AFAQ CAVADOVA

AFAQ CAVADOVA

(1950-1983)

Afaq Cavadova 1950-ci il dekabrın 26-da Ağcabədidə anadan olub. ADU-nun filologiya fakultəsini bitirib. Universiteti bitirdikdən  sonra 3 il Beyləqanda və Yardımlıda orta məktəbdə dərs deyib. 1983-cü ildə 33 yaşında vəfat edib.

Əsərləri:

  1. “Qeybdən gələn səslər” B., “Yazıçı”, 1990, 262 s, 1000 nüs.

QEYBDƏN GƏLƏN SƏSLƏR

            Düz iyirmi il idi ki, pul yığırdı Xalıq oğlu Səbr dünyaya gəlməmişdən də qabaq. Başqaları kimi maşın almaq, xaricə getmək, daha nə bilim nələr etmək heç fikrindən də keçmirdi. Niyyəti ayrı idi, Gələcək övladını bir yana çıxarmaq.

            Elə ki, Səbr dünyaya gəldi, onun çiçəyi çırtladı. Kim sevinməz ilk övladının dünyaya gəlişindən. O da ola oğlan, indiki kimi yadındadı…

                        Mamaça onu muştuluqlayanda Xalıq səbr gətirdi. Onun dalınca da mamaça gətirdi səbri. Səbr də ki, Xalıqa möhkəm düşürdü. Ona görə də elə oradaca xəstəxananın qapısında da oğluna ad qoydu: Səbr. Başqaları kimi ad qoydu filan da keçirmədi. Axı niyə lazımdı artıq xərc?

            Arvadının cəza-fəzasına da fikir vermədi: – Qaxıl otur yerində, sənə nə var onun adından? Bir də səbrin nəyi pisdi? Sənin adından necədi? – Osandıq:  Yox bir, bu sandıq. Heylə ad bəyənmiyən idin, vaxtında özcə adını dəyişəydin. Hər çağıranda elə bil məni söyürlər. Adam arasında deməyə də utanıram.

            Osandıq etiraz eləmək istədi. “Bəlkə mənim valideynlərim avam olub, başa düşməyiblər. Onların səhvini gərək biz də təkrar edək? Özünü hələ təhsilli, mədəni də sayırsan. Vallah sənə sözüm yoxdu”.

            Xaliq əlini stola elə çırpdı ki, üstündəki qab-qacaq titrədi. Bu cür xəbərdarlıqların yaxşı qurtarmayacağını bildiyindən Osandıq mumladı. Bildi ki, hələ kötək də yeyəcək. Odur ki, başını bulayıb yan otağa keçdi.  Ürəyinin yanğısını göz yaşlarıyla söndürdü.  Xalıq qələbəsiynən lovğalanırmış kimi papiros tüstüsünü Osandığın arxasınca pülədi. Və gözünü qıyaraq cumbulu, qıpqırmızı, hələ də heç nə anlamayan Səbrin gələcəyi haqqında düşünməyə başladı. Nədənsə ona elə gəldi ki, oğlu hökmən böyük adam olacaq. Ona görə camaat Xalığa hörmətlə уanaşacaq. Bəlkə lap elə Xalığla kəlmə kəsdiklərinə görə qürrələnəcəklər də. O özündən razı-razı gülümsədi. Otaqda var-gəl eləyərək gələcək planlarını beynində vura-vura başladı: “Gərək uşağa ali məktəb pulu, sonra onu yaxşı bir yerdə işə düzəltmək pulu, evlənmək (əlbəttə, Səbrə hörmətli, varlı bir yerdən qız alacaqdı) pulu yığam. İş evlənmək üstə gələndə Xalığın yadına özünün ailə qurması düşdü. Doğrudan necə olmuşdu ki, Osandıqla evlənmişdi? Hə, yadına düşdü. Qızın da dayısı kolxoz sədri idi.  Bəlkə burasında idi ki,  Osandıq gəlin gələndən ikicə ay sonra dayısı qəfil maşın qəzasına düşərək ölmüşdü. Bu isə Xalıqı qəti açmamışdı. İşdi, bu hadisə, bir az tez baş versəydi o heç Osandıqla evlənməzdi. Axı arxasız, köməksiz bir qız onun nəyinə gərəkdi? Düz-dünya qızla dolu deyildi bəyəm? Eləsini alardı ki, arxası Xalığa söykənəcək olardı. Yoxsa indiki kimi. Öz evlənməyindən yanıqlıydı Xalıq. Səbrə hökmən varlı, özü də lap varlı, lap arxalı qız alacaqdı. Arzusunu yerinə yetirmək üçün evdə dəmir intizam yaratmışdı. Bir qəpik də havayı yerə xərclənməməliydi. Hələ evlənməmişdən atasının, qardaşlarının köməkliyi ilə tikdiyi ikiotaqlı kərpic evdə yaşayırdılar. Külfət artsa da, o, yenə ev barəsində düşünməmişdi. Hər dəfə Osandıq bu barədə söhbət salanda Xalıq ağzının üstündən vururdu: – Nəyinizə lazımdı? Allaha şükür, doğduğun hamısı qızdı. Özgə güllüyü böyüdəndi. Bu gün burdadılar, Allah bilsin, sabah kimin qapısında. Səbr də ki, böyüyər, öz ürəyincə, istəyincə ev tikər. Bəlkə mən tikəni heç o bəyənmədi. Səninlə mənə bu ev də bəsdi. Hələ gendi ki, dar deyil.

