Bu gün həmyerlimiz, sadə insan, əsl xalq adamı olan, ən gərgin toplantıda belə kürsüyə çıxan kimi sadə, təbii çıxışı ilə insanların üzündə təbəssüm yaradan Aqil Abbasın doğum günüdür.
Yazıçı, publisist, kinodramaturq kimi fəaliyyət göstərən Aqil Abbas Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Elm və həyat” jurnalının şöbə müdiri, “Sovet kəndi” qəzetinin xüsusi müxbiri, “Ədalət” qəzetinin baş redaktoru vəzifələrində çalışıb. Bədii yaradıcılığa 1970-ci ildə qələmə aldığı hekayələrlə başlayıb. “Şirinlik” adlı ilk hekayəsi 1976-cı ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunub. “Qiyamət gecəsi”, “Qapqara uzun saçlar”, “Batmanqılınc”, “Ən xoşbəxt adam” kitablarının, “Evləri köndələn yar”, “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”, “Dolu” kimi roman və povestlərin müəllifidir. Onun “Dolu” romanının motivləri əsasında eyniadlı tammetrajlı bədii film çəkilib.
2005-ci ildə Azərbaycan Milli Məclisinin 3-cü, 2010-cu ildə 4-cü, 2015-ci ildə 5-ci, 2020-ci ildə isə 6-cı çağrışına deputat seçilib.
Sevimli yazıçımızı ürəkdən təbrik edir, uzun ömür, can sağlığı, uğurlar arzulayırıq!