Uşaq ikən hər səhər saat 8-də məktəbə getdiyim yolda, yanından keçdiyim mağazanın taxtadan yığılmış vitrinində, gözdən itənə qədər başımı çevirib baxdığım sarı rəngdə “KamAZ” oyuncağı var idi. Nə qədər müddət keçdiyini xatırlamıram, amma məktəbi dəyişənədək nə o oyuncaq satıldı, nə mən onu ala bildim. İllərlə vitrindən yoxa çıxmayan oyuncağın mənə nəsib olmaması həyatın mənimlə ilk yersiz zarafatı idi. İlk dəfə o oyuncağın sayəsində anlamışdım, insana ən çox yaxın olan nəsnənin bəzən onun ən əlçatmazına çevrilə biləcəyini.
İndi üstündən uzun illər keçməsinə baxmayaraq, bu evdə onunla yenidən görüşəcəyimin düşüncəsi, atamın hər dəfə işdən gələndə “Bax, gör sənin üçün nə almışam?” cümləsi qədər isti və duyğulu idi. Amma mən bu hekayənin sonunu bilirdim. Sarı “KamAz” heç vaxt gəlməyəcəkdi…
Divardakı saatın səsiylə ürək döyüntülərim eyni ahənglə dövr edirdi: “TİK-TAK, TİK-TAK.” Onun təyyarəsi çoxdan Bakıya enmişdi. İki ildən sonra yenə eyni şəhərdə idik. Eyni şəhərdə olmağın duyğusu həsrətdən alovlanan ürəyimin az da olsa, közərməsinə bəs edirdi. Axı mən onsuz keçən iki ildə bu kiçik, bir otaqlı evin hər qarışında onu gözləmişdim. Bu gün isə evdə hərəkət edərkən yerimi hər dəyişəndə istər-istəməz qapıya bir az da yaxınlaşırdım. Artıq dəhlizdəki bütün danışıqları, ayaq səslərini eşidə bilirdim. Deyəsən, qarşıdakı qonşunun uşaqları yenə xəstələnib, anaları onlara ağlada-ağlada dərman içirdir. Nə isə, saata baxdım, 12:09-u göstərirdi. Saatın sağ tərəfində isə təqvim vardı. Bu gün ayın 23-ü idi. Bəli, o bu gün mütləq qayıtmalı idi, çünki söz vermişdi. Gözləməkdən yorulub tək nəfərlik dəmir çaypayıma uzandım. Əlimi uzadıb dolabın siyirməsindən ona son yazdığım məktubun özüm üçün köçürdüyüm nüsxəsini oxumağa başladım:
“Əzizim, bayaq xəbərlərdə gördüm, deyəsən, sizdə qar yağır. Eşidəndə ki, ora soyuqdur, mən də əynimi qalın edirəm. Hər axşam yorulana qədər səni düşünürəm, səni daha çox düşünmək üçün isə yuxu saatlarımı bacardıqca azaldıram. Sonra birdən özüm də anlamadan yuxuya gedir, yuxuda isə ağ paltarlı insanlar görürəm. Narahat olma, yəqin sənsizlikdəndir, ya da yuxusuzluqdan. Mən əminəm, sən gələcəksən və bütün bunlar keçəcək. Yenə səni düşünürəm, mənə görə düşüncənin sürəti işıq sürətini də ötüb keçər. Aramızda bu qədər dəniz, meşə, şəhər və kəndlər olduğu halda, səni düşünən andaca yanımda ola bilirsən. Ümid edirəm, gələn həftə söz verdiyin vaxtda gələcəksən.
Saat : 20:40…”
*** *** *** *** *** *** *** *** *** *** *** *** *** *** *** *** *** *** ***
Məktub oxunandan bir neçə dəqiqə sonra qapının kilidi açıldı, ardınca cəftəsi cırıltıyla aşağı əyildi. İçəri Bakı Şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserinin Baş həkimi, iki şöbə müdiri və onların yanına assistent kimi göndərilmiş Bakı Dövlət Universitetinin klinik psixologiya ixtisasının sonuncu kurs tələbəsi Səbinə daxil oldular. Xəstənin onun şöbəsində olduğunu bildirən həkim həm Baş Həkimə, həm də assistent qıza məlumat verirdi. Səbinə gözlərini qıyıb öncə palatanı, sonra da xəstəni süzməyə başladı. Otaq çox səliqəli idi. Lakin divarlarda bəzisi diletant, bəzisi isə peşəkar rəssamın əl işinə oxşayan yüzlərlə, bəlkə də minlərlə irili – xırdalı saat rəsmləri çəkilmişdi. Bu saatlardan xəstənin baş tərəfindən ─ yatağın sağına qoyulan, köhnəlmiş , bəzi yerlərinin rəngi getmiş dolabın üzərindəki kağızlarda da var idi. Xəstə isə sanki onları görmür, əlindəki karandaşla sol qoluna dairəyə oxşayan, yumru nə isə çəkirdi.
O, anidən başını çevirib bir müddət onları süzdükdən sonra nəzərlərini Səbinənin üzərində, daha dəqiq desək, Səbinənin biləyindəki parıltılı gümüş saatda saxladı. O, vəhşi heyvan kimi bağıraraq qızın üstünə atıldı və iki əli ilə biləyindən tutub var gücü ilə sıxmağa başladı… Həkimlər qızı güc-bəla ilə onun əlindən alıb özlərini hövlnak dəhlizə, oradan da baş həkimin otağına atdılar.
– Doktor, sizdən artıq dərəcədə üzr istəyirəm, mən sizə deməyi unutmuşam. 209 nömrəli palatada müalicə alan xəstənin yanına saatla, bilərziklə və hər ehtimala qarşı bu kimi əşyalarla daxil olmaq qadağan edilib.