            Amma Xalığın səliqə-səhmanına söz ola bilməzdi. Həyət-baca adamın üzünə gülürdü. Burda hər cür meyvə, gül-çiçək əkmişdi Xalıq. Elə Osandıq da bağ-bağatın belə gözəgəlimli olmasında az əmək sərf etməmişdi. Bir tərəfdə tikdikləri mətbəx, toyuq-cücə damına da Osandıq Xalıqdan  az zəhmət çəkməmişdi. Həyət-bacaya belə fikir verməyi iki səbəbdən idi Xalığın. Həm ailə boluna, müftə meyvə ilə təmin olunurdu, həm də bacardıqca meyvədən satıb pul eləyirdi. Səbrin dar günü üçün yığırdı. Elə bilməyin ki, qızlara heç nə verməyəcəkdi. Amma bu pay Səbrinkindən çox-çox olacaqdır. Lap onda birindən də az. Xalığı qınamayın. Axı ata çırağını səbr yandıracaqdı. Nəslinin davamçısı Səbr olacaqdı. Mətbəxi, toyuq-cücə damını Xalıq özü tikməyib neyləyəydi? Yox bir, xırda-xuruş iş üçün usta tutacaqdı. Havayı pul xərcləyəcəkdi. Əlləri topal deyildi ki, Allah ona sağlam əl-ayağı nə üçün vermişdi? Xalıq bacardıqca xərcləri azaldırdı. Nəyin hesabına olursa-olsun, Səbri istəyən mərtəbəyə çatdırmalıydı. Məhz buna görə də bacardıqca vəzifəsindən də sui istifadə edirdi. Dövlət malını mənimsəməkdən çəkinmirdi. Osandıq Xalığın zülmlərinə güclə dözürdü, Dözməyib neyləyəydi? Bir dəstə yetim qızı necə yola verəydi? Nə qədər olsa ata nəzarəti başqadı. Heç yadından çıxmırdı Osandığın. Bir dəfə təzə gəlin gəldiyi il idi, Xalığa dedi ki, neyləyirik bu pulları üst-üstə yığıb? Gəlsənə bu il istirahətimizi gəzintiyə həsr eləyək? Məzuniyyət pullarımız evdəkilərlə birlikdə bizə bol-boluna çatar. Lap desən artıq da qalar. Vallah onda Xalıq bir üz göstərmişdi  Osandığa, gəl görəsən. “Deyirəm axı, dədən-baban da gəzintiyə çıxırmış. Bağışla, Osandıq xanım, səni toydan sonra da gəzintiyə aparmamışam.  Çalışaram əvəzini çıxım”. O bu sözləri ağız-burnunu əyişdirə-əyişdirə, istehza ilə, gülə-gülə söyləmişdi. İndinin özündə də bunları xatırlayanda da Osandığın ovqatı bərk təlxləşirdi. Bu söhbətdən sonra bir dəfə də Osandıq bu mövzuya qayıtmamışdı. Yenə də buna dözmək olardı. Amma Xalıq bəzən elə sözlər danışır, elə hərəkətlər edirdi ki, adam az qalırdı dəli olsun. Hər ay maaşını Xalığa təhvil verirdi. İcazəsiz bir manat da xərcləməyə ixtiyarı yox idi. Bir dəfə iş yerində nə iləsə əlaqədar üç manat yığırdılar. Onda Xalıq ona pul verməmişdi. Osandıq acıq edib evdən getmişdi. Amma yenə də qayıtmışdı. Axı hara gedəydi, beş qız, bir oğlanı başsız qoyub? Xalığın axmaq xasiyyətləri Osandığı için-için sızlatsa da dərdini açıq danışa bilmirdi. Qorxurdu uşaqların gözündən düşə Xalıq. Amma bu insafsız oğlu insafsız heç rəhmə gəlmirdi. Əksinə, uşaqların tərbiyəsinə də mənfi təsir göstərirdi. İllərə nə var? Gəlib keçir, uşaqlar da böyüyürdülər. Hamısı məktəblidirlər. Səbrin oxumağı məktəbdə müəllimlərini, evdə anasını bərk narahat edirdi. Yaxşı oxumurdu Səbr. Xalıq da tərəfini saxlayırdı onun: Qorxma, qorxma, hər şey yaxşı olacaq. Ölməyib ki, atan, bəs boğazımdan kəsdiklərim kimin üçündür? Goruma aparmayacağam ki?”. Sonra üzünü arvadına tutdu: – Bax, o yuxarıda oturanlar var ey, alimindən tutmuş, cürbəcür vəzifəsinəcən. Elə bilirsən hamısı başnan gedib çıxıb o mərtəbəyə? Yox, yox. Bu ölsün уох! (Əlilə üzünü şapalaqlayırdı). Bunu bastırasınız ki, yox. Birinin “yağlı yerdə qohumu olur, birinin cibi kalan olur. Bəzilərinin də başı. Hələ bəzən dayıları başlılara qələbə də çalır. Mən də sağlığına xeyli pul yığmışam. Pul olandan sonra adam da tapılar. Bu zəhrimar elə şirin şeydi ki, adam var canından keçər, pulundan уох. Belə məqamda Osandıq az qalırdı desin ki, məsələn, biri elə sən. Amma evdə mərəkə qopacağından qorxurdu. Adəti üzrə narazılığını başını bulamaqla bildirirdi. Səbr də ki, gah atasına, gah da anasına baxıb gülürdü. Bilmək olmayırdı kimin tərəfini saxlayır. Ümumiyyətlə, bu məsələyə necə baxır. Fikri nədir? Niyə oxumur? Maşallah, böyük oğlandı. Hər şeyi dərk eləyən vaxtıdı.

