Azərbaycan Respublikasının Prezidenti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal görüşündə çıxış etmişdir. Görüş zamanı rəsmi İrəvanın işğalçı siyasətinin ağrılı nəticələrindən danışan dövlət başçısı qeyd edib ki, 30 ilə yaxın müddət ərzində Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərini işğal altında saxlayırdı. Bu işğal nəticəsində torpaqlarımızın təxminən 20 faizi Ermənistan tərəfindən zəbt edilmiş, bir milyondan çox azərbaycanlı öz doğma torpağından didərgin salınmışdır. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Ermənistan Azərbaycana qarşı soyqırımı törətmişdir. 1992-ci ildə törədilən Xocalı soyqırımı nəticəsində 600-dən çox günahsız, dinc insan vəhşicəsinə öldürülmüşdür. Onların 106 nəfəri qadın, 63 nəfəri isə uşaq idi.
İrəvanın ötən illər ərzində yürütdüyü siyasət münaqişəni beynəlxalq hüquq müstəvisində sülh vasitəsilə həll olunmasını mümkünsüz etdi. Beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini daim dəstəkləyiblər. Ancaq bu dəstəyin praktik həyatda o qədər də böyük əhəmiyyəti yox idi. Çünki məsələ öz həllini tapmırdı. BMT Təhlükəsizlik Şurası – dünyanın ali beynəlxalq qurumu 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Bu qətnamələr 1993-cü ildə qəbul edilmişdir və icrasız qalmışdı. Digər beynəlxalq təşkilatların qərar-qətnamələri Azərbaycanın mövqeyini dəstəkləyirdi və bunun çox böyük siyasi və hüquqi mənası var idi, real, praktik müstəvidə məsələnin həllinə xidmət etmirdi. ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar Azərbaycanın haqlı mövqeyini müdafiə etmişlər.
ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir səmərə vermədi. Məsələnin həlli ilə bağlı 1992-ci ildə ATƏT-in Minsk qrupu yaradılmışdır və 28 il ərzində fəaliyyət göstərsə də, nəticə olmamışdır. Minsk qrupunun nəticəsi sıfra bərabər olmuşdur. Halbuki Minsk qrupuna həmsədrlik edən ölkələr dünyanın aparıcı ölkələridir, nüvə dövlətləridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Əlbəttə ki, Ermənistana qarşı işğalla bağlı ciddi təzyiq göstərilsəydi və Azərbaycanın tələbi nəzərə alınıb sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan sülh yolu ilə öz həllini tapa bilərdi.
Ölkə rəhbərinin dediyi kimi, Ermənistan bütün dövrlərdə qeyri-konstruktiv və irrasional mövqe nümayiş etdirdib. Uzun illər ərzində münaqişənin dondurulması istiqamətində addımlar atılmışdır. Ermənistan faktikiolaraq danışıqlardan imtina etmişdir. Əgər əvvəlki illərdə danışıqların imitasiyası ilə məşğul idisə, son iki-üç il ərzində faktik olaraq açıq, nümayişkaranə şəkildə bildirirdi ki, bir qarış da torpaq Azərbaycana qaytarılmayacaq. Bundan əlavə, Ermənistan rəhbərinin məsuliyyətsiz və təxribat xarakterli addımları və bəyanatları danışıqları mənasız etmişdi.
Öz işğalçılıq siyasəti ilə Ermənistan hakimiyyəti bütün beynəlxalq qanun və normaları pozaraq dəhşətli cinayətlər törədib. Ermənistanın təxribat xarakterli addımlarından biri də qədim Azərbaycan şəhəri, bizim mədəni paytaxtımız olan Şuşada qanunsuz xunta rejiminin, keçmiş Dağlıq Qarabağ rejiminin başçısının andiçmə mərasiminin keçirilməsi idi. Bu, Azərbaycan xalqına qarşı təhqir idi. Qondarma “Dağlıq Qarabağ respublikası”nın qondarma parlamentinin Şuşa şəhərinə köçürülməsi və parlament üçün binanın inşa edilməsi dətəxribat xarakterli addım idi.
