Borcu ödənilməyənlər

Bir borcluluq duyğusu yaşayıram.Bəlkə də kimsə oxuyub keçəcək, ya bir başqası – “get borcunu ödə də!” – deyə içindən söylənəcək. Amma inanmıram o borcu ödəyə bilim. Axı necə ödəyə bilərəm ki? Bütün uşaqlar ataları ilə dərsə gedərkən, “sənin atan hardadır?” sualı cavabsız qalan körpələrə, hər kəs süfrə başına yığılanda oğlunun sevdiyi yeməyi süfrəyə qoyan, amma oğlunu o süfrədə bir daha qonaq edə bilməyən  anaya, minbir əziyyətlə oğul böyüdüb, boya-başa çatdıran, amma oğlunun cənazəsini çiyinlərinə qaldıran ataya, qırmızı bağlayıb düzəltdiyi xonçası əlində qalan bacıya, ömrünü-gününü həyat yoldaşına bağlayıb,”Allah səni qorusun”, “Səni gözləyirik tez gəl” deyən qadınlara mən nə cavab verim? Necə ödəyim borcumu? Xəyallarını, canlarını, ailələrini yarım qoyub gedən şəhidlərə necə? Ödəyə bilərikmi borcumuzu? Bunu heç düşünmüşük? Hələ bir “haqqınızı halal edin” deyə səslənirik də ağız dolusu.

            Qəlbimdə kimsəyə sözlərlə anlada bilməyəcəyim qürur hissi yaşayıram. Bəli. Çünki 30 ildir dönə bilmədiyimiz yurd-yuvamızı azad etdilər. İtirdiyimiz qürurumuzu qaytardılar. Amma özləri nə döndülər, nə də qayıtdılar.

            Qürurluyam. Bu qürurun ardında bir də çalın-çarpaz çəkilən dağlar var. Tanıdığım-tanımadığım hər bir can üçün yanıram. Odsuzdu, alovsuzdu, tüstüsüzdü bu yanğı…

            Ruhların bənd almadığı yerlərdə minlərlə arzu, xəyal, can,  yatır indi. Məncə ölərkən belə, yaşamağı ancaq  sən bacara bilərdin Azərbaycan əsgəri!!! Sən diri ikən ölənlərdən deyilsən. Sən söz verib ardından qaçanlardan deyilsən. Bir az yüksələndə vədini unudanlardan deyilsən.

Adsız yüksəkliklərdə ad qoyan igid qardaşım. Sən yaşadansan. Qürurumuzu bərpa edənsən. Ən böyük zirvəsən. Qanınız qarışdığı bu Vətən mənliyimizdir, qürurumuzdur, özümüzdür.

            Mənliyimizi, kimliyimizi qorumaq üçün canını fəda edənlərim. Borcunuz, haqqınız ödənilməz. Amma sizlərin adını yaşatmaq, uğrunda canınızı fəda etdiyiniz bu torpaqları qorumaq bizim əbədi borcumuzdur.

 Rəmziyyə HƏSƏNOVA

 “ Aran” qəzetinin xüsusi müxbiri

Şərhlər