– Məncə, siz məndən yox, yeni assistentimizdən üzrxahlıq edin. Bu onun ilk təcrübəsi idi. Bu cür naxoş halla qarşılaşması heç də ürəkaçan olmadı.
– Mənim üçün narahat olmayın, həkim. Artıq bura gəlməmişdən nə kimi hallarla, hansı dərəcədə ağır pasiyentlərlə qarşılaşacağımı hesablamışdım. Sadəcə bu xəstə niyə mənim biləyimdən elə bərk yapışdı, birdən necə oldu ki, qışqırmağa başladı və ümumiyyətlə, niyə elə qəribə davrandığını bilmək istəyirəm.
– Əlbəttə, qızım. İndi sizə xəstənin bütün məlumatları olan dörd illik dosyenin bir nüsxəsini verərik, evdə yaxşıca hazırlaşarsan. Əslində 209-dakı pasiyent çox sakit, sözə baxan, hamımızın sevdiyi tək-tük xəstələrdəndir. Sadəcə olaraq… Nə isə, saat da gec olur. Unutma, o, bundan sonra həm də sənin pasiyentin olacaq. Ən yaxşısı, dosyeni götür, özün oxuduqca öyrənəcəksən.
Səbinə dispanserdən çıxıb avtobus dayanacağına getdi. Həm ilk günün yorğunluğundan, həm iki marşrut dəyişmək həvəsi olmadığından, həm də əlindəki dosyeni tez oxumaq istədiyindən bu gün evə taksi ilə getməyi qərara aldı. Yolda bir neçə dəfə vərəqləri açmaq istəsə də, evə çatıb, rahat və detallı incələmək düşüncəsi onu bu fikrindən daşındırdı. Nəhayət, yarım saat sonra evdə idi. Tələsik paltarını dəyişib, əl – üzünə su vurdu. Sağ biləyindəki saatı açanda gördü ki, biləyi əməllicə göyərib. Özünə bir fincan çay süzüb otağına keçdi. 3 saat sonra artıq hər şey gün kimi aydın idi. Səbinə sanki ağırlaşmış, zehni süstləşmişdi. Sabahkı günə yaxşı hazırlaşmaq üçün oxuduqlarının bəzi hissəsini öz qeyd dəftərinə köçürməyə başladı.
Pasiyentin adı: Turabov Seymur Mikayıl oğlu.
Doğum tarixi: 16.02.1996
Doğulduğu yer: Bakı şəhəri
Cinsiyyəti: Kişi
Dispanserdə qeydiyyat tarixi: 26 avqust 2017-ci il.
Diaqnoz: Katatonik şizofreniya (F20.2)
Simptomları: İnsomniya (oyanıqlıq), qəribə pozada donmaq, neqativizm, rigidlik, mumabənzər plasatiklik, göstərişlərə qeyri-şüuri itaət etmək. Xəstə saat əşyasına qarşı həssaslıq göstərir, dayanmadan gün ərzində divara və ya kağızlara saat şəkli çəkir və ya usanmadan məktublar yazır.Yazılarında sarı rəngli yük maşını barəsində müxtəlif, fərqli hekayələr uydurur. Kiminsə biləyində saat görməsə, yanında cızma-qara etmək üçün kağızı olsa, yuxusuzluqdan başqa heç bir narahatlıq keçirmir. Xəstə hər gününü 23 avqust 2017-ci il kimi yaşayır. Və hər gün qəzada ölmüş sevgilisinin yolunu gözləyir.
Xəstəliyə şərait yaradan vəziyyətin bu olduğu düşünülür: (Ailəsinin və hadisə şahidlərinin dediklərinə əsasən) Seymurun universitet illərindən dəlicəsinə sevdiyi qız xaricə magistratura təhsili almaq üçün yola düşür və müxtəlif səbəblərdən oxuduğu müddətdə Bakıya gəlmir. Cütlük iki il ancaq telefon vasitəsilə əlaqə saxlaya bilir. Ölkələr fərqli olduğundan normal olaraq aralarında zaman qurşağının açdığı böyük vaxt fərqi yaranır. Beləliklə də, danışmaq üçün saatla mübarizə aparmağa başlayırlar. Nəhayət, qızın qayıtdığı gün oğlan sevgilisini qarşılamaq üçün gedərkən tıxacda gecikir, qız isə vədələşdikləri yerə özü gedir və bədbəxt hadisə baş verir. Onu yolu keçərkən, ehtiyatsızlıq edən sarı rəngli “Kamaz” markalı yük maşını vurur və oradaca keçinir. Oğlan hadisə yerinə çatanda artıq gec idi. Gəlib çatmadığı, görüş yerinə gecikdiyi, onu aeroportdan özü götürmədiyi üçün dərin sarsıntı keçirir. Qızı yola salarkən “Ümid edirəm, hər baxanda məni xatırlayacaqsan və zamanımız tez keçəcək” – deyib, qoluna taxdığı qana bulanmış, qızın cansız, soyuq biləyindəki şüşəsi qırılmış saatı ovuclarının içinə götürür və qucaqlayaraq qışqırmağa başlayır… Və bir də özünə gəlmir… 3 gün sonra isə ailəsi məcbur qalıb, onu dispanserə yerləşdirirlər.
Qırılmış saatda dayanan əqrəb , 12:09-da qalmışdı.
Həmin gecə sübhəcən Səbinənin gözünə yuxu getmədi. Onun beynində ancaq bu cümlə tik-tak edirdi: Deməli, dünyadakı ən təhlükəli, ən öldürücü əqrəb, daima öz üzərimizdə daşıdığımız və hər an bizi öldürməyə hazır olan saatın içindəki əqrəb imiş…
Orxan Kərimov