Son dövrlər respublikamızda bütün sahələrdə olduğu kimi, idman sahəsində də dövlətin diqqət və qayğısı artırılıb. Rayonumuzda da bu istiqamətdə mühüm addımlar atılır. Bölgədə idmanın inkişafında, idmançıların hazırlanmasında Ağcabədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini, respublikanın əməkdar məşqçisi, ikinci dan Qara Kəmər sahibi, tanınmış karate ustası Eldəniz Qənbərovun xüsusi əməyi vardır.
Qənbərov Eldəniz Surxay oğlu 1965-ci ildə Ağcabədi rayon, Hüsülü kəndində anadan olmuşdur. 1982-ci ildə Məmməd Aranlı şəhər 11 saylı tam orta məktəbi əla qiymətlərlə bitirmiş, elə həmin ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna qəbul olmuşdur. 1983-1985-ci illərdə Ukrayna Respublikasının Xmelniski şəhərində hərbi xidmətdə olmuş, hərbi xidmətini başa vurduqdan sonra ali təhsilini davam etdirərək 1991-ci ildə Azərbaycan İnşaat Mühəndislər İnstitutunu bitirmişdir. İnstitutu bitirdikdən sonra gənc mütəxəssis rayonun bir çox idarə və təşkilatlarında müxtəlif vəzifələrdə çalışmışdır. O, 1998-ci ildən hal-hazıra kimi Ağcabədi rayon Gənclər və İdman İdarəsində rəis müavini vəzifəsində çalışır. Uşaqlıqdan idamana böyük həvəsi olan Eldəniz Qənbərov hərbi xidmət zamanı idmanın karate-do növü ilə məşğul olmuşdur. O, 1986-cı ildən karate idman növü üzrə usta Xaritonov və onun tələbəsi Asif Abbasovun rəhbərliyi altında məşqlərini davam etdirmişdir. Həmin vaxtlar karate-do idman növü üzrə yarışlara demək olar ki, icazə verilmədiyi üçün qrupdaxili yarışlara üstünlük verilirdi. Dəfələrlə qrupdaxili kontakt və idman yarışlarının qalibi və mükafatçısı olmuşdur. Eldəniz Qənbərov 1995-ci ildə Azərbaycan Karate-Do Federasiyaları Assosiyasının Prezidenti Ülvi Qarayevə müraciət etmiş və uğurlu imtahan verərək AKFA-na üzv olmuşdur. Mərhələlərlə seminarlarda iştirak etmiş, imtahanlarda uğurlu nəticə göstərərək AKFA-nın nəzdində məşqçi müəllim kimi fəaliyyət göstərmişdir. Təsadüfi deyildir ki,bacarıqlı idman mütəxəssisinin yetirmələri dünya və avropa çempionatlarında, müxtəlif beynəlxalq yarışlarda 35 dəfə ölkəmizin üçrəngli bayrağını yüksəklərə qaldırmışlar. Bu isə rayonda fəaliyyət göstərən başqa idman növləri ilə müqayisədə çox yüksək bir nəticədir. Belə nailiyyətli tələbələrdən biri də Əli Cəfərovdur. Əli karate-do idman növü üzrə uğurlu çıxışlar edərək, Azərbaycan, 4 dəfə dünya, 7 dəfə Avropa çempionu olmuşdur. Dəfələrlə beynəlxalq yarışların qalibi və mükafatçısı olmuşdur.
Karate-do idman növü üzrə ölkəmizi layiqincə təmsil edən qızlarımız da var ki, onlardan biri Nərgiz Quliyevadır. Nərgiz 3 dəfə respublika və dünya çempionatında qızıl və bürünc mükafatlara layiq görülüb.
Bunlardan əlavə, Nərməddin Bünyadov dünya çempionatlarında 4 dəfə gümüş, 1 dəfə bürünc mükafat qazanmış, Toğrul Qənbərov isə 2 dəfə respublika çempionatının qalibi olmuşdur. Qeyd edim ki, Toğrul Qənbərov Eldəniz Qənbərovun övladıdır və atasının yolunu uğurla davam etdirmək istəyir.
Eldəniz müəllim Əməkdar məçqçi kimi E.Qənbərov 17-18 sentyabr 2015-ci il tarixlərdə İran İslam Respublikasının Tehran şəhərində keçirilən Karate-do üzrə 7-ci dünya çempionatının və final görüşlərinin hakimi, 2015-ci ildə Birinci Avropa oyunlarının rəmzi və açılış mərasiminin təməli hesab olunan məşəlin daşıyıcısı olmuşdur. O, 2015-ci ildə Bakı şəhərində keçirilən IV İslam Həmrəyliyi Oyunlarında milli hakim kimi iştirak etmişdir. Eldəniz Qənbərov mötəbər yarışların hakimi, məşqçi kimi həmişə ona olan etimadı layiqincə doğrultmuşdur. Bu səbəbə görə də tanınmış mütəxəssis respublikada peşəkar bir idmançı kimi sayılıb-seçilib, böyük hörmət, nüfuz qazanıb. Təcrübəli mütəxəssis bu gün də öz səmərəli fəaliyyətini uğurla davam etdirir.
Hüseyn QULUZADƏ