            Bir gün Xalıq evə dolmuş bulud kimi gəldi. Rəngi qapqaraydı Elə bil ki, bu dəqiqə hər yeri leysana, doluya qərq eləyəcəkdi, Doğrudan da az keçməmiş güclü leysandan qabaq gurlayan göy kimi partladı. Lap şimşək kimi şığıdı Osandığın üstünə: – Bu nədi, kənddə danışırlar, xəbərin olmamış olmaz. Məndən gizləyirsən. Vallah ki, qıraram sizi. Oğlum suçu İsrafilin, gicbəsər Mərişin nəvəsi ilə aşiq-məşuqluq eləyir. Vallah ki, yenə deyirəm, qıraram sizi bircə bu qalmışdı ki, sümüyümü it sümüyünə calayasınız. Onun tayları bu dəqiqə yır-yığış eləyir, məktəbə hazırlaşır. Heç bilmirəm bu harda ölüb, Hardadır oğlun? O, qəzəblə gözlərini Osandığa tikib cavab gözləyirdi ki, Səbr içəri girdi, üst-başı əzik-üzük idi. Ondan təzə ot ətri gəlirdi. Hətta şalvarının,  köynəyinin ora-burasında ot qırıqları vardı. Xalıq qəzəbli nəzərlərini indi də Səbrə dikdi. Bu nəzərlər altında əzilən Səbr:

            – Nə olub, ata? Deyəsən yenə də anamla sözünüz düz gəlməyib?

            Xalıq:

            – Tək ananla yox, Elə səninlə də. De görüm hardaydın? Xalq imtahana hazırlaşır, kitab əlindən düşmür. Sən harda batmısan?

            Səbr:

             – Bilirsən də, ata, Mənim ali məktəbə imtahan verməyə biliyim yoxdu. Ona görə də baş qoşmuram. Sahədə idim. Ot çalanlara kömək edirdim. İstəyirəm rayondakı texniki peşə məktəbinə girim. Kombaynçı olmaq istəyirəm.

            Xalığı od götürdü:

            – Nə? Sən nə danışırsan? Başına hava gəlib? Tfu, hayıf mənim zəndimə. Demək, mənim bütün arzularımı puç eləyirsən? Zayıl oğlu, zayıl! Bu ağılı sənin başına kim qoyub? İsrafilin, Mərişin o gözəlçəsi? Vallah ki, indi səni sallam təpiyimin altına. O, danışa-danışa kəmərini belindən açdı Səbr ahəstə-ahəstə, amma qızarmış dedi:

            – Bu nədi belə, ata? Bir az səbrli ol, hamıya səbirli olmağı tövsiyyə eləyirsən, ancaq özündə heç səbir yoxmuş. Başqaları haqqında ağzına gələni danışma.

            Qəzəbli Xalıq kəmərin boş taqqıltısına özünə gəldi. Otaqda heç kim yox idi. Kəmər də havanı yararaq zərblə döşəməyə dəymişdi. Səbr sözünü deyib çıxmışdı. Osandıq isə oğlundan bunu gözləmirdi. Onun cavabları ananın da ürəyincə olmuşdu. Düzdü, o da oğlunun mənsəbli, hörmətli  görmək istəyirdi. Amma qabında bir şey yoxdursa neyləməli? Qoy ürəyi istəyən işin qulpundan yapışsın. Bəlkə o,  xoşbəxtliyini sükan arxasında tapacaqdı. İşin tündləşdiyini, Səbrin cavab qaytardığını, sonra isə otağından çıxdığını görən Osandıq da  usta tərpənmişdi. Başa düşmüşdü ki, əgər aradan çıxmazsa Xalıq Səbrin də heyfini ondan alacaq. Həmin hadisədən bir həftə sonra Xalıqgildə bərk yır-yığış idi. Osandıq Səbrin pal-paltarını ütüləyib, səliqə-sahmanla çamadana yerləşdirirdi. Səbr ortalıqda vurnuxur, qızlar analarına kömək edirdilər Xalıqsa yan otaqda idi. Neçə illərdən bəri yığdığı pul-paranı ortaya tökmüşdü, bilmirdi nə qədər götürsə onlara bəs eləyər. Ara-bərədə gəzən söhbətə görə hər məktəbin öz qiyməti vardı, Xalıq hökmən Səbri bahalı məktəbə qoyacaqdı. Nə olub ki, kimdən əskikdi? Yoxsa pulu çatmırdı? Yox, hökmən Səbri elə məktəbə qoymalıydı ki, gədədən gələcəkdə bir şey çıxsın. Birdən yadına özünün instituta girməyi düşdü. Dədəsi Namazın beyninə qəfildən girmişdi Xalıqı ali məktəbə qoymaq. Həyətdəki ala inəyi, üç-dörd baş da qoyunu çəkmişdi bazara. İnsafən yaxşı pul vermişdilər kişinin heyvanlarına. O da qoymuşdu cibinə, yapışmışdı Xalıqın qolundan. Birbaş vağzala gəlmişdilər. İndiki kimi yadımdadı, qatarın vaxtını düz bilmədiklərindən o gün axşama qədər veyil-veyil gəzmişdilər. Axşamüstü qatara əyləşib şəhərə gəlmişdilər. Şəhərdə də əldən düşüncə vurnuxmuşdular. Nə dədəsi, nə də özü tanımırdı şəhəri.  Əlacları nəydi ki? Allah dadına yetmiş Ağarza kişi (Namazın uşaqlıq yoldaşı idi) yaxşı ki, qəfildən çıxmışdı qabaqlarına. Yoxsa neyləyəcəkdilər? Onu bir Allah bilirdi. Aparmışdı Ağarza onları evinə. Demə Ağarzanın qonşusunda bir institut müəllimi də varmış. Rza müəllim. Allah yaxşı kişilərin hamısına rəhmət eyləsin, Ağarzaya da, Rzaya da, lap Namaza da. Onlar vermişdilər Xalığa bir parça çörəyi. Otururdu stolun dalında şaq-şuq, şaq-şuq sayğacı o yan-bu yan eləyib dolandırdıqca hələ arada çax-çuxu da olurdu. Nә isə, rəhmətlik Rza müəllim düzəltmişdi onu instituta. Özü də minnətsiz.  ki, Namaz da apardığı pulu vermişdi əyin-başa, noğul-nabata, Xalıqı da başdan-ayağa təzələmişdi. Bir xeyli də pul basımışdı cibinə. Sevinə-sevinə qayıtmışdı kəndə. Bunları yadına saldıqca Xalıqın gözləri nəmləndi. Səbrə qarşı, elə arvad-uşağın hamısına qarşı qəddarlığa görə özünü bir balaca məzəmmətlədi. Amma tez də özünü ələ aldı. Qorxdu birdən uşaqlığını görüb söz eşitməzlər. Səbri onsuz da güclə yola gətirmişdi. Qara-qışqırıqla? Hədəylə qapıya yaxınlaşdı. Əyilib yan otağa nəzər saldı. Aləm qarışmışdı burda. Qızlar Səbrin alt paltarlarından tutmuş paltosunacan dartıb tökmüşdülər ortalığa. Səbr altdan-altdan onlara baxırdısa da bir söz demirdi. Darıxan adam kimi sürətli addımlarla o baş-bu başa gedib-gəlirdi. Xalıq Səbri maraqlandırmaq, başqa cürə desək şirnikdirmək üçün dedi:

