Tərbiyədə valideyn-övlad münasibətlərin rolu

İnsan xarakterinin və şəxsiyyətinin formalaşmasında ən mühim amillərdən biri sosial mühitdir ki, ilk sosial mühit olaraq uşaq dünyaya gəldiyi andan etibarən artıq ailəni görür. Tərbiyədə ailənin roluna diqqət eləsək, birinci növbədə qeyd etməliyik ki, müxtəlif ailələrin mövcud olması məhz pis və ya yaxşı olmasından asılı olmayaraq müxtəlif tərbiyə mühitlərinin olmasına şərait yaradır. Uşaqlara münasibət və tərbiyəvermə cəhətdən valideynlərin demokratik, avtoritar, liberal olaraq üç əsas üslubu seçilir. Bu üslubların yaranması ailələrin dünyagörüşü, öz tərbiyə aldıqları, böyüdükləri mühitdən daha çox asılıdır.

            Demokratik tərbiyə üslubunu seçən ailələrdə uşağa qarşı münasibət qarşılıqlı anlaşma və hörmət əsasında qurulur, uşağa sərbəstlik verilir fikirləri dinlənilir, onlara şəxsiyyət kimi yanaşılır. Fikirlərinə önəm verildiyini, dinlənildiyini görən uşaqlarda özgüvən, yaradıcılıq, ünsiyyət qurmağı bacarmaq, humanistlik və s. bu kimi müsbət xüsusiyyətləri formalaşır. Fikirlərini ailədə müstəqil şəkildə yürüdə bilən uşaqlar, gələcəkdə kollektivdə, cəmiyyətdə də haqq səslərini yüksəldə bilən özgüvənli, müstəqil şəxsiyyətlər olurlar.

            Araşdırmalar müasir cəmiyyətdə avtoritar tərbiyə üslubunun hökm sürdüyü ailələrin daha çox olduğu göstərir. Avtoritar valideynlər, hansı ki daha çox eqolarını üstün tuturlar, uşaqlarının daha çox onlara bir növ kölə olmasını tələb edir: verilən tapşırığa dərhal, sualsız əməl edilməlidir, verilən qərar dərhal icra edilməlidir, qərara heç bir müdaxilə olmaz. Bu məcburiyyətə əsaslanan qaydalar sistemi heç də effektiv nəticə vermir, əksinə olaraq hətta mənfi nəticələrə yol açır. Məsələn, əgər siz avtoritar üslublu valideynsinizsə, peşə-ixtisas seçimi zamanı övladınıza məcburi öz qərarınızı qəbul etdirməklə onun gələcəyinə zərər vermiş olarsınız. Belə ki, övladınız gələcəkdə sizin seçdiyiniz ixtisas üzrə iş tapmaqda çətinlik çəkə və hətta iş tapmış olsa belə, o işə bir işgəncə kimi baxa bilər. Həmçinin avtoritar ailələrdə valideyn-övlad münasibətlərində müəyyən məqamlarda fikir ayrılıqları (tabe olmaq istəməyən övlad), konfliktlər də ortaya çıxa bilər ki, bu da övladlarınızın xarakterinin aqressiv, çəkingən biri kimi formalaşmasına səbəb olur. Özünü ifadə edə bilməyən, qətiyyətsiz, qapalı, təşəbbüskarlığı olmayan insanların böyük əksəriyyəti məhz avtoritar ailələrin övladlarıdır.

            Psixoloqlar liberal üslublu valideynləri xüsusilə fərqləndirməklə, bu üslubu ən zərərli tərbiyə üslubu olduğu qənaətinə gəliblər. Övladına qarşı lazımi səviyyədə diqqət, qayğı, sevgi, nəzarət göstərə bilməyən valideynlər onların necə deyərlər, “özbaşına” böyüməsinə səbəb olurlar. Bu cür münasibət uşaqların pedaqoji baxımdan geriləməsinə səbəb olur (tədris prosesində passiv iştirak) və tərbiyədə intizamsız şagird, cəmiyyətdə isə bir çox hallarda hüquqazidd əməlləri ilə seçilən şəxslər kimi formalaşırlar. Təsadüfi deyil ki, azyaşlı cinayətkarlar və qanunpozanların böyük əksəriyyəti liberal üslublu ailələrin övladları olur.

            Yaxşı tərbiyə etmək istəməklə yaxşı tərbiyə etmək arasındakı uçurum yox, möhkəm bağ yaratmaq valideynlərin əlindədir, bunun üçün valideynlərin istifadə edib sistemli şəkildə həyata keçirə biləcəyi təqdirdə böyük nəticələr ala biləcəyi bir neçə kiçik məsləhətə diqqət edək:

            Övladlarınıza seçim şansı verin – önəmli olduqlarını hiss edəcəklər.

            Dinləyin, onlara güvənin – sirlərini bölüşməkdən çəkinməyəcəklər.

            Yeniyetmə yaşı dövründə tənqiddən uzaq durub təklifə keçin – bu zaman yaxşı dost ola biləcəksiniz övladınızla.

            Peşə seçərkən onların fikrinin daha çox önəmli olduğunu hiss etdirin –müstəqil fikir yürütmək səlahiyyətlərinin olduğunu dərk edəcəklər.

            Övladlarınız arasında gözlə görüləcək qədər ayrı-seçkilik etməyin – bu qısqanclıq, aqressiya və yersiz konfliktlərin qarşısını alacaq.

            Kiçik bir iş üçün belə mükafatlandırıb, tərifləyin – özlərini dəyərli hiss edəcəklər.

            Cəza verərkən səbəbini izah edin-bu uşağınızın səhvini analiz etməsi və daha az aqressiv olmasına səbəb olacaq.

            Ümumiyyətlə, hər bir uşaq valideynini nümunə kimi görür və valideynlərini müəyyən qədər təkrarlamağa çalışırlar, buna görə də valideynlər özləri mükəmməl olmaq üçün çalışmalıdır ki, övladları da mükəmməl nümunələr görə bilsinlər. “Övladlarınız sizin sənət əsərinizdir.” Kim istəyər ki sənət əsəri mükəmməl olmasın? Mükəmməl sənət əsəri-mükəmməl övlad üçün məhz valideynlər mükəmməl nümunə olmağı bacarmalıdır. Və unutmayın, bu gün sizin münasibətiniz gələcəkdə övladınızın da öz övladına göstərəcəyi münasibəti formalaşdırmağa başlayır, bu isə gələcəyimizin siz valideynlərin əlində olmasını göstərir. Siz yaxşı münasibət qurun ki, gələcəyimiz əmin əllərdə inkişafa doğru addımlasın.

Psixoloq Lalə Əliyeva

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər