ÖLÜM SEVİNMƏSİN QOY…

O, tanrının xoş saatında, güllü-çiçəkli bir yaz günündə dünyaya göz açmışdı. Onun dünyaya gəlişi, əsl toy-bayram olmuşdu. O, hələ uşaqlıq və yeniyetməlik çağlarından öz ağlı, sərbəst düşüncəsi, qeyri-adi istedadı ilə hamının rəğbətini və hörmətini qazanmışdı.

            Çox vaxt müşahidə etdiyimiz bir həqiqət var. Yaranan insanların heç də hamısı xeyirxahlıq, insanpərvərlik, mənsub olduğu xalqa xidmət amalı ilə yaşamır. Elə insanlar var ki, sadəcə öz ömrünü yaşayıb həyatda özündən sonra yadda qalacaq bir iz buraxmadan dünyasını dəyişir. Haqqında bəhs etdiyimiz insan isə tamamilə bunun əksinə, hər bir işi, əməli ilə xalqına sonsuz məhəbbət və xidmətini ifadə edən, yaşadığı müddətdə əbədiyyətə vəsiqə qazanan bir sənətkar-şəxsiyyətdir.

            Amalı, məsləki insanlığa hansı vasitə ilə olursa-olsun xidmət etmək, insanlığın cismani və ruhi sağlamlığı keşiyində durmaq idi. Təsadüfi deyildir ki, o, özünə iki şərəfli sənət seçmişdi. İlkin niyyəti tibb elminin nailiyyətlərinə yiyələnib bəşər övladının sağlamlığı keşiyində durmaq idisə, sonradan seçdiyi və sonadək bu yolun yolçusu olduğu sənət isə insanlara ruhi-mənəvi qida verərək öz arzu və istəyini səsinin sehri və cazibəsi ilə xalqına çatdırması idi.

            Axı, insanlığın bu qədər zirvəsində dayanan bu yüksək amal sahibi kimdir?

            Səfa Hüseyn oğlu Qəhrəmanov! O, 1949-cu ilin mart ayında Ağcabədi rayonunun Minəxorlu kəndində anadan olub, 1956-cı ildə Minəxorlu kənd səkkizillik məktəbin birinci sinfinə daxil olub. 1966-cı ildə Ağcabədi rayon Kürdlər kənd orta məktəbinin onuncu sinfini bitirib. 1969-cu ildə 1 saylı Bakı Tibb  Texnilkumuna daxil olub, 1972-ci ildə adı çəkilən texnikumu bitirib. Elə həmin il də hərbi xidmətə çağırılıb. 1974-cü ildə hərbi xidmətini başa vurduqdan sonra Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olub, 1978-ci ildə həmin texnikumu bitirib. Musiqiyə, sənətə olan dərin məhəbbəti onu daha mükəmməl musiqi istedadına yiyələnməyə sövq etdiyindən Səfa Qəhrəmanov, 1984-cü ildə İncəsənət Universitetinə daxil olub və 1989-cu ildə oranı bitirib. 1990-cı ildən İncəsənət Universitetinə əvvəlcə müəllim, sonra isə baş müəllim təyin olunub. Müəllimlik fəaliyyəti ərzində onlarca, bəlkə də yüzlərcə  istedadlı Azərbaycan gəncinin musiqi mədəniyyətinə yiyələnməsində, düzgün istiqamətlənməsində əməyi olub.  

            Fərəhləndirici haldır ki, o, az bir vaxt ərzində sənətdə öz sözünü deyə bilib. Səfa Qəhrəmanov 1991-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrına  solist qəbul olunub. Operanın səhnəsndə əksər tamaşalarda rollar yaradıb. Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasında Məcnun, Məcnunun atası İbn Səlam, Müslüm Maqomayevin “Şah İsmayıl” əsərində Şah İsmayıl, Vaqif Mustafayevin “Vaqif” əsərində xanəndə, Vasif Adıgözəlovun “Natəvan” operasında xanəndə obrazlarını yaradıb. O, muğamlarımızdan “Mirzə Hüseyn”, “Çahargah”, “Heyratı” və neçə-neçə xalq və bəstəkar mahnılarının təkrarsız ifaçısı idi.

            Yuxarıda qeyd etdiyimiz kimi, Səfa Qəhrəmanov ən şərəfli peşələrdən olan müəllimlik fəaliyyəti ilə də məşğul olub. Bakıda Adil iSgəndərov adına sarayda, sonra Qurban Abbasov adına sarayda muğam sinfindən dərs deyib. O, 2000-ci ildə Respublikanın “Əməkdar Artist”i, 2006-cı ildə isə Respublikanın “Xalq Artist”i adına layiq görülüb.

