Ağcabədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz müəllimlə söhbət zamanı eşitdim onun haqqında. “Uğurları olan idmançımızdır” söylədi. Karate-do idman növü üzrə ölkədaxili yarışların qalibi və mükafatçısı olduğunu vurğuladı. Bizi görüşdürməsini xahiş etdim…
Və budur, atası ilə redaksiyamızın qonağıdır. Gözlərimə inana bilmirəm. Onun üzündə məsumluq, saflıq məni çaşdırır. Başqa vaxt hardasa görsəm ona cəmi 16-17 yaş güclə verərdim. Əyləşin deyirəm. Hər ikisi əyləşir. Qəhrəmanımız isə bir ayağını qaçaq qoyur. Hiss edirəm ki, sıxılır, darıxır. Haqqında yazılacaq yazı belə maraqlı deyil onun üçün. Bəlkə də hardasa çığırışaraq futbol oynayan, “nadinclik” edən dostların əhatəsi daha cəlbedicidir bu suallarımdan. Amma hərbi geyimdəki fotolarına baxıram. Yox, burada uşağa oxşamır. Nədir bu geyimin sirri? Onu geyinərkən insanın üzündəki ifadə də dəyişir, insan daha boylu-buxunlu, daha əzəmətli görünür. Müsahibimi yubatmadan məni maraqlandıran suallarımı verirəm.
Fəqan İlqar oğlu Xəlilov 21 avqust 1995-ci ildə Ağcabədidə anadan olub.Ağcabədi şəhər 9 saylı tam orta məktəbini bitirib. 2013-cü ildə hərbi xidmətə başlayıb və 2015-ci ildə xidmətini başa vurub. 27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlananda Fəqan da illərin torpaq həsrətinə son qoymaq arzusuyla sentyabrın 9-da cəbhəyə yollanır…
Cəbhədə yaşadıqlarından, gördüklərindən soruşmaq istəyirəm. Amma üzünə baxınca fikrimdən vaz keçirəm. O qədər saf görünüşü var ki, heç cür bir döyüşçü ilə danışdığıma inamıram. Heç özü də öyünmək, sinəsinə döymək niyyətində deyil. Sualları atasına yönəldirəm. Və hiss edirəm ki, qəhrəmanımız rahat nəfəs almağa başlayır. Atası danışdıqca Fəqan gözlərimdə böyüyür. O da atasını dinlədikcə üzünün ifadəsi dəyişir, danışmaq istəmədiyi döyüş yolları haqqında hər şey gözlərindən oxunur.
Cəbrayıl və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib Fəqan. 8 oktyabr 2020-ci il tarixdə Cəbrayıl istiqamətində gedən döyüşdə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində sol alın nahiyyəsindən qəlpə yarası alır. Füzuli rayon Mərkəzi Xəstəxanasına təxliyyə olunur. Sonra Zərdab rayon Mərkəzi Xəstəxanasında müalicəsini davam etdirir. Müalicəsi bitər-bitməz hərbi hissəyə qayıdır. Lakin ürəyi qələbə arzusuyla döyünən igidimizin səhhəti döyüşlərə qatılmağa imkan vermir. Ağrıları gücləndiyi üçün ARMN Silahlı Qüvvələrin Baş Klinik Hospitalına göndərilir. 3 gün müalicə aldıqdan sonra Qubadlı istiqamətində gedən döyüşlərə qatılır. Orada ayağından yaralansa da, bu dəfə geri dönmək haqqında düşünmür, bütün gücü, istəyi, əzmi ilə döyüşə davam edir. Qazanılan qələbə sevincinin bir parçası olmaq şərəfinə nail olur.
12 dekabr 2020-ci il taridə ordudan tərxis olunan Fəqan Xəlilov “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub. Hər iki rayonun azad edilməsində yaralansa da, odun alovun içindən keçsə də, özü haqda danışmaqdan hissindən çox uzaq olan bu sadə, Vətəni qorumağı bir borc kimi qəbul edən döyüşçümüz hətta sağollaşanda belə qəribə maraqla üzümə baxıb soruşdu:
– Bunları niyə soruşdunuz ki?
Məhsəti Musa