16.1 C
Aghjabadi
Çərşənbə axşamı, May 24, 2022

Hesablama Palatasının hesabatı Milli Məclisin plenar iclasına tövsiyə edilib

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 4 məsələyə baxılıb. 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, öncə gündəlikdəki qanun layihələri müzakirəyə çıxarılıb. Bildirilib ki, Azərbaycan Respublikasının Meşə, Əmək, Ailə, Cinayət, Vergi, Cinayət-Prosessual və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihəsi, “Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Xidməti və mülki silah haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi, həmçinin “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə, 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət Nizamnaməsi”ndə, 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də, 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə”də, 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də və 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qanun layihəsi texniki xarakterli düzəlişləri nəzərdə tutur. 

Komitə üzvləri bu sənədlərin üçünü də Milli Məclisin plenar iclasına tövsiyə ediblər. 

Sonra “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında hesabat”a baxılıb. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, Milli Məclisin Sədri Sahibə Qafarovanın tövsiyəsi ilə ilk dəfədir ki, Hesablama Palatasının hesabatı parlamentdə yalnız bir komitə çərçivəsində deyil, geniş tərkibdə müzakirəyə çıxarılır. Müzakirələrin əhatəliliyini artırmaq və keyfiyyətini daha da yüksəltmək, həmçinin ictimailiyi təmin etmək məqsədilə 6 komitə sədri və onların müxalifətdən olan müavinləri, ictimai təşkilatların nümayəndələri bugünkü iclasa dəvət olunublar. 

Tahir Mirkişili qeyd edib ki, dövlətin iqtisadi gücünün artmasında və böyüməsində dövlət maliyyə nəzarətinin effektivliyi, maliyyə nəzarətinin güclənməsi, dövlət xərclərində şəffaflığın və qənaətliyin təmin olunması çox mühüm rol oynayır. Bu, eyni zamanda dövlət başçısı tərəfindən Azərbaycanda aparılan sürətli iqtisadi islahatların mühüm hədəflərindən biridir və ötən müddət ərzində dövlət və hökumət tərəfindən bu hədəflərə nail olmaq üçün xeyli işlər görülüb, Milli Məclis tərəfindən qanunvericilik aktları təkmilləşdirilib. Komitə sədri bildirib ki, Hesablama Palatasının fəaliyyətinin nəticələrinin deputatlara və ictimaiyyətə təqdim edilməsi növbəti addımların daha səmərəli olmasında və daha düzgün qərarların qəbul edilməsində müstəsna rol oynayır. 

İclasda “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında hesabat”ı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim edib. Vüqar Gülməmmədov bildirib ki, əsasən distant fəaliyyətə üstünlük verilən 2020-ci ildə  plana daxil edilmiş nəzarət tədbirlərinin sayı 25 faiz azaldılıb. Bununla belə, həmin dövr ərzində qurumun qanunvericiliklə müəyyən edilmiş fəaliyyəti vaxtında və operativ qaydada həyata keçirilib, dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihəsi, müvafiq büdcələrə dəyişikliklər, dövlət büdcəsinin icrası üzrə Hesablama Palatasının rəyləri qısa müddətdə hazırlanaraq millət vəkillərinin diqqətinə çatdırılıb. Rəylərdə dövlət vəsaitlərinin idarə olunması, ümumilikdə maliyyə inzibatçılığının təkmilləşdirilməsi və gücləndirilməsi, hesabatlılıq və şəffaflığın artırılması istiqamətində tövsiyələr əks etdirilib.  

Məlumat verilib ki, ötən il 34-ü audit, 4-ü analitik və 3-ü monitorinq fəaliyyətini əhatə edən kənar dövlət maliyyə nəzarəti tədbirləri həyata keçirilib. Auditlərin biri “Dövlət sirri haqqında” qanuna müvafiq qaydada olmaqla icra edilib. Ümumi auditlərin biri gəlirləri, 33-ü isə xərcləri əhatə edib. Bir audit Lənkəran şəhərində, 33 audit isə Bakıda fəaliyyət göstərən qurumlarda aparılıb. Ağcabədi, Ağdam, Tərtər, Bərdə, Şəmkir, Goranboy, Ağsu, Hacıqabul rayonlarında monitorinqlər həyata keçirilib. Bildirilib ki, subsidiyalara müraciət edən istehsalçıların sadəcə  dörddə biri torpaqlara mülkiyyət hüququna dair çıxarışla təmin edilib, becərilən torpaqların 33,7 faizi dövlət dəstəyindən kənarda qalıb. Mühasibat uçotunun aparılmasında ixtisaslaşmış kadrların çatışmazlığı, səriştəli kadrların isə özəl sektora axını müşahidə olunub. 

