Qarabağım, Vətənimin səfalı guşəsi, düz otuz il qəlbində namərdin açdığı yara ilə yaşayanım. Düşmənin atdığı hər addımda yarası təzələnənim. Biz sənin bağrından qopandan çiynimizdə o ağır yüklə (qaçqın adı ilə) pərən-pərən düşmüşük. Həmən o gündən tək təsəlli, tək ümidimiz sənin azadlığa qovuşacağın günü görmək olub. Bağrından qopduğumuz o gündən sənə olan sevgim də, həsrətim də, sənə qovuşmaq ümidim də mənimlə birgə böyüdü. Hər ad günümdə mənə olunan ən gözəl dilək “İnşallah gələn ad gününü Ağdamda keçirdərik” olurdu. Demək olar, çox insanın əziz günlərdə bir-birinə diləyi sənə qovuşmaq olub. Qarabağım, sən haqq tərəfindən bizə yazılmış, qəbul olunmuş duamızsan. Duamızın Allah dərgahına yetdiyi gün bu gündür. Qarabağım, daha sən azadsan! Birinci Qarabağ müharibəsinin acılarını dadmış və o günləri unuda bilməyən bir Qarabağlı kimi bu qələbəni bizə yaşadan Ali baş komandanımıza və igid ordumuza hər zaman minnətdaram.
Qəhrəman qardaşlarım, siz Qarabağda tökülən qanların intiqamını öz canınızdan, sağlamlığınızdan keçərək aldınız. Bizə qalibiyyəti yaşatdınız. Mənim kimi uşaqlığı oğranmış minlərlə insanın heyfini çıxdınız.
İkinci Qarabağ savaşı bizə eyni anda həm sevinci, həm də kədərlə yaşamağı öyrətdi. Üç minə yaxın şəhidimizin acısı qəlbimizi dağlasa da, qalibiyyətimiz bizi qürulandırır. Bu müharibədə neçə ailələr başsız, oğulsuz, qardaşsız qaldı. Neçə qız-gəlinin qəlbində bir ömürlük yar adlı yarası açıldı… İgid oğullarımız cismən bu dünyanı tərk etdilər, ruhən isə yaradana-əbədiyyətə qovuşdular. Həmən igidlərdən biri də Hüseynov Mirəli Arlf oğludur. Mirəli 25 oktyabr 1996-cı ildə Ağcabədi rayonunda anadan olub. Orta məktəbi bitirib həqiqi xidmətə yollanan Mirəli xidmətini tuşlayıcı atıcı (sanyper) kimi başa vurub evinə dönür. Daha sonra ailə həyatı qurur.
Vətən müharibəsi başlayanda döyüşə yollanan igidlərin sırasına Mirəli də qoşulur. Cəbrayılın alınmasında qəhrəmanlıq göstərir. O, son ad gününü səngərdə keçirir. Elə bundan iki gün sonra-oktyabrın 28-də Füzuli uğrunda gedən gərgin döyüşlərdə şəhid olur. Dünyaya göz açdığı rayonun Şəhidlər Xiyabanında dəfn olunur.
Mirəli Hüseynov Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
Vətən uğrunda canından keçən igidimizin anası Laləzar xanım oğlu haqqında deyir: “Uşaqlıqdan çox sakit idi. İnsana yanan, vətənini sevən oğul idi. Bir dəfə də olsun heç kim ondan mənə şikayət etməyib. İkinci Qarabağ müharibəsi başlamışdı. Bir gün evə gəldim ki, Mirəlinin gözləri dolub. Nə olduğunu soruşanda döyüşdə şəhid və yaralılarımızın olduğunu deyib hönkürüb ağladı. Elə həmən günün səhəri özü də döyüşə yollandı. İndi onun qoxusunu oğlu Arifdən alıram.
Arif Atasının şəklini bağrına sıxıb, gecələr o şəkillə yatır, səhər o şəklə baxaraq başlayır yeni günə. Körpə yaşda atasızlığı dadan körpə, gecələri hıçqıraraq yuxudan ayılıb, “Ata” deyib ağlayanda, ona “Atan işdədir gələcək” deyən zaman o bu yalana inanmır. Sakit bir səslə ” yox gəlməyəcək. Mən bilirəm atam işdə deyil. O, Allahın yanındadır” deyir.
Əziz bala atan şəhadət şərbətini içdi ki, biz azad ölkənin qalib vətəndaşı olaq. Sən bir qəhrəmanın oğlusan. Atalarımızın illərin sınağından çıxmış belə bir deyimi var. “Canavarın balası da özü kimi canavar olar”. Mən inanıram ki, sən də atan kimi vətən qeyrəti çəkən bir qəhrəman olacaqsan…
Pərvin ŞAKİRQIZI