Azərbaycan filmlərində və teatr səhnəsində uğurlu obrazlar yaratmış ağcabədililər

Əziz oxucular, rubrikamızda bu dəfə Azərbaycan filmlərində və teatr səhnəsində uğurlu obrazlar yaratmış həmyerlilərimizdən söz açacağıq.

         “Aktyor” İsi Məlikzadə? Mənim üçün maraqlı tapıntılardan biri məhz “Qanlı zəmi” filmidir, bu  tammetrajlı bədii filmin digər adı isə “Atları yəhərləyin” dir. Film 1985- ci ildə ərsəyə gəlmişdir. Xalq qəhrəmanı Qaçaq Nəbidən və onun dəstəsinin göstərdiyi igidlikdən söhbət açılan bu filmdə iki tacir obrazını yadınıza salın. Bu tacirlərdən biri sevimli, unudulmaz aktyorumuz Ceyhun Mirzəyevdir. Digər Tacir obrazını yaradan isə, sən demə həmyerlimiz, əsərləri əsasında bir çox film və tamaşalar çəkilmiş, məşhur yazıçı İsi Məlikzadə imiş. İsi Məlikzadənin həyat və yaradıcılığı ilə tanış olsam da, onun filmdə çəkildiyini öyrənmək mənim üçün yeni bir tapıntı oldu və istədim ki, bunu sizinlə də bölüşəm.

            Hacı Zeynalabaddin Tağıyev Ağakişi Kazımovdur. Digər bir filmdəki obraz haqqında da yazmaq istəyirəm. “Yük” adlı bu film də tammetrajlı bədii filmdir. Sözügedən filmdə Bakı milyonçusu Ağa Musa Nağıyevin həyatının bir günü ərzində başına gələn əhvalatlardan söhbət açılır. 1995- ci ildə ərsəyə gəlmiş filmdə Hacı Zeynalabdın Tağıyev obrazını məharətlə yaradan isə digər ağcabədili, Əməkdar incəsənət xadimi, xalq artisti fəxri adlarına layiq görülmüş, Prezident təqaüdçüsü, görkəmli rejissor Ağakişi Kazımovdur. Rejissorun sənəti bu sahəyə daha yaxın olduğu üçün onun aktyor kimi özünü sınaması da çox uğurlu alınmışdır.

            Məqaləni hazırlayan ərəfədə digər bir filmdə də Ağakişi Kazımovun rol almış olduğunu gördüm. Maraqlandım və film haqqında məlumat topladım. “Carçı film” tərəfindən çəkilmiş bu tammetrajlı bədii televiziya filminin adı “Sonuncu dərvişdir. Film böyük Azərbaycan rəssamı, əsərlərinin vurğunu olduğum Səttar Bəhlulzadənin həyat və yaradıcılığından bəhs edir. Burada onun həyatının 3 dövrü – uşaqlıq, gənclik və ahıl dövrləri öz əksini tapmışdır. 2012- ci ilin məhsulu olan bu filmdə Azərbaycanın Moskvada olan nümayəndəsi obrazını yaradan da həmyerlimiz Ağakişi Kazımovdur. Tanınmış rejissor, eyni zamanda 1953-1963- cü illər ərzində teatr səhnəsində də maraqlı rollar oynamışdır.

