Ən qədim dövrlərdə təbiətin oyanmasına xoşbəxtlik və səadət kimi baxan
insanlar yazın gəlişini, havaların istiləşməsini, təbiətin yenidən canlanmasını
nəğmələr vasitəsilə ifadə etməyə çalışmışlar.
Qədim insanların mövsümlərlə bağlı yaratdığı nəğmələr sonralar Novruz
mərasimi adı altında cəmlənmişdir. Novruz mərasimi və onun tarixi haqqında yazıçı
tədqiqatçıların bəziləri onu zərdüştliklə, digərləri isə islam dini ilə bağlamışlar.
Sonralar Novruz adlandırılmış bu mərasim hələ zərdüştlikdən əvvəl mövcud
olmuşdur. Novruz mərasiminin ayrı-ayrı ayinlərində zərdüştlikdən əvvəlki təsəvvürlər
qorunub saxlanmış və onların bir qismi bizə gəlib çatmışdır. Məsələn, su üstündən
tullanmaq, üzərlik yandırmaq, qırx açardan su tökmək və s. kimi adətlər bu
qəbildəndir.
Novruz ərəfəsində səməni göyərtmək ənənəsi zərdüştlikdən daha əvvəl xalqın
çörəyə olan ehtiramını, bolluq, səadət arzusunu ifadə etmişdir. Bu etiqad Zərdüşt
tərəfindən də qəbul edilmişdir.
Yeni yazıya alınmış “Həccələr, hüccələr” nəğməsində Novruzun bəzi
xüsusiyyətləri mühafizə edilmişdir:
Həccələr, hüccələr,
Uzanar gündüzlər,
Qısalar gecələr.
Sallanar torbalar
Bacadan,
Uşaqlar pay istər
Ucadan…
“Gün çıx, gün çıx”, “Gəldi yaz”, “Səməni saxla məni, ildə göyərdərəm səni”,
“Səməni”, “ Kosa-kosa”, “Qarı ilə martın deyişməsi” və s. Novruz nəğmələrində də
insanların inanc və arzuları öz əksini tapmışdır.
Odla bağlı inanclarda odun müqəddəsliyi rəmzləşdirilir. Bu inancların böyük
əksəriyyəti, oda sitayişlə bağlıdır. İnsanlar çərşənbələrdə tonqal yandırırlar,
“Ağırlığım,ağrım-acım odda yansın” deyərək, tonqalın üzərindən atlanaraq öz
inamlarını bildirirlər.
And içən zaman, “Od haqqı”, “Ocaq haqqı”, “İsti zindan haqqı” və s. kimi
inanclar insanların odu, atəşi, müqəddəs sanması və ona sitayiş etməsi ilə bağlı
olmuşdur.
Novruz mərasimi ilə bağlı axırıncı çərşənbə axşamı bir çox ayinlər icra edilir
ki, bu da insanların inam və etiqadları ilə bağlıdır.
İlin axır çərşənbəsi “Qapıpusma” və yaxud “Qulaq falı” deyilən ayində,
insanlar qulaq falına çıxar, yaxşı söz eşidilərsə uğur, pis söz eşidilərsə uğursuzluq
əlaməti kimi qəbul edirmişlər.
Novruz inancları
- Axır çərşənbə axşamı səhərə qədər yatmayıb, nə dilək diləsən, hasil olar. Sonra
səhər tezdən su üstünə gedirsən, əl-üzünü yuyursan, bir qabda evdəkilərə gətirirsən.
Həmin su pak su adlanır. - İlin axır çərşənbə günü niyyət tutub, bağdan bir çəngə ot qırırsan. Niyyətin
düzdürsə, səhərisi gəlib görürsən ki, qırdığın otlar uzanıb əvvəlki kimi olub. - Bayram günü ürəyində bir arzu tutub bütün gecəni yatmırsan. Bir ildən sonra
həmin gecə tutduğun arzuya çatırsan. - Axır çərşənbə günü alma yeyirlər, cejəkdə olan toxumları sayırsan, on dənəsini
yastığın altına qoyursan və yatırsan, yuxuda qismətini görürsən. - İlaxır çərşənbə gecəsi cavan qızlar bir qaba su tökürlər. Üzükləri çıxarıb, saçlarına
sürtürlər. Niyyət tutub, üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və
qabın divarlarına dəyir. Üzük neçə dəfə dəyirsə, sayırsan. Demək o yaşda da gəlin
köçəcəksən. - Sacın üzərinə hərə öz adına bir buğda atır və hərə ürəyində bir arzu tutur. Kimin
buğdası tez çırtlasa, onun arzusu baş tutar. - Axır çərşənbə gecəsi ürəyində niyyət tutub yat. Gecə yarısı yuxudan durub şam
yandır. Şamı götürüb güzgüyə yaxınlaş. Güzgüdə gələcək nişanlını görəcəksən.
Güzgüyə yaxınlaşanda qorxsan, niyyətin baş tutmaz. - Axır çərşənbə axşamı qızlar bəxtini sınamaq üçün tası su ilə doldurub, içinə üzük
salırlar. Bir nəfər əlini suya salır və deyir:
Çalan bir çay içində,
Ox oynar ay içində.
Allah muradın versin,
Bu gələn ay içində.
Vaqif ALLAHVERDİYEV,
ADPU-nun Ağcabədi filialının dosenti,
Bənövşə ƏZİZOVA,
ADPU Ağcabədi filialının filologiya fakültəsinin II kurs tələbəsi.