O, hər zaman vətən uğrunda döyüşə hazırdır
Əbəs yerə deməyiblər ki, torpaq su ilə qarışanda palçıq, qanla qarışanda vətən olur. Müharibədəki qalibiyyəti şəhidlərin, qazilərin canı və qanı bahasına əldə etmiş olduq. Həmişə öz yeraltı və yerüstü sərvəti ilə zəngin olan ölkəmiz əsrlərlə düşmən ölkələrin göz dikdiyi yer olmuşdur. Əsrlərlə baş verən münaqişələrdən ən dəhşətlisi isə XX əsrdə Azərbaycanın əzəli torpağı olan Qarabağa erməni faşistlərinin ərazi iddiası zamanı oldu. 1992-1994-cü illərdə Azərbaycanın mərd oğulları vətənin müdafiəsində əzmlə vuruşsalar da mənfur düşmənlərimiz havadarlarının köməkliyi ilə 20 faiz torpağımızı işğal etdilər. I Qarabağ müharibəsində savaşı uduzsaq da, bu məğlubiyyətin əvəzini Vətən Müharibəsində igid əsgərlərimiz artıqlamasıya çıxdılar.
Müasir Azərbaycan siyasi, iqtisadi gücü ilə təkcə Cənubi Qafqazda deyil, dünya ölkələri arasında öz layiqli yerini tutmuşdur. Cənab Prezident İlham Əliyevin bütün sahələrdə olduğu kimi, hərb sahəsinə də göstərdiyi diqqət və qayğının nəticəsi II Qarabağ Müharibəsində aydın göründü. Bu müharibədə isə qələbənin qazanılmasında Ağcabədinin igid oğullarının da payı vardır.
Belə qəhrəmanlarımızdan biri də Elxan Quliyevdir. Qazimiz Quliyev Elxan Xəqani oğlu 1994-cü il fevralın 21-də Ağcabədi rayonunun Muğanlı kəndində anadan olub. 2011-ci ildə Muğanlı kəndində yerləşən, şəhid Sərvan Quliyevin adını daşıyan orta məktəbi bitirmişdir.
O, 2012-ci ilin aprel ayında Naxçıvanın Culfa şəhərində yerləşən “N” saylı hərbi hissədə hərbi xidmətə başlamış,öz mehribançılığı və ünsiyyəti ilə komandir və əsgər yoldaşlarının hörmətini qazanmış, 2013-cü ilin oktyabr ayında ordudan tərxis olunmuşdur.
Vətən müharibəsi başlayandan sonra, rahatlıq tapmayan vətənin qeyrətli oğlu torpaqlarımızın işğaldan azad olunmasında iştirak etmək üçün 2020-ci il oktyabr ayının 3-də “N” saylı hərbi hissəyə yollanır, oradan Füzuli, Cəbrayıl, Qubadlı istiqamətində gedən döyüşlərə qatılır. Oktyabr ayının 21-də Qubadlı istiqamətində gedən döyüşlərdə yaralanaraq hərbi hospitalda müalicə olunur.
Müharibədə pulemyotçu kimi döyüşən qazi Elxan Quliyev Füzuli, Cəbrayıl, Qubadlı rayonunun alınmasında fəal işrirak etdiyinə görə ölkə başçısı tərəfindən “Vətən müharibəsi iştirakçısı”, ”Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Hazırda səhhəti ilə bağlı heç yerdə işləməyən Elxan ev şəraitində müalicəsini davam etdirir. Qəhrəmanımız nəinki bu gün, hər zaman vətən uğrunda döyüşə hazır olduğunu söyləyir.
Hüseyn QULUZADƏ