Həyatda hər bir insan xüsusi istedad və bacarığa malik olur. Lakin bu yüksək keyfiyyətlər müəyyən şərait yarandıqda, məqam yetişəndə üzə çıxır, özünü büruzə verir. İlk baxışdan adi görünən, başqalarından fərqlənməyən adamlar həyatın müxtəlif sahələrində, yaranmış ekstremal vəziyyətlərdə qabiliyyətlərini, üstün cəhətlərini göstərməyə, nümayiş etdirməyə imkan tapır.
Vətən müharibəsi zamanı torpaqlarımızın erməni işğalından azad olunması uğrunda gedən amansız döyüşlərdə mərd Azərbaycan övladlarının nəyə qadir olduqlarını, bacarıqlarını, igidliklərini sübut etmək üçün əsl fürsət yetişib.
Qorxubilməz oğullar cəbhələrdə elə qəhrəmanlıqlar, şücaətlər göstəriblər ki, onlar haqqında zaman-zaman danışılacaq, adlarına dastanlar bağlanacaq.
Vətən müharibəsi qəhrəmanlarının imzası şanlı döyüş tariximizə qızıl hərflərlə həkk olunub.
Rayonumuzdan olan əsgər və zabitlər də müharibə günlərində əsl, qəhrəmanlıqlar, hünərlər sərgiləmiş, dillər əzbərinə çevirilmişlər. Onların hər birinin müzəffər ordumuzun düşmən üzərində tarixi qələbəsində öz payı vardır. Elmin Maşallah oğlu Şirinov da belə igid həmyerlilərimizdəndir.
Elmin Şirinov 16 yanvar 1993-cü ildə Ağcabədi şəhərində fəhlə ailəsində dünyaya gəlib. Ailənin Hindarx qəsəbəsinə köçməsi səbəbindən Elmin burada Qaraş Əliyev adına əsas məktəbdə təhsil almağa başlayıb. O, 2010-cu ildə Milli Qəhrəman Etibar İsmayılov adına Hindarx qəsəbə məktəbində orta təhsilini bitirib.
Elmin 2011-ci ildə Fövqəladə Hallar Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət göstərib, 2012-ci ildə ordu sıralarından tərxis olunub. Bacarıqlı gənc hərbi xidmətdən qayıtdıqdan sonra bir müddət 14 yaşında ikən öyrəndiyi operatorluq peşəsini davam etdirib, video-çəkilişlə məşğul olub.
2016-cı ildə aprel döyüşləri zamanı yaxın dostu Dilsuz Qarayevin qəhrəmancasına həlak olması ona son dərəcə ağır təsir göstərib. Elmin Şirinov Dilsuzun intiqamını xain düşməndən almaq üçün Milli Ordu sıralarında döyüşmək istədiyini bildirib. Lakin əvvəlcə buna razılıq verilməyib. Yalnız xüsusi hazırlıq kursundan keçdikdən sonra, 2016-cı ilin sentyabrında Azərbaycan Ordusunda minaatan dəstənin komandiri kimi hərbi xidmətə başlayıb.
Cəsur əsgər 2017-ci ildə xidmət göstərdiyi hərbi hissədə könüllü yığmadan təşkil olunmuş əməliyyat bölməsinə daxil edilib, snayper kursunda məşğul olub. Sərrast atıcılıq məharətinə malik olan Elmir Təlim Tədris Mərkəzində xüsusi məşğələlər keçərək, snayper ixtisası üzrə sertifikat alıb.
27 sentyabr 2020-ci ildə müharibə başlanarkən mahir snayper Milli Ordu sıralarında Tərtər-Ağdərə istiqamətində azğın düşmənə qarşı hücuma keçib. O, Çaylı kəndi yaxınlığında düşmən tərəfini sarsıdıcı zərbələrə məruz qoyub. Onun açdığı atəşin biri də hədəfindən yayınmayıb. Düşmən canlı qüvvə və hərbi texnika sarıdan saysız hesabsız itgilər verərək, geri çəkilməyə məcbur edilib. Həmin gün Elmin başından ciddi zədə alıb, lakin döyüş meydanından çıxmayıb, əməliyyatı davam etdirib. Özünün dediyi kimi, sentyabrın 29-da döyüş yoldaşları ilə birlikdə mühasirəyə düşüb. O, yaxınlıqda minaatan mərmisinin partlaması nəticəsində yenidən yaralanıb. Lakin buna baxmayaraq, düşmən mühasirəsi yarılıb, döyüşçülər oradan uzaqlaşmağı bacarıblar.
E.Şirinov oktyabrın 6-da ermənilərə qarşı əməliyyat zamanı ağır yara alıb, gözünü açanda özünü hospitalda görüb. O, oktyabrın 11-də öz istəyi ilə hospitaldan buraxılıb, bir daha cəbhəyə dönüb. İgid snayperçi oktyabrın 14-də komandanlıq tərəfindən Suqovuşan-Ağdərə istiqamətində digər hərbi hissəyə kömək üçün göndərilir. Oktyabrın 29-da gərgin döyüşlərin birində o, 7 nəfər yaralı əsgər və zabiti ölümdən xilas edir, onları atəş altından çıxarmağa müvəffəq olur.
Elmin Şirinov iştirak etdiyi hər bir əməliyyatda igidliklə vuruşaraq, erməni faşistlərini ciddi tələfata uğradıb, məhv etdiyi düşmənin sayını belə bilməyib.
Elmingilin hərbi hissəsi Ağdərəyə girdiyi vaxt Vətən Müharibəsi Milli Ordumuzun tarixi qələbəsi ilə başa çatıb. Lakin, qorxmaz döyüşçü hərbi xidmətini davam etdirib. O, ötən ilin 18 dekabrından məzuniyyət götürüb. Lakin qanlı döyüşlərdə aldığı yaralar səhhətinin pisləşməsinə səbəb olub. Vəziyyəti ağırlaşan döyüşçü yenidən qospitala göndərilib. Hazırda ambulator müalicə alır.
Yalnız şəhidlərin qisasını almaq üçün döyüşlərə atıldığını bildirən məğlubedilməz snayperçi bu gün heç bir təmənnasının olmadığını deyir. O, döyüşməyi müqəddəs Vətən borcu hesab edir.
Elmin Şirinov jurnalist fəaliyyəti ilə də məşğuldur. “YouTube” kanalında yaratdığı “Unutma TV”-də şəhid və qazilərə həsr olunmuş video-çarxlar hazırlayıb, yayımlayır.
Elvin həm də “Tarixin səhifələri” adlı ictimai-siyasi qəzetlə əməkdaşlıq edir. O, hərbi xidməti başa vurduqdan sonra jurnalist fəaliyyətini daha da genişləndirmək fikrindədir. Bu yolda ona uğurlar arzulayırıq!
Yəhya PAŞAZADƏ