Böyük rus yazıçısı Saltıkov –Şedrin ədəbiyyatın həyatda tutduğu yer haqqında qəti və dəqiq söyləmişdir: “Ədəbiyyatın bir dəqiqə susmağı, bir xalqın ölümünə bərabərdir.” Hərdən bu fikir barəsində düşünür, onu şüurlu surətdə genişləndirib, içindən anlamağa çalışıram. Belə qənaətə gəlirəm ki, Tanrının yerdə elçisi varsa, bu ilk növbədə şairlərdir. Hansı quruluşda, qurumda yaşasalar da onlar millətin təfəkkü, fikir, düşüncə anlamlarını özündə daşıyan ədəbiyyat fədailəridir. Odur ki, şairlər rahat yaşaya bilmirlər. Onlar rahatlığı elə narahatlıqda tapırlar. Rahat olanda sanki şairin nəfəsi çatışmır. Poeziya nəfəsi…
Şair çox zaman məşəqqətli ömür sürür desək yanılmarıq. Məncə yaradanın “cəhənnəm qazanında” yanan, qovrulanlar ilk növbədə şairlərdir. Və onlar buna elə sağlıqlarında düçar olurlar. Çünki söz nəğməkarı-şairlər dünyanın qəm yükünü öz çiyin və beyinlərində daşıyan əzablı yolun yolçularıdırlar. Və maraqlı burasıdır ki, söz demək bacarığını (sənətini) şairlər heç də könüllü olaraq seçmirlər. Bu onlara Tanrı tərəfindən verilən səlahiyyətli söz demək ixtiyarıdır. Sanki ulu Tanrı Torpağı, dünyanı şairlərə həvalə edib.
İndi müasirlərimiz olan bir çox “şair”lər var ki, bədii, poetik sözdən qorxur. Sözü yerə salıb sındırır, qabırğasını qırır. Dar, bəsit, bayağı düşüncə tərzinə malik olan belələri cılız, solğun “şeir” lər sıraya gətirir, utanıb-qızarmadan qucaqlayıb(qulaq qafiyəsini nəzərdə tuturam) cərgəyə(misraya yox) düzürlər ki, bu da sözsüz, poeziya deyil. Qulaq qafiyəsi ilə yazılanlarda fikir, məzmun, məna heç zaman dərin və düşündürücü ola bilməz. Bu sübuta ehtiyacı olmayan həqiqətdir.
Şairin sözlərindən danışmaq üçün məncə onun qalın kitablarını oxumağa ehtiyac yoxdur. O, şairdirsə bircə şeirində də bunu görmək olar. Elə buna görə də gənc şair Cahandarın şeiriyyət, fikir, fəlsəfə tutumlu bir neçə şeirinə müraciət etdim, əsl şair olduğuna bir daha inandım. İnandım ki, o, istedad və fikri özündə vəhdətləşdirən şairdir. Çox güman ki, Cahandar öz poeziya yolunu uğurla davam etdirərək bizləri bütöv, məzmunlu, mənalı, fəlsəfə dolu içli şeirləri ilə sevindirəcəkdir…

Qeyd edim ki, Cahandar Aybər 16 may 1990-cı ildə Ağcabədi rayonunun Qaravəlli kəndində anadan olub. Hazırda həmin kənddə stomatoloq kimi fəaliyyət göstərir.
Cahandarın ədəbi yaradıcılığı ilə “Aran”ın oxucuları tanışdır. Son zamanlar məqalələri ilə də qəzetdə mütəmadi çıxışlar edir. “Alnımızdadır göy üzü” adlı şeirlər kitabının müəllifidir.
Cahandarın şeirlərini oxuyanda anlayırsan ki, güclü, dərin mənalı, fəlsəfə tutumlu poeziya nümunələri yaratmaq üçün mərkəzdə, böyük şəhərdə yaşamaq heç də məcburi deyil. Yəni ədəbiyyatda mərkəz və ya əyalət anlamı şərti, nisbidir. Yəni əsl istedad kənddə də, şəhərdə də olduğu kimi sözünü deyə bilib, lazımi yerini tutur.
