Nazir Rüstəmov: “Ağcabədidə olanda özümü anamın qucağında hiss edirəm” – MÜSAHİBƏ

Aranqazeti.az həmyerlimiz, Əməkdar Artist, Respublikanın Fəxri Mədəniyyət işçisi Nazir Rüstəmovla müsahibəni təqdim edir.

            – Nazir Mürsəl oğlu Rüstəmov 12 aprel 1956-cı ildə Ağcabədi rayonunda anadan olub… Davamını müsahibimizin özünün qeyd etməsini istərdim.

            – Bakıda M.A.Əliyev adına İncəsənət İnstitutunu, Moskvada rejissorluq kursunu bitirmişəm. Azərbaycan və dünya klassik və müasir dramaturqlarının 120-dən çox əsərində baş rolda oynamışam. Teatrda həm rejissor, həm də aktyor kimi məni tamaşaçılarıma sevdirən tamaşalarım çoxdur. Amma mənə daha çox populyarlıq gətirən “Oktay Eloğlu” (C.Cabbarlı) tamaşasında Oktay, “Sən həmişə mənimləsən” (İ.Əfəndiyev) tamaşasında Həsənzadə (bu rolu ayrı- ayrı teatrlarda 3 müxtəlif rejissorun və özümün quruluşumda oynamışam), “Təhminə və Zaur”da (Anar) Zaur, “Anlaşılmazlıq” (A.Kamyu Nobel mükafatçısı) tamaşasında yan rolları olub.

            C.Cabbarli Mükafatı laureatı, Əməkdar Artist, Respublikanın Fəxri Mədəniyyət İşçisi, “Boş məkanın dolğunluğu” Beynəlxalq Teatr festivalınln birincisiyəm. Azərbaycandan kənarda Rusiyada və Ukraynada tamaşalar hazırlamışam. Azərbaycanda 35, Moskvada 4 filmə çəkilmişəm. 6 serialda baş rolda oynamışam… Hal-hazırda Şuşa Dövlət Musiqili Dram Teatrında aktyor və rejissor kimi çalışıram. 50-dən çox tamaşaya quruluş vermişəm.

            – Şair, rejissor yoxsa aktyor. Hansı sizin üçün daha yaxındır.Təqdim edilərkən hansının birinci deyilməsini istərdiniz?

            – Hər üçü mənim üçün çox əzizdir. Bir-birindən ayıra bilmirəm. Rəhmətlik Fərqanə xanım “Ulduz” jurnalında mənim haqqımda “Aktyor, rejissor, şair” adlı gözəl bir yazı da vermişdi. Üçündə də yaradıcılq axtarışı var. Mənim həm də iki dram və bir neçə hekayələrim çap olunub.

            – Rejissorluğa marağınız necə yarandı?       

– Rejissorluğa marağım teatrda yarandı… Gördüm ki, məni çəkir… Əvvəllər bir neçə tamaşada rejissor asissenti olmuşdum.

            – Oynadığınız rollardan hansında özünüzü tapa bilmisiniz?

            – Oktay (“Oktay Eloğlu”), Zaur (“Təhminə Və Zaur”)… Ağcabədi tamaşaçıları bu rolumu çox sevirdilər… Bir dəfə Ağcabədidə tamaşaçılar səhnəyə çıxıb məni əllərində göyə qaldırdılar.

            – I Qarabağ müharibəsi mövzusunda bir sıra filmlər çəkildi. Amma mənə elə gəlir ki, onlardan ən yaddaqalanı “Fəryad” və “Dolu” filmləri oldu. Bu sıraya əlavəniz varmı?

            – Çox filmlər çəkilib. Mən də çəkilmişəm. Görünür siz adını çəkdiyiniz filmlər Qarabağ mövzusunda daha yaxşılarıdır və mən sizinlə razıyam… Amma ən yaxşıları bundan sonra yaranmalıdır.

