Ağcabədidə “Səhiyyə işçiləri və QHT nümayəndələri üçün “Resurs Modullar üzrə” təlim sessiyaları keçirilib

“Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyi UNICEF-in Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda həssas vəziyyətdə olan uşaqlar üçün icma və ailə əsaslı inteqrasiyalı sosial yardımın inkişafı” proqramı çərçivəsində “Ağcabədidə erkən uşaqlıq dövrünün inkişafı üçün ev ziyarəti proqramının təşkili” pilot layihəsini həyata keçirir.

İctimai Birlikdən bildirilib ki, layihənin məqsədi ev ziyarəti xidmətlərini təkmilləşdirməklə ailənin rifahını yaxşılaşdırmaq və uşaqların ailədə yaşamasını təmin etməkdir. Layihənin yerli tərəfdaşları Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB-dir.

Ev ziyarəti xidmətlərinin gücləndirilməsi məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı və UNICEF tərəfindən hazırlanan Universal və Mütərəqqi Ev Ziyarətləri Modeli üzrə təlim paketinə əsasən Ağcabədi rayonunda 30 səhiyyə işçisi və qeyri-hökumət təşkilatları nümayəndələrinə təlimlər keçirilib. Təlim sessiyaları erkən uşaqlıq dövrü inkişaf sahəsində uzun müddət təcrübəyə malik təlimçi həkim və sosial işçilər tərəfindən təqdim edilib.

Təlimin ilk günündə BMT-nin Uşaq Fondunun nümayəndəsi Töhfə Cəmilova ev ziyarətçilərinin (patronaj tibb bacılarının) yeni rolu və əhəmiyyəti, eləcə də COVID-19 pandemiyası dövründə ev ziyarətlərinin təşkili və onun riskləri barədə iştirakçılarla vacib məlumatları paylaşıb. Təlim zamanı iştirakçılara ana südünün əhəmiyyəti, əlavə qidadan istifadə qaydaları, həmçinin erkən uşaqlıq dövrünün uşağın gələcək həyatında rolu, ataların uşaq inkişafı prosesində iştirakının əhəmiyyəti, uşağın inkişafı üçün vacib, həmçinin onun inkişafına mənfi təsir göstərə biləcək amillər və fərqli inkişaf edən uşaqlara aid mövzular təqdim olunub.

Təlimlərin sonuncu günü UNICEF-in əməkdaşı Yelena İsrafilova tərəfindən iştirakçılara ev ziyarətləri zamanı sənədləşdirmə ilə bağlı təqdimat edilib.

Aprelin 12-dən təlim keçmiş patronaj tibb bacıları sahələr üzrə yaşayan hamilə qadınları və 0-3 yaşında uşaqların ailələrini ziyarətə başlayıb.

Mənbə : Aztibb.az

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər