Heyvanların vaksinasiyası tədbirləri davam etdirilir

Sahibsiz itlər üçün də vaksinasiya işləri görülüb

Ağcabədi rayon Baytarlıq İdarəsi rayonda qaramal, xırdabuynuzlu, təkdırnaqlı və digər ev heyvanlarında xəstəliklərə qarşı mübarizə tədbirlərini, profilaktik işləri həyata keçirir.

Sözügedən idarənin rəisi Nazir Cəfərovun “Aran”a verdiyi məlumata görə cari il üçün hazırlanmış tədbirlər planına uyğun olaraq, kollektivin mütəxəssisləri tərəfindən heyvandarlıqla məşğul olan fermer təsərrüfatlarında, şəxsi təsərrüfatlarda saxlanılan ev heyvanlarında xəstəliklərlə əlaqədar müvafiq vaksinasiya aparılır. İdarə tərəfindən qış və yaz mövsümü ərzində 62 min 498 baş iribuynuzlu, 5 min 864 baş xırdabuynuzlu, 989 təkdırnaqlı heyvanda qarayara, 5061 baş  iribuynuzlu heyvanda vərəm, 54 min 261 baş iribuynuzlu heyvanda isə dabaq xəstəliklərinə qarşı vaksinasiya tədbirləri həyata keçrilib. Bundan başqa 3020 baş itdə quduzluq xəstəliyinə qarşı müvafiq vaksinasiya aparılıb. Bu yaxınlarda sahibsiz itlər və vəhşi heyvanlar üçün yedizdirmə yolu ilə vaksinasiya işləri görülüb. Yemləmə vasitəsi ilə aparılan vaksinasiya 3 gün sonra yoxlanılır.

 Bundan əlavə, çiçək və sarılıq xəstəliklərinə qarşı mübarizə aparmaq üçün vaksinlər gətirilməsi nəzərdə tutulub. İdarə rəhbəri qeyd edir ki, rayonun kəndlərində vaksinasiya tədbirləri davam  etdirilir. 

            Nazir Cəfərov söhbət zamanı bildirdi ki, hazırda rayonda 81 min başdan çox iribuynuzlu, 182 min baş xırdabuynuzlu, 1100  təkdırnaqlı heyvan mövcuddur. Onların xeyli hissəsində baytarlıq idarəsinin mütəxəssisləri tərəfindən  lazımi peyvəndləmə  və müalicə işləri təşkil edilir. Təəssüflər olsun ki,  ayrı-ayrı şəhər, qəsəbə, kənd sakinləri peyvəndlənmə və müalicə işlərinə laqeyd yanaşırlar. Onlar bununla əlaqədar vaxtında baytarlıq idarəsinə müraciət etmirlər. Bu müraciətlər lazimi dövrdə idarəyə ünvanlanmalı və heyvanlar üçün yaranmış xəstəlik təhlükəsi aradan qaldırılmalıdır.

Şərhlər