            – Vətən müharibəsi zəfərlə başa çatdı. Digər filmlərdə gələcəklə bağlı xəyallar, arzular var idi, amma bu gün o xəyallar gerçəkləşib. Gözləntiniz nədir? Sizcə bu mövzuda uğurlu filmlərimiz çəkiləcəkmi? Bunun üçün vacib olan nədir?

– Mən düşünürəm ki, 44 günlük müharibə haqqında yaxşı, samballı filmlər çəkiləcək, mütləq çəkiləcək, amma indi o işə tez- tələsik başlamaq olmaz. Çünki müharibənin çox məlum olmayan detalları, nüansları var ki, onların açılması vaxt, zaman tələb edir. İndi  yaxşı bir iş ortaya çıxartmaq tezdir. Əlbəttə bu mənim subyektiv fikrimdir. Möhtəşəm qələbənin möhtəşəm də filmi yaranmalıdır. Tələsmək olmaz.

– Ədəbi yaradıcılığınızdan danışaq. Sosial şəbəkədə oxuyuram, şeirləriniz fərqlidir, seçiləndir. Bir kitabınızın çap olunması haqda məlumatım var. Başqa kitablarınız çap olunubmu?

            – Mənim “Aramızda bulud var” adlı kitabım, həm də rusca – “Mежду нами тучи-тучи” adıyla bir kitabım çap olunub. Şeirlərim Moskvanın bir çox jurnallarında dərc edilib. Buna görə mənim şeirlərimi rus dilinə çevirən Alina Talıbovaya həmişə borcluyam. O həm də “Literaturnıy Azerbaydjan” jurnalında şeir şöbəsinin müdiri vəzifəsində çalışır. Bu yaxınlarda Türkiyədən də qardaş ölkədə çap olunmuş şeirimi mənə göndərdilər. Yeni kitab mütləq olacaq.

            – Yeri gəlmişkən, mənə kitab söz vermişdiniz hələ də gözləyirəm.

            – Sizə kitablarımı gətirəcəm inşallah. Yeri gəlmişkən, sizin şeirlərinizi çox sevirəm. Şeirlərinizdə novatorluq və özünəməxsusluq var. Sosial şəbəkədəki statuslarınız da çox maraqlı olur. Mən də çox istərdim sizin kitabınız məndə olsun.

             – Təşəkkür edirəm. İnanıram ki, tezliklə kitab mübadiləsi edərik. Digər sualım yəqin həmyerlilərimizi də maraqlandırar. Son dəfə Ağcabədidə nə vaxt olmusunuz?

            – Çox təəssüflər ki, Ağcabədidə tez-tez ola bilmirəm… Amma ən azı ildə bir dəfə oluram…Mən Ağcabədini çox sevirəm…Ağcabədidə olanda özümü anamın qucağında hiss edirəm. Şuşalı dostlarımı “Üzeyir Hacıbəyov ağcabədilidir” deyib çox cırnatmışam… Əlbəttə zarafatdır… Üzeyir Hacıbəyov bizim hamımızındır və mən onunla həmişə qürur duyuram…

            – Sonda oxuculara bir şeirinizi təqdim etmənizi istərdim.

            Hardan gəldin bu ömrümə

            Ömrün günün bu çağında…

            Gəldin göylər qaralanda,

            Yağışlar narın yağanda.

            Heç bilmirəm necə gəldin

            Baharı gedən ömrümə,

            Mahnısı çoxdan oxunub,

            Qatarı gedən ömrümə.

            Hardan gəldin bu ömrümə

            Günün gün batan vaxında…

            Marağımın meyə artıb,

            Baxtımın yatan vaxtında.

            Hardan gəldin bu ömrümə…

            Gəlmə, gəlməsən yaxşıdır,

            Mən nələr çəkirəm, bilmə,

            Bilmə, bilməsən yaxşıdır.

– Sizə uğurlar arzulayıram… Çox sağ olun məntiqli suallara görə….

            Söhbətləşdi: Məhsəti MUSA

Şərhlər