Rayonda çiyid səpini kampaniyasına uğurla start verilib

Son illər respublikamızda kənd təsərrüfatının, xüsusilə pambıqçılığın
inkişafına diqqət xeyli artırılıb. Prezident İlham Əliyevin bu mühüm təsərrüfat
sahəsinə göstərdiyi diqqət və qayğıdan ruhlanan pambıqçılar fədakarlıqla çalışır, hər
il böyük uğurlar qazanırlar.
Ölkəmizin iri pambıqçılıq bölgələrindən sayılan Ağcabədi rayonunda da bu
istiqamətdə önəmli addımlar atılır. Bu gün rayonumuzun pambıqçıları respublikada
qabaqcıllar sırasında layiqli yer tuturlar. Təsadüfi deyildir ki, ötən 2020-ci ildə rayon
üzrə 10 min 689 hektar əkin sahəsindən 37 min 887 tondan çox pambıq istehsal
olunub, hər hektardan 35, 44 sentner məhsul götürülüb.
Ağcabədi pambıqçıları 2021-ci təsərrüfat ilində də bol məhsul yetişdirmək
əzmindədirlər. Cari ildə bölgə ərazisində 10 min 615 hektara yaxın əkin sahəsində
pambıq əkilməsi planlaşdırılıb. Bununla əlaqədar olaraq, istehsalçılarla rayonda
fəaliyyət göstərən “Azərpambıq” MMC, “MKT” İstehsal Kommersiya və “P-Aqro”
MMC emal müəssisələri arasında müvafiq müqavilələr bağlanılıb.
Rayonun bütün təsərrüfatlarında pambıq mövsümünə hazırlıq başa çatdırılıb.
Əkin sahələrindən yüksək məhsul əldə etmək üçün aqrotexniki tələblərə düzgün və
ardıcıl əməl olunması diqqət mərkəzində saxalanılıb . Sahələr optimal müddətdə
şumlanılıb, təmizlənib, suvarma suyu və mineral gübrələrlə təmin olunub, malalanıb.
Aprel ayının 6-da təsərrüfatlarda çiyid səpini kampaniyasına start verilib. Bu il
sahələrdə rayona emal müəssisələri tərəfindən gətirilmiş yüksək keyfiyyətli pambıq
sortları yetişdiriləcək. Traktorlar, səpin aqreqatları və digər texniki vasitələr səpin
işlərinə səfərbər olunub. Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov
Yeni Qaradolaq kəndindən olan adlı-sanlı fermer Tofiq İsmayılov, Mehrablı kənd
sakini Zülfüqar Əliyev, Qaradolaq kənd sakini Etibar Şirinov və Hüsülü kənd sakini
Gülcahan Köçəliyevanın başçılıq etdikləri təsərrufatlarda aparılan çiyid səpini ilə
tanış olub. Səpinin gedişi ilə maraqlanan rayon rəhbəri istehsalçılara mütəxəssislərə
və mexanizatorlara bununla əlaqədar lazımi məsləhətlərini və tövsiyyələrini verib,
onlara həyata keçirilən bu mühüm əkin kampaniyasında uğurlar diləyib, xoş
arzularını bildirib.

Fotolar Mais İbrahimovundur

Yəhya PAŞAZADƏ,
Hüseyn QULUZADƏ

Şərhlər