Poeziya sonsuz dərya, ümman olduğundan oxucu onun şeiriyyət dolu təmiz, saf sularından daddıqca feyziyab olur, mənəvi və estetik zövq alır. Həyatı belə şairlə birgə yaşayır, dünyaya onunla eyni istiqamətdən və eyni gözlə baxırsan. Dediklərinə sübut üçün Cahandarın “Allah da götürmür” şeirini oxuyaq:
Daha kimə baxım, kimə hirslənim?
məni ki, özümdən çıxartmır hirs də
Dərddən gizlənməkçün hisə girirəm,
tərslikdən üzünü ağardır his də.
Öləni ağlayan kimdi dünyada?
Ölüm qorxusundan ağlayır hamı.
Neçə qol qaldırıb Allaha onu,
Allah da götürmür ölən adamı…
Uçub bu adamın yolunda körpü,
dirənib gözünün qapaqlarına.
Qəbirdən çıxmaqçün meyit yıxılıb,
düşüb baş daşının ayaqlarına.
Ətrafda hamı eyni dərdli, hirslidir. Buna görə də şair onun kimi hiss və qayğıları daşıyanlara hirslənə bilmir. Gücü özünə çatır. Hirsi hislə əvəz edən Cahandarın burada təşbehi çox uğurludur. Dərddən gizlənmək üçün hisə pənah gətirir, hisə girir, batır. Bu da onu xilas etmir. Tərs kimi əksinə, his onun üzünü ağardır. Qalır iki yol ayrıcında. Bilmir hisin ağartdığı üzə üzağlığı kimi baxsın, yoxsa… Burada da şair fikrini ifadə, deyim tərzindəki təzad ağlabatan olduğuna görə müvəffəqiyyətlidir.
…Axı öləni Allah yox, elə sabah ölənin getdiyi yolun yolçuları olacaq adamlar götürür, yerdən qaldırır, son mənzilə yola salırlar. Allahın yaratdığı, sonda yıxdığı adamı adamlar baş üzərinə, yuxarıya qaldırırlar. Öz əlləri ilə, öz başlarının üzərinə. Çox təbii ki, adamlar təkcə öləni yox, bir gün onların qonağı olacaq öz ölümlərini ağlayırlar. Sağlıqlarında… Ölümdən qorxduqları, üşəndiklərinə görə ağlayırlar.
Meyidin baş daşının ayaqlarına düşməsi poetik dillə deyilən yatımlı, mənalı, düşündürücüdür. Bu pafos, ya da gəlişi gözəl olan söz, deyim deyil.Bu təxəyyülün poetikləşmiş şeiridir ki, onu oxuyan zaman dünya, aləm, həyat, yaşam, ölüm barədə dərin düşüncələrə qərq olursan. Həm də Cahandarın şeiriyyət fəlsəfəsinin dərin məzmun və bədiiləşdirilmiş fikir formasıdır. Bu əsl tapıntıdır. Tapıntı yeni baxışla, yeni dillə ifadə olunduğundan sevindirir, ürəyə yatır.
Cahandarın hər şeirindən xeyli, ətraflı, böyük ölçüdə yazmaq olar. Buna oradakı fikirlərin dərin və geniş əhatə dairəsi, bütövlüyü, özünəməxsus yığcamlıqla nəzərə çarpan deyim, təsvir üslubu imkan verir. Onun hər şeirində tapıntı adı verdiyimiz, müsbətyüklü nə isə var.
Cahandarın ikicə misralıq şeirinə diqqət yetirək:
Nə olsun ki, ürək, ŞAH damarın var,
Boş şeydi, içinə qan qusursansa…
Belə məzmunlu misralar ancaq alqışa layiqdir. Əhsən, afərin şair qardaş! Burada “Neynirəm o qızıl teşti ki, ora qan qusacağam” atalar kəlamı yada düşür. Ancaq Cahandarda bu fikir təqlid olunmur, eyni zamanda daha dolğun, dərin və mənalığı ilə seçilir. Çünki, mövzuya müəllif tam başqa rakusdan baxır, öz baxış prizması ilə yaxınlaşır, görür.