            – A balam, bu köhnə-kəşkülü niyə çəkib tökmüsünüz ortaya?

             Səbrsə atasının niyyətini anlamadan:

            – Elə onu deyən lazımdı da. Burda deyiblər ey, “Məscid tikilməmiş kor əsasın dayadı”. Hələ bir qoyun qəbul olunum, sonra qış hazırlığı görün. Xalıq  Səbrin yumşalmasına sevinmiş kimi qılıqlı-qılıqlı:

            – Bu nə sözdü bala? Qəbul mənim boynuma. Sən heç narahat olma, Mənim dediyim başqadı. Qəbul kağızını al əlinə. Sonra gör dədən nə qiyamət qoparır, Harda qəşəng, harda bahalı pal-paltar, palto var, hazır eləyərəm qulluğunda. Təkcə sən atanın dediklərinə qulaq аs. Gərək səni elə oğul eləyəm ki, düşmənin gözü kor qala – dedi:

            Səbrə atasının vəd etdiyi bu xoşbəxtlik lap dumanlı fikir kimi gəlirdi. İnanmırdı özünə Səbr. Вu baş ki, onda vardı (hər halda Səbrin fikri belə idi) lap özü ağırlığında qiymət kömək eləməzdi ona. Amma dinmirdi. Qoy atası bunları gözü ilə görsün. Birdəfəlik əl götürsün ondan. Xalıqsa bu sükutu qiymətləndirirdi. Uşağın könlünü almaq, həm də gedəcəkləri ali məktəbi dəqiqləşdirmək üçün:

            – Hə, balası. İndi de görək hara veririk işlərini?

            Səbr istədi desin ki, heç yerə. Özünü zorla ələ alıb:

            – Özünüz bilən yaxşıdı. Onsuz da mənim üçün fərqi yoxdu.

            Heç yerə hazırlaşmamışam.

            Qızlardan böyüyü:

            – Həkim yaxşıdı. Səbri həkimliyə qoy.

            Ortancıllardan biri:

            – Mühəndis yaxşıdı. Çoxlu ev tikər Səbr. Ortancıllardan o biri:

            – Bah, yaman bilirsən. Mühəndis bircə ev tikir? O da cürbəcür olur. Həm də ki, heç yaxşı sənət də deyil. Mən istəyirəm ki, atam Səbri kosmonavt eləsin. Hamı onu dörd barmaqla göstərsin. Mən də sevinim.

            Əvvəlki qız az qaldı onun gözünü töksün:

            – Pah, kosmonavt. Kosmonavtı  elə birdən-birə eləyirlər?

            Qızlar az qaldı əməllicə tutaşalar. Əgər Xalıq vaxtında acıqlanmasaydı:

            – Kəsin səsinizi, sizdən söz soruşan olmadı! Qızlar kirisələr də, bir müddət kinli-kinli baxışdılar.