Erməni təxribatları cavabsız qalmadı. Uzun illər ərzində müxtəlif addımlarla Ermənistan bizi təxribatlara çəkib və bizdən sərt reaksiya gözləyib ki, daha sonra günahı bizim üstümüzə yıxsın. Azərbaycan təxribatlara uymadı. Biz özümüzü təmkinli apardıq, beynəlxalq hüququn bütün norma və prinsiplərinə uyğun şəkildə apardıq və belə olan halda Ermənistan keçən ilin yayında bizə qarşı hərbi təxribat törətdi. Ermənistan-Azərbaycan dövlət sərhədində bizim mövqelərimiz atəş altına düşdü.
Münaqişə öz hərbi-siyasi həllini tapdı. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri Bəyanat imzalayıblar. Bu Bəyanat əsasında bizim digər rayonlarımız artıq siyasi yollarla Azərbaycana qaytarıldı. Beləliklə, məsələ hərbi-siyasi yollarla həll olundu. Artıq tam əminliklə deyə bilərik ki, Dağlıq Qarabağ məsələsi, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmışdır. Dağlıq Qarabağ adında hazırda hər hansı bir ərazi vahidi yoxdur. Azərbaycan bu məsələni həll edib, tarixi Zəfər əldə edib və dağıdılmış ərazilərdə bərpa işlərinibaşlayıb.
Prezident İlham Əliyev Çıxışında daha sonra qeyd edib ki, işğaldan azad olunmuş ərazilər erməni vandalizminin şahididir. Azad edilmiş torpaqlarda hər şey dağıdılıb. Şəhərlər dağıdılıb, evlər dağıdılıb, kəndlər dağıdılıb, tarixi abidələrimiz dağıdılıb. Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar. Füzuli şəhəri işğaldan azad olunandan sonra bu şəhərdə bir salamat bina qalmamışdı ki, o binanın damında Azərbaycan bayrağı qaldırılsın. Ermənilər qəbiristanlıqları şumlayıblar, qəbirləri dağıdıblar, 60-dan çox məscidi dağıdıblar və yarımçıq sökülmüş məscidlərdə inək və donuz saxlayıblar.
Minaların xəritəsi də Azərbaycana bu günə qədər təqdim olunmayıb. Odur ki, müharibədən sonra bir çox azərbaycanlı mülki şəxs və hərbçi minaya düşərək həlak olub və yaralanıb. Ermənistanın bu günə qədər mina xəritələrini verməməsi, növbəti hərbi cinayətdir. Ona görə minalardan təmizləmə işi daha çox vaxt aparacaq. Bu işlər başa çatmadan, əlbəttə ki, biz köçkün, qaçqın soydaşlarımızı o torpaqlara qaytara bilmərik.
Dövlətimizin başçısı əlavə olaraq göstərib ki, Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. 44 gün davam edən II Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, müharibə dövründə 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi. Bizim tarixi şəhərimiz Şuşa noyabrın 8-də işğalçılardan azad edildi və Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı.
Münaqişənin həllində Türkiyənin böyük rolu vardı.Müharibənin ilk günündən qardaş Türkiyədən böyük dəstək aldıq. Sentyabrın 27-də müharibə başlanan gündən etibarən Türkiyə açıq şəkildə Azərbaycana dəstək ifadə etdi. Bu siyasi və mənəvi dəstəyin çox böyük əhəmiyyəti var idi. Bu dəstək bizə imkan verdi ki, əks-hücum əməliyyatını uğurla keçirək, imkan verdi ki, hər hansı bir kənar qüvvə məsələyə müdaxilə etməsin.
Azərbaycan Prezidenti çıxışında bildirib ki, münaqişənin həlli bütün regionun inkişafı üçün yeni imkanlar yaradıb. Onların arasında ən vacib olanı nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində daha çox çalışırıq.
Heç şübhəsiz işğaldan azad olunmuş ərazilər böyük geostrateji əhəmiyyətə malikdir. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq.Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya infrastruktur layihələri bütün türk dünyasını qovuşduracaq, eyni zamanda digər ölkələr üçün də əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsi ilə Türkiyə ilə birləşir. Həmçinin Orta Asiya Avropq ilə birləşir. Bununla da yeni dəhlizi yaranmaqdadır.