Damarların Şahı olan damarla ürəyin qürrələnməyə haqqının yoxluğuna işarə var burada. Doğrudan da adı Şah sayılsa da, damara qızılı rəngdə qan qusulursa işdə şahlıqdan əsir- əlamət mövcud deyil. Qusulan adicə qırmızı(bu rəngi bəlkə utandığından alır qan) qandır. Və onu qusmağa vadar edən şübhəsiz xoş gün, güzəran deyil.
Yenə də iki misra:
Gecələr ki, gecə deyil,
Qara olan günümüzdür…
Gündüz yaşadığımız günün rəngi həqiqətən də qaradır. Ancaq nədənsə bu rəngi biz gecələr daha aydın, dəqiq görürük.
Mövzuya qeyri-adi, eyni zamanda özünəməxsus, fərdi və fərqli şair baxışı düşündürür. Özü də əməlli-başlı. Çünki bu əsl şair baxışıdır. Mükəmməl bir baxışdır.
Doğrudan da keçirdiyimiz “ağ gün” ün rəngi qaradır. Axşam şər qovuşanda bu gün böyüyür,(dərddən, əzabdan və qayğıdan) yetişir, ərsəyə çatır, təbii ki, qaralır. Ağ günümüzün sonu, axırı sən demə, qara imiş. Ancaq bu gün öz əsl, həqiqi rəng adlı dəyərini gec alır, göstərir.
“Bu qəbir” adlı şeirində Cahandar yenə özü olaraq qalır:
Dayanmır, fırlanır, fırlandıqca da
Altında qalırıq Yer kürəsinin…
Tanrının ən xoşbəxt bəndəsinin belə yer fırlandıqca onun altında qalması hardasa bir xeyli məcazi mənadadır. Ancaq bu məcazilikdə bir həqiqət var.
Yer kürəsində yaşamaq, həyat sürmək bəzən o qədər qayğılı, əzablı, keşməkeşli olur ki, sanki yer kürəsi fırlanıb səni öz altına salır. Nəfəsimizi kəsərək adamı ehtiyac içində boğur, yaşamağa qoymur. Demək müqəddəs sayıb, sitayiş edib, başına pərvanə tək fırlandığımız yer, torpaq öz oxu ətrafında düz fırlanmır. Bizə düz yol göstərmir. Bizi dolayır, başına fırlandırır. Yəni bizi əyir, söyür, döyür Yer!
Yenə orada:
İlahi, bilirəm nədi qəbir,
Həyatın adamı sıxmağıdı ki!
Dəfn… adamların bir-birinin,
Elə boyun yerə soxmağıdı ki!..
Doğrudan da dəfn zamanı sağ qalanlar öləni yerə tapşırır, şair demişkən, boyunu yerə soxurlar. Bu da ki, tərifəlayiq hal, hərəkət deyil.
Şeirin sonunda şair deyir:
Tanrının ən xoşbəxt və ən kədərli,
Rəsm sərgisidi qəbristanlıqlar!
Bəli, məhz belədir. Çox hüznlü, həzin, kövrək deyim olduğu kimi inandırıcı, təbii haldır bu… Qəbristanlıq rəsm sərgisinin sanki prototipidir. Bura əsl yarış meydanıdır. Filosof demişkən, adamlar yas mərasimində də yarışır, təmtəraq aludəçisi olurlar. Başqalarından fərqlənmək, seçilmək məqsədi güdür adamlar. Nəticədə bir-birinə oxşar və bir-birindən xeyli fərqli olan qəbirlər, başdaşı Tanrının göstərişi, insanların əli ilə yaradılan bir rəsm əsəri, sərgisidir.
“Aldatdılar səni” adlı lirik şeirində müəllif yazır:
O qədər cehizdən gözün doymadı,
Hələ bir yolu da söküb apardın?!
