Sarvanlar kəndi Ağcabədi rayonunda, Sarvanlar inzibati ərazi vahidində, rayon mərkəzindən 34 kilometr məsafədə, Qarqar çayının sağ sahilində, Qarabağ düzündə yerləşir.
Sarvanlar oykonimi sar, van və lar komponentlərinə ayrılır. İran (fars) mənşəli sar sözü “dəvə” mənasındadır. Toponimin tərkibindəki van komponenti “isimlərə əlavə olunan və qoruyan, mühafizə edən” mənasını daşıyan şəkilçidir.oykonimin adındakı-lar şəkilçisi cəmlik ifadə edir. Sarvan sözü “dəvəçi, dəvə saxlayan”, “dəvə mühafizəçiləri”, “dəvə başı çəkən”, “dəvə sürən” mənasındadır. Sarvanlar sözü “dəvəçilər, dəvə mühafizəçiləri” deməkdir.
Sarvanlar camaatı halal zəhməti ilə seçilən, rahat və qoçaq adamlardır.
… Quliyev Həsən Adışirin oğlu 1996-cı il oktyabrın 11-də Sarvanlar kəndində anadan olub. 2003-cü ildə Kürdlər kəndindəki məktəbin 1-ci sinfinə daxil olub. 2014-cü ildə sözügedən məktəbi bitirib. 2014-cü ildə ordu sıralarına çağrılıb. Naxçıvanda Sərhəd Qoşunlarında xidmət edib. 2016-cı ilin aprelində ordu sıralarından tərxis olunan Həsən özünü hazırlıqlı, qabiliyyətli, işgüzar bir əsgər kimi göstərib. 2016-cı ilin noyabrından nümunəvi əsgər olan Həsən Hüseynov orduda gizir kimi çalışmağa başlayıb. Quru Qoşunlarında xidmət edən Həsən müharibə başlananda cəbhənin ön hissəsində vuruşub. Füzulidə, Cəbrayılda,Zəngilanda, Qubadlıda vuruşub. Xocavəndin Tuğ kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub.
Əsgər yoldaşları Həsənin qorxmaz, igid və vətənpərvər olduğunu söyləyirdilər. Onun bir neçə ermənini məhv etməsi və qənimət-hərbi texnikanın ələ keçirilməsinin fəal iştirakçısı olduğu öz təsdiqini tapıb.
2018-ci ilin martında ailə həyatı quran Həsənin iki əmanəti qalıb. Yaş yarımında olan qızı Dəniz və beş aylıq oğlu Xəyal. Onların həyatda hələ bir çox şeyi dərindən anlaya bilmədiklərinə baxmayaraq, xiffət edir, fikir çəkirlər. Gənc atalarının yolunu səbirsizliklə gözləyirlər.
Həsənin atası, anası və həyat yoldaşı ilə görüşüb xeyli dərdləşdik. Beş aylıq Xəyal hər atasının adı çəkiləndə diksinir, həyəcanlanırdı. Gözləri ilə atasını axtaran balaca Xəyal söhbətimiz qurtarana qədər rahatlıq tapmadı, elə hey ağladı.
Anası Elnarə söyləyir ki, Həsən əsl oğul idi. Böyüyün, kiçiyin yerini bilərdi. Çox tərbiyəli idi. Kənddə yaşına görə böyük hörmət qazanmışdı.Əsl ağsaqqal idi. Hamının qayğısına qalar, hər şeyə diqqət yetirərdi. Atası Adışirin də Həsənin əvəzedilməz oğul olduğunu vurğuladı. Onsuz yaşamağın çətin olduğunu, gözünün hər yerdə Həsəni axtardığını söylədi. Həyat yoldaşı Arzu Həsənin ailəcanlı, alicənab və etibarlı olduğunu dedi. O, hələ də Həsənin müharibədən ailəsinin yanına qayıda bilmədiyinə inana bilmir.
Sizləri başa düşmək çətin deyil. Həsənin əziz anası, atası və həyat yoldaşı. Ancaq yaşadığımız dünyada bir çox yazılmamış anlayışlar var. İnsan istər-istəməz həyatda onlara əməl etməli olur. Belə anlayışdan biri də, Vətəni, Ana torpağı Həsən qədər sevmək, onun yolunda ölmək məqsədinin mövcudluğudur. Amma siz, Həsənin əzizləri dərd çəkməyin, səbirli olun. Həsən onu böyüdən torpaq uğrunda şəhid oldu. İndi o qanına boyanmış müqəddəs Vətən torpağının qoynunda, Sarvanlar kəndinin qəbristanlığında rahat uyuyur. Vətənin qeyrətli, igid oğlu Həsən, Allah sənə rəhmət eləsin! Qəbrin nurla dolsun…
Adil MİSİRLİ