            Səfa Hüseyn oğlu Qəhrəmanov dünyanın bir çox ölkələrində qastrol səfərlərində olub. Türkiyə, İran, İraq, Rusiya, Ukrayna, Fransa, Amerika, Gürcüstan və s. ölkələrdə Azərbaycan musiqisini təbiğ edib.

            O, tanrını sevdiyi və seçdiyi bəndələrindən idi. Qəlbi ilahi məhəbbət və şəfqətlə dolu olan bu insan 1996-cı ildə İranda Məşhəd, İraqda Kərbəla şəhərini ziyarət edərək mübarək məşədi və kərbəlayi adını alıb. 2007-ci ildə isə Tanrının lütfü ilə ona Həcc ziyarətinə getmək müyəssər olub. Hacı adını alraq hər bir müsəlmanın arzusunda olduğuali məqama çatıb. Hər yolun bir sonu var deyiblər. Səfa müəllimin keçdiyi şərəfli ömür yolu 6 may 2008-ci ildə son mənzilinə yetişdi.

            Səfa Qəhrəmanov sadə, səmimi, mehriban vəvətənpərvər insan idi. Çox vaxt onun söhbətlərinin əsasını talan olmuş  yurd-yuva həsrəti, bütöv bir məmləkətin Qarabağ adlı yarası, əsir düşmüş qız-gəlinlərin acı fəryadı, toyu tutulu qalan, muradına yetməyən ər oğulların nakam taleyinə üsyan, namərd düşmənlərimizə qarşı barışmazlıq mövqeyi təşkil edirdi.

            Səfa Qəhrəmanovu tanıyanlar onun haqqında qəhərsiz, təəssüflənmədən danışmaya bilmir. Əslində, Səfa müəllim haqqında keçmiş zamanda danışmaq o qədər də asan deyil. Çünki o, hələ çox zirvələr aşacaqdı. Qəlbi vətənin oduna-alovuna qızınan bu sənətkar əsir torpaqlarımızın azad ediləcəyi möhtəşəm günün arzusu ilə yaşayırdı. O, Qoca Qafqazın Konservatoriyası-deyə vəsf edilən Şuşanın hər bir dağında, daşında, ərənlər oylağı Cıdır düzündə səsini Xanın, Bülbülün yanıqlı səsinə qatacaqdı. Heyf! Təəssüf!

            Bəlkə də onu şəxsən tanımasaydım haqqında bəhs etdiyim bu kiçicik  məqaləni yazana qədər min bir əzab, əziyyət hissi duymazdım. Ancaq yenə də olsun, bu əvəzsiz insan barəsində yazacağım beş-üç kəlmə ən azı narahat qəlbimi sakitləşdirəcəksə, çəkilən sinə ağrısına dəyər məncə.

            Bir insan getdi bu dünyadan. Dünya həyatından qazancı yaxşılıq, axirət yükü şəfqət, mərhəmət və ilahi məhəbbət oldu. Əbədiyyəti sağlığında qazanımışdı, əbədiyyət yolunun daimi və mübarək yolçusu oldu. Amansız, vaxtsız əcəl onu sevənlərinin arasından tez aparsa da, o, həmişə bizimlədir: ruhən, mənən… Onun cismani yoxluğu mənəvi varlığını bizdən qopara bilməz.

            Nədənsə xalq üçün, bəşəriyyət üçün yaralı insanlar ölümün sərt pəncəsi ilə qarşılaşarkən istər-istəməz həyatın bu acımasız qanununa qarşı üsyan edirik. Bir nida qopur qəlbimizdən. Ölümün amansızlığına, zamansızlığına üsyan kimi xalq şairimiz Səməd Vurğunun məhşur deyimi gəlir dilimizə. Sonda bu şeir parçasını sırf ölümün acığına Səfa Qəhrəmanov üçün söyləmək istəyirəm.

         Ölüm sevinməsin qoy, ömrünü vermir bada,

El qədrini canından daha əziz bilənlər.

Şirin bir xatirə tək qalacaqdır dünyada

Sevərək yaşayanlar, sevilərək ölənlər.

Qərənfil Paşayeva,

AMİ-nin Ağcabədi filialının əməkdaşı

Şərhlər