Məlumat verilib ki, 2018-ci ildə qəbul edilmiş yeni qanunun müəyyən etdiyi audit formaları hesabat ilində tətbiq olunub, 2020-ci ildə 4 maliyyə, 1 səmərəlilik (performans) və 29 uyğunluq auditi həyata keçirilib, İnformasiya Texnologiyaları auditinin elementləri əvvəlki illərlə müqayisədə nisbətən geniş tətbiq edilib. İl ərzində aparılan auditlərlə müəyyən olunub ki, hesabatlarda düzgün əks etdirilməyən məbləğ 412,4 milyon manat təşkil edir. Mühasibatlıq prinsiplərinə əməl edilməməsi və mühasibat yazılışlarının doğru verilməməsi hallarına aid edilən məbləğ isə  ümumilikdə 335,4 milyon manat həcmindədir.  2020-ci ildə başa çatdırılmış 34 audit üzrə nəticələrə əsasən 452 halda nöqsan müəyyən edilib. Hesabat ilində ümumilikdə 130,3 milyon manat qeyd edilmiş nöqsan təsnifatı üzrə hüquqi aktların pozulması ilə icra olunub. 

Hesablama Palatasının sədri diqqətə çatdırıb ki, 2020-ci ildə açıqlanan Açıq Büdcə İndeksi beynəlxalq reytinq hesabatlarında Hesablama Palatasının fəaliyyəti 89 balla qiymətləndirilib ki, bu da qiymətləndirilmənin aparıldığı 117 ölkə arasında 3-cü böyük göstəricidir. 

Hesabatın yekununda 2021-ci ildə qarşıda dayanan vəzifələr barədə deputatlara məlumat verilib. 

İclasda Hesablama Palatası sədrinin müavini Nəsir Sadıqov və qurumun Hüquqi təminat və insan resursları şöbəsi müdirinin müavini Nuranə Səfərova qurumda tətbiq edilən yeniliklərlə bağlı deputatları maraqlandıran məsələlər barədə məruzələr ediblər. Yekunda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov sualları cavablandırıb. Hesablama Palatasının təqdim etdiyi hər üç məruzə rəngli slaydlarla, diaqramlarla müşayiət olunub.  

Müzakirələrin yekununda “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında hesabat”ı Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbər lenti

Bu gün onların peşə bayramıdır

Mayın 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır.  Bu münasibətlə 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ulu...

“Fədakarlar bir amalın uğrunda” kitabının təqdimatı keçirilib

Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri,  Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyevin...

Azərbaycan sülhə, təhlükəsizliyə və sabitliyə sadiqdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevmayın 18-də Litva Prezidenti Gitanas Nausadının ölkəmizə səfəri ilə əlaqədar mətbat üçün bəyanat verib.  Ölkə Prezidenti bildirib...

“Çempionumuz” layihəsi çərçivəsində növbəti görüş

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyi tərəfindən təsdiq edilmiş birgə əsasnaməyə müvafiq...

Deyimlərimiz, kəlamlarımız

         Bədii yaradıcılıq xalqımızın ruhunda, canındadır. Lap qədimdən bu günə qədər qaynayıb-daşan, axıb-coşan bu yaradıcılıq çeşməsi bitib-tükənmək bilmir. Zəngin məna çalarlarına malik...

Avşar elinin tarixi

         Fəzlullah Rəşidəddin (“Cəmiəttəvarix”), Yazıçıoğlu Əli (“Səlcuqnamə”) və Əbülqazi Bahadır Xan Xivəliyə (“Şəcəreitərakimə”) görə Avşar adının anlamı “işlərini cəld görən və ova...

Kümçülərə 877 qutu barama qurdu paylanılıb

         Respublikamızda barama istehsalına yüksək dövlət diqqət və qayğısından ruhlanan rayon kümçüləri 2022-ci təsərrüfat ilində  də bu mühüm kampaniyaya böyük həvəslə qoşulublar.

Şəhidlərin xatirəsi əbədiləşdirilib

         Rayonun İmamqulubəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Hidayət Kərimov, Cavanşir Zeynalov, Savalan Kərimov, Yadigar Bəşirov və Röyal Baxşəliyevin xatirələrini əbədiləşdirmək məqsədi...

ZƏFƏR QURULTAYI UĞURLU SİYASƏTİN NƏTİCƏSİDİR

https://www.youtube.com/watch?v=dqfE9owZVPk&t=71s

Kürdəmirdə baş verən avtoqəzada Ağcabədi sakinləri xəsarət alıb

Hadisə bu gün səhər Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü İmişli...

Şərhlər