            “Ən yaxşı kişi rolu”. Söhbət  Azərbaycan Teatr Xadimləri İttifaqının, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Qurban İsmayılovdan gedir. Aktyorun teatr səhnəsindəki rolları haqqında növbəti yazılarımızda söhbət açacağıq. Bu gün onun məhz filmlərdəki rollarından bəhs olunur. Q. İsmayılov “Altı nömrəli palata” (film, 1994), “Güllələnmə təxirə salınır!… “(film, 2002), “Bir anın həqiqəti” (film, 2003), “Lal” (film, 2003), “Oyun2 (film, 2003), “Girov” (film, 2005), “Yalan” (film, 2005), “Rami” (film, 2007), “Günaydın, mələyim!” (film, 2008), “Qala” (film, 2008), “Teatral həyat” (film, 2009), “İstanbul reysi” (film, 2010), “Tabutçunun yelləncəyi” (film, 2012), “Dərvişin qeydləri “ (film, 2013), “Qisas almadan ölmə. Keçmişdən məktublar “(film, 2013), Çaqqal nəfəsi” (film, 2013), “Rəssam “ (film, 2015), “Yarımçıq xatirələr” (film, 2015), “100 kağız “(film, 2015), “Əli və Nino” (film, 2015), “Ayaqqabı əməliyyatı” (film, 2016), “Xeyirlə şərin rəqsi” (film, 2016),  “Nar bağı “(film, 2017), “Son iclas” (film, 2018),” Əlvida, Şmidt!” (film, 2019) və digər filmlərdə bir-birindən maraqlı obrazlar yaratmışdır. Amma mən çox sevdiyim filmlərdən biri olan “Güllələnmə təxirə salınır” haqqında söz açmaq istəyirəm. Filmdə bir qrup gəncin 1941- 45 – ci illər müharibəsindən sonra cinayət xarakterli işlərindən bəhs edilir. Amma bu gənclərin “cinayət” lərinin məqsədi xeyirxah işlərə köklənmişdir. Onlar “varlı” sayılan təbəqənin əllərindən artıq var- dövlətini alıb kasıb əhaliyə paylayır, qadın və gəlinlərin, ərləri cəbhədə olan qadınların namusunu qoruyurlar. Əməllərinə hüquqi tərəfdən haqq qazandırılmasa da, camaat onları dəstəkləyir. Böyük tamaşaçı rəğbəti qazanan bu filmdəki gənclərə “Oğru” damğası vurulsa da, onlar insanların qəlbində özlərinə yer tuta bilirlər. Film 2003- cü ildə çəkilmişdir. Tammetrajlı bədii filmdir. Bizim həmyerlimiz Qurban İsmayılov burada Kamil obrazını canlandırmışdır.

   Qurban İsmayılov həmçinin seriallarda da rol alıb və artıq bir neçə ildir həftənin 5 günü yayımlanan “Ata ocağı” serialının baş qəhrəmanı olaraq yaratdığı ata obrazı ilə serial həvəskarlarının qəlbinə yol tapıb.  

    Aktyor 2017-ci ildə “Nar bağı” filmindəki roluna görə, 13-cü Avrasiya Beynəlxalq Film Festivalında “Ən yaxşı kişi rolu” mükafatına layiq görülüb.

            Ötən sayımızda onunla müsahibəmiz dərc olunmuşdu. Əməkdar artist, Fəxri Mədəniyyət işçisi Nazir Rüstəmov haqqında bəzi məlumatları artıq qəzetimiz vasitəsilə əldə etmisiniz. Nazir Rüstəmov bir çox tamaşalara quruluş vermiş və rol almışdır. Teatr səhnəsində Sarı Zakir (“Şuşa dağlarını duman bürüyüb”, Elçin), Həmzə bəy (“Dağılan tifaq”, Əbdürrəhim bəy Haqverdiyev), Fətəli şah (“Güllələnmiş heykəllərin fəryadı”, Hüseynbala Mirələmov), Həsənzadə (“Sən həmişə mənimləsən”, İlyas Əfəndiyev), Yan (“Anlaşılmazlıq”, A. Kamyu) və s. kimi yadda qalan rollar ifa etmişdir. Bunlarla yanaşı Nazir Rüstəmov həm də bir sıra filmlərdə obraz yaratmışdır.

“Həm ziyarət, həm ticarət…” (film, 1995), “Ah, ədalət! “(film, 1997), Bəsdir, ağlama! (film, 1999), “Çinarlı şəhərin generalları. Birinci film “(film, 1999), “Günaydın, mələyim!” (film, 2008), “Seçilən” (film, 2008), “Cavad xan” (film, 2009), “Qaydasız döyüş” (film, 2009), “Qardaşımdan yaxşısı yox idi “(film, 2010), “Heydər Əliyev “(film), “Sarıköynəklə Valehin nağılı” (film, 1980), “Ondan yaxşı qardaş yox idi” (film, 2011), “Döngələr “(teleserial, 2012), “Toy gecəsi” (serial, 2013), “Həyat sən nə qəribəsən” (teleserial, 2013),  “Zamanla yaşayan sənətkar. Cahangir Zeynalov” (film, 2016), “Səni ürəyim sevdi” (teleserial), “Bəsdir ağlama” (teleserial) və digər film və seriallarda yaddaqalan obrazlar yaratmışdır.

            “Ərəbzəngi” yas məclisində. Azərbaycan tamaşaçısının bəlkə də az izlədiyi qısametrailı bir film də var. “Qız qalası” adlandırılan bu film 2000-ci ildə ərsəyə gəlmişdir. Keçmiş və bu günün hadisələri bir-birinə bağlı şəkildə verilən bu filmdə hər iki dövrdəki haqq və haqsızlığın mübarizəsi əlaqəli olaraq canlandırılır.

            Filmin qəhrəmanı Fidan hər iki zaman” kəsiyində  – keçmişdə və bu gün yaşayır. Pulla hər şey etməyin mümkün olduğunu düşünən bir biznesmenin Fidana gözü düşür və onu əldə etmək üçün müəyyən yollarla qalanı satın alır. Lakin Fidan keçmişdə xarici qəsbkardan qoruduğu kimi bu dövrdə də qala uğrunda biznesmenə qarşı mübarizəyə qalxır. Burada keçmiş və bu günkü mübarizələr alleqoriya ilə verilir. Film haqqında yazmağımın səbəbi isə burada daha bir həmyerlimizin yaratdığı obraza diqqət çəkməkdir. Filmdə bir yas məclisi səhnəsi var. Burada yasa gələn qadınlar mərhum haqqında öz fikir-lərini söyləyir, kədərlənirlər. Bu qadın obrazlarından birini yaradan Ağcabədimizin daha bir yetirməsi, əməkdar artist Sahibə Əhmədovadır. Sahibə xanımı biz daha çox “Ərəbzəngi” obrazının mahir ifaçısı kimi tanıyırıq. Amma onun teatr səhnəsində yaratdığı bir-birindən maraqlı digər obrazlar da tamaşaçıların yaddaşında qalıbdır. Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operasında Qəribin anası, Üzeyir, Hacıbəyovun “Leyli və Məcnun” operasında Leylinin anası, Şəfiqə Axundovanın “Gəlin qayası”nda Camalın anası və Ramiz Mustafayevin “Vaqif” operasında qarı obrazlarını yaradan Sahibə Əhmədovanın filmdə yaratdığı bu obrazı da axtarışlarım zamanı tapdım və oxuculara çatdırmağı özümə borc bildim.

         O, özünü oynayıb. “Hökm” filmində obraz yaratmış bir həmyerlimiz haqqında da məlumat vermək istəyirəm. “Hökm” 1994- cü ildə çəkilmiş tammetrajlı bədii filmdir. Burada təhqir olunub qətlə yetirilmiş neftçi dostu Babəkin intiqamını alan idmançının başına gələn əhvalatlardan danışılır.

Filmdə bəhs edilən bir məclisdə xanəndə Sabir obrazı da vardır. Bu obrazı yaradan isə tanınmış xanəndə, əməkdar artist, Azərbaycan xalq mahnılarının, muğamlarının mahir ifaçısı Sabir Novruzov olmuşdur. Xanəndə  burada elə öz obrazını canlandırmışdır.

       Xanəndə Məcnun da olurdu, Məcnunun atası da. Milli muğamlarımızın, xalq və bəstəkar mahnılarının mahir ifaçısı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının muğam bölməsinin solisti olmuş, xalq artisti fəxri adlarına layiq görülmüş mərhum həmyerlimiz Səfa Qəhrəmanov haqqında da yazmamaq olmaz. Teatrda çalışdığı illərdə o, bir sıra milli operalarda – Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasında Məcnun, İbn Səlam, Məcnunun atası obrazlarını, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operasında Şeyx, Müslüm Maqomayevin “Şah İsmayıl” operasında Şah İsmayıl, Vasif Adıgözəlovun “Natəvan” operasında xanəndə, Niyazinin “Rast” baletində xanəndə obrazlarını özünəməxsus şəkildə yaratmışdır.

      “Ağcabədi və ağcabədililər” rubrikamızda rayonumuz,eləcə də tanınmış həmyerlilərimiz haqqında yazılarımız davam edəcəkdir. Rubrika ilə bağlı istək,arzu və təkliflərinizi sosial şəbəkə səhifələrimiz və elektron poçt vasitəsilə yazıb göndərə bilərsiniz.

            Məhsəti MUSA

Şərhlər