Vətənimiz mənfur düşmənlə üz-üzə gələndə, torpaqlarımıza qan-qada yağanda Azərbaycanın igid oğulları kimi, Hindarxın qəhrəman övladları da silaha sarılaraq ölkəmizin müdafiəsinə qalxdılar. Biz buna həm I Qarabağ müharibəsində, həm də Vətən Müharibəsində gedən döyüşlərdə şahid olmuşuq. Milli Qəhrəman Etibar İsmayılovun igidliklərini bu gün hər bir azərbaycanlı böyük iftixar hissi ilə xatırlayır. Onun qəhrəmanlığı respublikamızın hər yerində dillər əzbərinə çevrilib.Qürurla demək olar ki, Etibar İsmayılovun qəhrəmanlıq yolunu Hindarxın digər mərd oğulları da uğurla davam etdirmişlər.
Onlardan biri də qazi İlkin Quliyevdir.
Quliyev İlkin Eyvaz oğlu 1994-cü ilin fevral ayının 4-də Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan olmuşdur. O, 1999-2008-ci illərdə Hindarx qəsəbəsində yerləşən, Qacar Əliyevin adını daşıyan əsas orta məktəbdə təhsil almışdır. Orta məktəbdə oxuyarkən halal zəhmətlərə qatlaşan İlkin müxtəlif sahələrdə çalışmışdır. 2012-ci ilin aprel ayından Xızı rayonunda yerləşən “N” saylı hərbi hissədə atıcı əsgər kimi xidmət edən İlkin 2013-cü ilin oktyabr ayında ordudan tərxis olunmuş və müharibə başlayana qədər müxtəlif sahələrdə fəaliyyət göstərmişdir.
İ. Quliyev 30 ildir düşmən tapdağında qalan torpaqlarımızın, Qarabağın azad olacağına inananlardan biri idi. Odur ki, Vətən Müharibəsi başlayanda qəhrəmanımız da bu müqəddəs missiyanın tamamlanması üçün müharibəyə yollandı. O, sentyabrın 27-də müharibənin qaynar bölgəsi olan Füzuli istiqamətində gedən döyüşlərə qatılır. Sentyabrın 27-də axşam çağı Füzulinin Alıxanlı kəndi istiqamətində “piyada döyüş maşın”ında gedərkən düşmən minaatanlarının atəşinə məruz qalır. Həmin vaxt bir nəfər şəhid olur, İlkin isə üz, göz, baş, qol nahiyələrindən qəlpə yaraları alır. 3 saat mühasirədə yaralı vəziyyətdə qalan İlkini döyüş yoldaşları mühasirədən çıxarırlar. Müalicə üçün hərbi hospitala göndərilən İlkin, 20 gün orada müalicə alır. Yarası tam sağalmamış oktyabrın 17-də yenidən Füzuli istiqamətində gedən döyüşlərə atılır. O, Hadrut qəsəbəsi, Xocavənd rayonunun bir hissəsinin azad edilməsinin fəal iştirakçısı olmuşdur. Müharibə bitənə kimi həmin istiqamətlərdə xidmətini davam etdirmişdir. Subay olan qazimiz təkcə bu müharibə vaxtı deyil, Ali Baş Komandanın rəhbərliyi altında hər zaman Vətənin müdafiəsi üçün döyüşə hazır olduğunu bildirir. İlkin kimi oğullarla təkcə rayonumuz deyil, bütün Azərbaycan xalqı fəxr edir və qürur hissi keçirir.
Hüseyn QULUZADƏ