             Osandıq arxası onlara paltar ütüləyirdi. Bir belə söhbəti elə bil heç eşitmirdi.

            Xalıq ona müraciətlə:

            – Nədi, ağzına su almısan? Qorxursan danışasan tökülə? Belə bədnöyüssən ki, işimiz düz gətirmir. Elə bil məktəbə oğul yola salmır, oğul basdırırsan. Qaşqabağın yer süpürür.

            Osandıq:

            – Lap ağ eləmisən. Ağzına gələni, gözünə görünəni danışırsan. Uşaqlardan ayıbdı. Özünə hörmət qoy. Ta onların pisi yaxşıdan seçən vədələridir. Məni cana doydurma. Nə yapışmısan yaxamdan. Guya söz eşidəcəksən, məsləhətə baxacaqsan? Ürəyin nə istəyir onu elə, hara istəyirsən ora apar. Təki şərini məndən uzaq elə.

            Xalıq belə gözləmirdi:

            – Baho, baho, xəbər dayçalıdaymış ki, denən uşağa dil verən mənəm də. Yaxşı, səninki qalsın sonraya, səfər üstəyik. Odur ki, dinmirəm sənə. Dişlərini qıcıyıb yan otağa keçdi. O da Səbr kimi var-gəl eləməyə, axşamın düşməsini səbrsizliklə gözləməyə başladı. Axşam yola çıxacaqdılar.

            Təkərlər relslərə toxunduqca taqqıldayırdı, Хаlıqınsa beyni təkərlərin səsindənmi, dumanlı fikir yığınındanmı bərk uğuldayırdı. Elə bil ki, qatar öz sürətli axarı ilə onu heçliyə, kimsəsizliyə aparırdı. Kaş bu, doğrudan da belə olaydı. О, camaat arasına necə çıxacaqdı?

            El-ulus içində necə gəzib dolaşacaqdı? Bu fərsiz Səbr onu yandırıb tökmüşdü. Özü deyirdi ki, verilən sualların birinə də cavab verməyib. Daşdan səs çıxıb, bundan yox. Bəlkə qəsdən elə eləyib? Bu fikirdən Xalıq az qaldı dəli olsun. Dönüb Səbrə baxdı. Heç eyninə gəlmirdi bu işlər. Elə bil kefi də duru idi. Məmnun-məmnun pəncərədən bayıra baxırdı. Xalıq bir Səbrə baxdı, bir də dirsəyinin altında yerləşdirdiyi çamadana. 0, Səbri başlı-başına buraxmış, çamadanını əyrilikdəmi-düzlükdəmi doldurmağa səy  göstərmişdi. Doldurmuşdu da. Çamadan dolmuşdu, Səbrin başı boş qalmışdı.

            İndi nəyinə gərək idi bu pullar Xalığın? Bütün arzular puç olmuşdu. Nə pullara, nə də boşbaşlı Səbrə yiyə duran tapılmamışdı.  İşə bax ki, Xalığın lağ elədiyi İsrafilin, Mərişin yetimçə nəvəsi həkimliyə girmişdi. İndi bu kəndə Xalıq necə qayıdıb girəydi? Elələri ali məktəbə girmişdi ki, Xalıq biləni yol pulunu da birtəhər düzəltmişdilər. Amma onun bircəsi, yeganə ümidi fərsiz çıxmışdı. Onu xar eləmişdi, el içində papağını yerə vurmuşdu yerə. İstədi durub salsın Səbri təpiyinin altına. Camaatdan çəkindi güc verdi fikir yığınında eşələnməyə. Baş sındırdı axı işi niyə düz gətirmədi Xalığın?! Arzuları niyə puç oldu?! Elə bil ki, qeybdən bir səs cavab verdi ona: “Günah səndədir”. O, gözlərini geniş açdı, amma heç nə görmədi. Xalıqsa hiddətindən boğulurdu, indi gözünə nə Səbr, nə də illərdən bəri diş-dırnaqla topladığı pullar. görünürdü. Halı özündə olmadığından bayaqdan dirsəkləri ilə özünə sıxdığı pulla dolu kiçik çamadan da yumbalanıb ayaqları altına düşmüşdü. Qatar silkələndikcə o da döşəməyə dəyib ahənglə səslənirdi: Tak-tuk, tak-tuk…

Şərhlər