Gözəllik və sevgi poeziyası

Bu il Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustası Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur. Böyük sənətkar çoxəsirlik aşıq sənəti ənənələrini yüksək bədii-estetik meyarlarla davam etdirərək, xalq ruhunda olan əsərləri ilə Azərbaycan mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Sənətkarın doğma elə, obaya, təbiətə məhəbbət, vətənpərvərlik hissi aşılayan, ana dilimizin saflığını, məna imkanlarını özündə birləşdirən zəngin yaradıcılığı ədəbiyyatımızın parlaq səhifələrindən hesab olunur.

            Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət böyük bir məktəb formalaşdırmış və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir. Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi Aşıq Ələsgər sənətinə böyük ehtiramın təzahürüdür.

            Böyük sənətkarın zəngin poetik irsinin geniş tədqiq olunması, öyrənilməsinə və təbliğinə dövlətimiz tərəfindən həmişə qədirbilənliklə yanaşılıb. Prezident İlham Əliyevin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı bu baxımdan önəmli əhəmiyyət kəsb edir. Sözügedən Sərəncama əsasən respublika, mədəniyyət və təhsil nazirlikləri, Milli Elmlər Akademiyası və Aşıqlar Birliyinin təklifləri nəzərə alınmaqla ustad sənətkarın 200 illik yubileyinə həsr olunmuş tədbirlər planı işlənilib, hazırlanmışdır. Tədbirlər planına uyğun olaraq ölkəmizin hər yerində Aşıq Ələsgərin həyat və yaradıcılığına həsr olunmuş müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Görkəmli söz ustasının 200 illik yubileyinin qeyd olunması ilə bağlı rayonun təhsil, mədəniyyət və digər müəssisələrində hazırlıq işləri görülür.

Yəhya PAŞAZADƏ

Şərhlər