beynində
dəfələrlə düşünən, süzgəcdən keçirən insandır. O, hətta müharibədə iştirakını da
valideynlərindən gizlətmişdi. İstəmirdi ki, doğmaları ona görə həyəcan keçirib,
narahat olsunlar. Telefonda danışanda evdəkilərə demişdi ki, Ağstafada qulluq
edirəm. Buranın havası adama lap cənnəti xatırladır… Özü isə sən demə mənfur
erməni ilə üzbəüz, qanlı döyüşdə imiş. Atası onun müharibənin fəal iştirakçısı
olduğunu 2020-ci il dekabrın 21-də, müharibə bitəndən xeyli sonra bildi. Evə zəng
edən Şahsuvar atasına artıq bizi, əsgərləri tam qələbə münasibəti ilə təbrik edərsən
deyə söyləmişdi.
… Doğrudan da filosof çox dəqiq və doğru vurğulayıb ki, qəribə adamlar həyatın
bəzəyidirlər. Ancaq bu qəribə adı verdiyimiz, ətrafdakıların ömürlərinə yeni məna
gətirib, naxış vuranlara qarşı biz də diqqətli olmalı, onların qədir-qiymətini bilməliyik.
Çünki, belələri əsl söz, məqsəd, amal adamlarıdır. Onlar sözün daşıdığı, kəsb etdiyi
mənanı incəliklərinə qədər anlayır, həyatın düzümünü bizlərdən dəfələrlə yaxından
qavrayırlar. Gəlin onları incitməyək, kövrək qəlblərinə toxunmayaq, xəfif duyğuları ilə
oynamayaq. Yəni insana, soydaşımıza, qardaşımıza qiyməti sağlığında verək.
… Görüşümüzün səhəri günü igid əsgər Şahsuvar Əhmədov yenidən qulluq etdiyi
hərbi hissəyə qayıtdı. Zəngilanda Sərhəd Qoşunları Xidmətində hərbi qulluğunu
davam etdirməyə başladı. O, istəyir ki, biz arxa cəbhədə olanlar rahat yaşayıb, nikbin
yuxular görək. Və düşmən bizim təbii həyat tərzimizi bir də poza bilməsin . Bax buna
görə igid əsgər Şahsuvar Azər oğlu Əhmədov əli silahlı dağ başında, soyuqda, qarda
soydaşlarının keşiyində sayıq dayanıb…
Şahsuvar orduda hərbi xidməti başa vurduqdan sonra polisdə çalışmaq istəyir.
Polislər də elə orduda olduğu kimi, həmişə ön sıralarda, vətəndaşların asayişi
keşiyində ayıq-sayıq dururlar. İnanırıq ki, orduda hərbi xidməti başa vurduqdan sonra
Şahsuvar arzusuna yetəcək, hərbi geyimi polis paltarı ilə əvəz edəcəkdir. Şahsuvar
kimi polisi olan hər kəs o zaman bir daha xatırlayacaq: “Mənim polisim məni
qoruyur”.
Adil MİSİRLİ