Azad edilmiş torpaqlar erməni vəhşiliyinin şahididir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 16 mart 2021-ci il tarixində Şuşa şəhərinə səfər edib. Dövlət başçısı səfər zamanı qeyd edib ki, işğal olunmuş ərazilərdə bütün bina və məscidlərimiz dağıdılıb. Məscidlərdə heyvan saxlayıblar. Bizim müqəddəs abidələrimizi təhqir ediblər.Su elektrik stansiyalarını dağıdıblar. Dağlıq Qarabağın qədim azərbaycanlı kəndlərindən olan, 19-cu əsrdən bəri ermənilərin iddia etdiyi Tuğ kəndi də viran edilmişdir.

Şuşa şəhəri də belə barbarlığa məruz qalıb. Pənahəli xanın sarayı Şuşa şəhərinin tarixi mərkəzində yerləşir və Qarabağ xanlığının banisi Pənahəli xanın iqamətgahı olmuş tarixi saray idi. Erməni vandalları işğal zamanı bu tarixi binanı dağıdıblar. Mənfur düşmən gəlib bizim torpağımızı zəbt edib, insanları qovub, tarixi abidələrimizi dağıdıb, söküb, vandallıq edib, barbarlıq edib. Erməni vandalları işğal zamanı Şuşa şəhərinin mərkəzi meydanında yerləşən, XIX əsrə aid Karvansaray tarix-memarlıq kompleksini də dağıdıblar. Şəhərdə erməni vəhşiliyi ilə üz-üzə qalan tikililərdən biri də Şuşa Dövlət Rəsm Qalereyasının binasıdır. Qarabağ xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədilə yaradılan Şuşa Xalça Muzeyi də işğal zamanı ciddi ziyan görüb. Dünya tarixində buna oxşar vəhşilik bəlkə də olmamışdır. Gələsən, başqasının torpağında yaşayasan, sonra fürsətdən istifadə edib buradan yerli əhalini qovasan, öldürəsən, yandırasan, soyqırımı törədəsən. Sonra da o xalq ki, sənə qucaq açıb, səni qəbul edib, sənə burada yaşamağa imkan verib, onun tarixi abidələrini dağıdasan.

Cənab Prezident vurğulayıb ki, bütün həqiqətlər beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır.  Beynəlxalq təşkilatlar gəlsinlər, görsünlər həqiqətləri. Erməniləri müdafiə edən, onları dəstəkləyən, onlara həmişə arxa, dayaq olan dairələr gəlsinlər, görsünlər bu vəhşilər nələr ediblər.

             Prezident İlham Əliyev səfərində Şuşanın bərpa olunmasından da geniş söz açıb. Bildirilib ki, Şuşanın bərpa olunması ilə bağlı bəzi layihələr Heydər Əliyev Fondu tərəfindən icra olunacaq.Vaqifin məqbərəsində tezliklə bərpa işləri başlanacaq. Məqbərənin əvvəlki görkəmi bərpa ediləcək. Artıq işlərə start verilib. Bunu, həmçinin Molla Pənah Vaqifin büstünün bərpası layihəsini Heydər Əliyev Fondu öz vəsaiti hesabına icra edəcək.

            Şuşa öz qonaqlarını yeni və müasir komplekslərdə qəbul edəcək. Aparılacaq yenidənqurma işlərindən sonra Şuşa qonaqlarını müasir səviyyədə qarşılaya biləcək. İşğal dövründə bəzi otellərdən kiçik otel kimi istifadə etmişlər, amma çox primitiv qaydada. Çox biabırçı şəraitlə.

            Şuşa regionun ən gözəl istirahət bölgəsinə çevriləcəkdir. Burada kiçik otellərin yaradılması nəzərdə tutulur. Şuşaya çox böyük turist axını olacaq, ona görə burada “beş”, “dörd” və “üç” ulduzlu otellər olmalıdır. Şuşa əzəli Azərbaycan şəhəridir. Ermənilər Şuşanı erməni şəhəri kimi qələmə vermək istəyirlər. Halbuki Şuşanın təməlini qoyan Pənahəli xan olub və həmişə burada azərbaycanlılar yaşayıb. Şuşa kimi mənzərəsi, təbiəti olan şəhəri belə günə salmaq vəhşilikdir.

            Əlavə olaraq bildirilib ki, şəhərinenerji təminatı ilə bağlı olan layihələrin bir hissəsi artıq icra olunub. Artıq inşa olunmuş Şuşa yarımstansiyası fəaliyyət göstərir. Bu bina qısa müddət ərzində inşa edilib və Şuşa dayanıqlı enerji ilə təchiz olunacaq.

Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş ərazilərə, eləcə də Şuşa şəhərinə səfərləri və orada səsləndirdiyi fikirlər dünya ictimaiyyətinə siyasi mesaj hesab olunur. İşğal vaxtı törədilmiş vəhşiliyin, dağıntıların miqyası göstərir ki, mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi yerlə-yeksan etmiş, Azərbaycanın zəngin tarixi irsini silmək istəmişdir. Prezidentin səfərləri zamanı verilən ən mühüm mesajlardan biri budur ki, düşmən buna nail ola bilməyib, Azərbaycan o torpaqlara  qəhrəman xalq kimi, müzəffər dövlət kimi qayıdıb.

Qələbənin əsas səbəblərindən biri uğurlu hərbi strategiyadır.Hadrut qəsəbəsinin işğaldan azad edilməsi Azərbaycan Ordusunun başqa istiqamətdə hücumunu gözləyən Ermənistan hərbi qüvvələrinin planlarını pozmuşdur. Buna görə də erməni tərəfi və hərbi dezinformasiyalar yaymaqda onlara kömək edən bəzi xarici KİV-lər Hadrutun azad olunmasını uzun müddət etiraf etmək istəməmişlər. Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün məhz Hadrutu azad etməyin vacib olduğu Ali Baş Komandan tərəfindən şərh edilib. Azərbaycan əsgərləri düşmənin gözləmədiyi istiqamətdən Şuşaya yaxınlaşmışlar.

Azərbaycan istənilən təxribatlara adekvat cavab vermək iqtidarındadır.  Prezident səfər vaxtı peşəkar hərbi strateq kimi müharibə zamanı aparılmış bəzi hərbi əməliyyatlara aydınlıq gətirib. Dövlət başçısı Dağlıq Qarabağ və Ermənistanla bağlı  kəşfiyyat məlumatlarına malik olduğunu açıq şəkildə bildirib.

            Göstərilib ki,Ermənistandan və xarici ölkələrdən gətirilən ermənilərlə zorla məskunlaşdırılan qəsəbə azad edilsə də, qəsəbə salamatdır, bir bina da dağıdılmayıb, bir bina da yandırılmayıb. Azərbaycan Ordusu ermənilərdən fərqli olaraq ancaq hərbi birləşmələrə qarşı müharibə aparıb. Ermənistanın statistikasına görə, müharibə dövründə təqribən 40-a yaxın mülki şəxs həlak olmuşdur. Onların da böyük əksəriyyəti məhz hərbi əməliyyatlarda iştirak edən mülki şəxslər idi. Halbuki döyüş bölgəsindən çox-çox uzaqda yerləşən Azərbaycan yaşayış məntəqələrinə qadağan edilmiş silahlarla hücum nəticəsində 100-ə qədər dinc azərbaycanlı sakin həlak olmuşdur.

Şərhlər