Bu yol canımızdan keçir

Biz o qədər həssas xalqıq ki, üzərində yeridiyimiz yolu canlı bilmişik, yoldur, deyib, keçməmişik. Onu sevmişik, əzizləmişik, şeirlər, mahnılar yazmışıq, hətta bəzən körpə – balaca bilib, böyüməyini istəmişik. Bizim üçün bir neçə müqəddəs yol var, amma onlardan ən ucası vətən – Qarabağ yolu olub! O elə yoldur ki, o yolda ölüm də bizim üçün şərəfdir! Bu yol indiyədək heç bir kənddən, şəhərdən keçməyib, yalnız canımızdan keçib!

Yol, küçə elə mövzudur, ondan saatlarla danışa bilərik, ancaq bitməz. Yəni yol mövzusunun yolu sonsuzdur.

Yazıya yol və küçə mövzusundan başlamağım təsadüfi deyil, səbəbi var…

Hər iki vətən müharibəsindən sonra yollar bizim üçün daha da müqəddəsləşdi. Çünki bir çox küçə və yollara şəhid olan qəhrəman oğulların adı verildi. İnanın səmimiyyətimə, adam bir şəhidin adına olan küçəylə gedəndə də qürur hissi keçirir, fərəhlənir, özünü yerdə yeriyən yox, göylərdə uçurmuş kimi, həqiqətən, vətən torpağının bir parçası kimi hiss edir. O duyğuları sözlərlə çatdırmaq, əlbəttə, çox çətindir.

Məsələn, ikinci vətən müharibəsində şəhid olan general-polkovnik Polad Həşimovun adı Qəbələdə yaşadığı küçəyə verildi. İndi əminəm ki, mənim kimi bir çox insanın arzusu həmin küçəylə, heç olmasa, bir dəfə keçməkdir, nəinki yaşamaq. Amma məsələ bu arzuyla bitmir. Elə bilirsiniz, asan olar o küçəylə addımlamaq, elə bilirsiniz, asan olar onun məsuliyyətini daşımaq ? İstər-istəməz yerişini düzəldəcəksən, gülüşünə, sözlərinə fikir verəcəksən, düşüncələrinə düzən verəcəksən o yolda… Və Kəlbəcərə çəkilən yeni yola – “Polad yolu” adının verilməsi də möhtəşəm hadisədir! O yolu gedən hər kəs məğrur olacaq, vətənin nə olduğunu, onun dəyərini, vətən eşqini dərk edəcək. O yolla gedən əsgər də məğlub ola bilməz və olmayacaq!

Təbii ki, Polad Həşimov kimi oğullar az deyil və biz bunu ikinci Qarabağ müharibəsində gördük, gördük və yenə təkrar gördük… Hər rayon deyil, hətta hər kənddən ən azı bir oğul vətən yolunda canını qurban etdi – ŞƏHİD oldu.

Ağcabədi rayonu Qaravəlli kəndi:

O qəhrəman oğullardan biri də şəhid Xəzər Bayramovdur…

Bu günlərdə rayon icra hakimiyyətinin təşəbbüsü ilə kəndin mərkəzi küçələrindən birinə şəhid Xəzər Bayramovun adı verildi. Xəzər Bayramovun özü də həmin küçədə yaşayıb, orada böyüyüb və oradan da vətənini qorumaq üçün yola düşüb… O küçə onun vətən, şəhidlik yolunun başlanğıcı olub. İndi küçənin onun adını daşıması, doğrudan da, hamımızı sevindirdi.

Düşünürəm ki, bu yolla məktəbə gedib-gələn neçə-neçə uşaq artıq vətəni duyacaq, onun uğrunda can veriləcək qədər müqəddəs olduğunu anlayacaq. Bu yol, bu küçə bizim hər birimizə hər addımımızda vətən deyəcək, ona sevgi aşılayacaq! Çünki bu, artıq vətən yoludur!

Xəzər (Bayramov) – vətən sevgisinin “Xəzəri” idi, aşdı-daşdı və bizi də özünə qərq etdi! Ruhu şad olsun!

18 mart 2021-ci il tarixində isə rayon İcra Hakimiyyətinin başçısı kənd camaatının iştirakı ilə küçənin açılışını etdi.

Qaravəlli kənd sakinləri adından əməyi keçən hər kəsə təşəkkür edirik.

         Cahandar AYBƏR

Şərhlər