Gəl baharım, gəl!

Şaxtalı, sıxıntılı qışdan sonra könülləri oxşayan ilin yazı, bahar gəlir. Xeyirxah
hisslərin, ruzi-bərəkət, təmizlik, saflıq, gözəllik fəslidir bahar. Bir anda bütün aləm
dəyişir, yeni boyalarla zənginləşir. Təbiət yaşıl don geyinərək ürəklərə xoş, səmimi,
nikbin hiss, duyğular bəxş edir. Bahar yeni gün, yeni arzu, istək, nəfəs deməkdir. Yaz
günləri, ilin əziz günləri qəlblərdə dərin, mənalı iz buraxaraq unudulmur. Sular
baharda qaynayıb daşır, çiçəklər ətir saçır. Qış yuxusuna əlvida deyən torpaq oyanır.
Hər yan, hər tərəf əlvan rəngə boyanır. Üz-gözlər sevinir, gülür. Ömrün, həyatın
mənasına yeni bir rəng qatılır baharda. Qəlbində xəfif, həzin, kövrək duyğular baş
qaldırır. Sevincini başqaları ilə bölüşməyə tələsirsən…
Bahar fəsli ürəklərə təravət gətirir. Xoş gün qəmi, kədəri yerə yıxır. Baharın
addım səslərini eşidən qış pal-paltarını da götürüb gedir. Havalar mülayimləşir, gül-
çiçəklər yarpaq açır, ləçəkləyir. Göz oxşayan, könül ovsunlayan, kövrək yarpaqlı,
incə saplaqlı Novruzgülü günəşə sarı boylanır. Tər bənövşələr, yasəmənlər baharla
bərabər cana, qana gəlir. Torpaq əkib, becərməyə çağırır. Təbiətin oyanmasından
xəbər verən, xeyir-bərəkət gətirən bahar təmiz, ülvi, saf niyyətlər məkanına çevrilir.
Bahar bərəkət gətirir. Həyat yeni rənglərə boyanır. İnsanın ruhu oyanır. Qan
qaynayır…
Elə ürəklə, xoş diləklə gəldi ki, soyuq, sazaqlı qış baharın nəfəsini duyan kimi
soyundu pal-paltarını…
… Səməni göyərtdik ki, dərdimiz göyərməsin.
Günəşli, güllü, çiçəkli bahar! Gəl ey baharım, gəl. Gəl qovuşaq bir-birimizə.
Yetişək ağ günümüzə. Dövran gülsün üzümüzə. Gəl baharım, gəl!

Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com