Burada məhəbbətdən nifrətə qədər olan bir addımlıq yol artıq keçilmişdir. Çünki təkcə, sırf nifrət olduğu zaman, məhəbbətin içində nifrət də vardır. Onun bir üzü, parçası məhəbbət adlı nifrətdir. Nifrətdən yoğrulmuş məhəbbətdir.
Göz o boyda, o qədər cehizdən doymur. Gəlin əvvəlki sevgilisindən qisas alır. Cehizləri(ni) aparır. Axı artıq sevgi, məhəbbət mövcud deyil. Münasibətin kökünü təşkil edən təmənna var indi. Və bir də… məhəbbət cehizlə ölçülməli deyil axı. Cehiz cansız əşyadır. Buna baxmayaraq əşyaya, cehizə olan “məhəbbət” əsl məhəbbətdən güclü və üstündür. Məhəbbət isə yaşamaq amili, təzahürü, canlı və həyati varlıqdır. Və bu varlıq öz mental dəyərini itirəndə onu heç bir əşya(eləcə də cehiz) əvəz etmək müqabilində deyil.
Sevən özünün daşa dəymiş sevgisini indi başqası ilə görmək istəməsə də, onunla bölüşməlidir. Buna inanmasa da! Və keçmiş sevgilisinin başqasını öz cehizi ilə xoşbəxt edəcəyinə inanmır. Bu “sevgi” nin puçluğunu, boşluğunu qabaqcadan görür.
Sevgi adı ilə aldadılan, təmtərağa bürünmüş, başqa cildə girmiş məhəbbətin ülvilikdən, paklıqdan xəbəri yoxdur. Deməli, onun ancaq məhəbbət adlı quruca, özünü doğrultmayan adı var. Həqiqətdə isə uğursuz sevginin gəlin maşınında belə, vüsala yetişməyəcəyini, ölümün onun başının üstünü alaraq öz ağuşuna alacağını qabaqcadan görürsən:
Səni həyatından alıb ayırdı,
Ömründən qaçırtdı gəlin maşını.
Sən ölməyə getdin, özün bilmədin,
Toyla aldatdılar sənin başını.
Cahandarın ağ ciyər adlı şeiri də üslub, deyim, fikir, məna tərzi, eyni zamanda özünəməxsusluğu, fərdiliyi ilə seçilir:
Ağ ciyərdən başlayır azadlıq!
Nə qədər ki,
“döş qəfəsi” deyilən bir
qəfəsdədir
insanın ağciyərləri.
Azad nəfəs
ala bilməyəcək
heç bir
bəşər övladı.
… Biz isə başqa zaman qəfəs sözünün, yerinin fərqinə varmırıq. Bizdən fərqli olaraq Cahandar mövzuya içəridən, dərin daxildən girir. Görmədiklərimizi o, görür. İnsanın hətta, aldığı nəfəsin də azad olmadığını dəqiq vurğulayır. Ağ ciyərin azad olmadığı, qəfəsdə olduğu halda onun aldığı nəfəsin azad ola bilməməsi Cahandar qələmi ilə fəlsəfənin poetik diliylə oxucunu inandırır. Ona acı həqiqəti göstərir. Və biz nəticədə təkcə nəfəsimizin deyil, hardasa elə bizim də azad olmadığımızı anlayırıq.
Bax beləcə, cəmi bir neçə şeirlə Cahandar Aybərin yaradıcılığına səyahət etdik. Və bu şeirlərin müəllifi haqda, onun düşüncə, deyim tərzi, onu narahat edən duyğular barəsində bizdə tam təəssürat yarandı. Bu şeirlər süjetli, içli, mənalı, qayəli, düşündürücü olduğundan onları oxumaq maraqlıdır. Fikir yükü ilə dolu olan bu poeziya nümunələrinin Cahandar şeirlərinin təxəllüsü kimi həmişə işıqlı olacağına inanırıq.
Adil MİSİRLİ